Xalq artisti Fatma Mahmudova
mükafatlandırılıb
Azərbaycan Dövlət Musiqili Teatrının aktrisası, Xalq artisti Fatma Mahmudova 2014-cü ilin 30 dekabr tarixində 60 yaşının tamam olması münasibətilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mükafatlandırılıb.
Fatma Yaqub qızı Mahmudova 1968-ci ildə Ağdam Dövlət Dram Teatrında yaradıcılıq fəaliyyətinə başlayıb. Burada Sona xanım («Dağılan tifaq», Ə.Haqverdiyev), Məryəm («Fərhad və Şirin», S.Vurğun), Sara («Solğun çiçəklər», C.Cabbarlı), Həcər («Qaçaq Nəbi», S.Rüstəm), Təhminə («Təhminə və Zaur», Anar) və s. rollarda çıxış edib.
Ağdam rayonunun işğalı ilə bağlı Bakıya köçən aktrisa 1994-cü ildən Azərbaycan Dövlət Musiqili Teatrında çalışır. Bu teatrın səhnəsində Bağdagül («On min dollarlıq keyf», E.Sabitoğlu, C.Məmmədov), Xurma («Hərənin öz ulduzu», S.Ələsgərov, İ.Məlikzadə), Gülbikə («Bankir adaxlı», E.Sabitoğlu, T.Vəliyeva), Adilə Dudu («Birgünlük siğə», S.Fərəcov, R.N.Güntəkin), Atbalaxanım («Adamın adamı», Anar, V.Adıgözəlov), Əsmər («Məsmə xala dayımdır», R.Mustafayev, C.Məmmədov), Məryəm («Şeytanın yubileyi», A.Babayev, O.Rəcəbov) və s. maraqlı obrazlar yaradıb.
Sənətdə qazandığı uğurlara görə Fatma
Mahmudova 1989-cu ildə respublikanın
"Əməkdar artist"i, 2000-ci ildə isə "Xalq
artisti" fəxri adlarına layiq görülüb. Prezident təqaüdçüsüdür. Mədəniyyət
və Turizm Nazirliyinin
kollektivi ömrünün
46 ilini sənətə həsr etmiş Fatma Mahmudovanı
təbrik edir və ona
yaradıcılıq fəaliyyətində yeni
uğurlar arzulayır.
Mədəniyyət.- 2015.- 4
fevral.- S. 6.