Səsi Cıdır düzündən, Şuşa qalasından eşidilsin

 

Polad Bülbüloğlu - 70

 

Onun ən böyük arzusu da elə budur

 

...Quş qanadlı illərin sürəti adamı birdən elə çaşdırır ki, hər şeyin sanki bir göz qırpımında uçduğunun dərkindəki məna və mətləblərin müqayisəsini araşdıra-araşdıra qalırsan. Ondan ilk dəfə müsahibə alanda heç 40 yaşını da tamamlamamışdı. O günün sevinc və fərəhini indiyə qədər unutmamışam.

 

Universiteti təzəcə bitirmiş bir jurnalistin məşhur bir sənətkardan yazması, daha doğrusu, onunla söhbət etməsi, fikir mübadiləsi aparması o dövr üçün möcüzə idi. Qəhrəmanım onda Moskvada yaşayırdı. Bakıya konsert verməyə gəlmişdi. Sonralar vətəninə döndü, müxtəlif vəzifələrdə çalışdı... Dəfələrlə müsahibə aldım, yubiley məclislərində iştirak etdim, bir nümayəndə heyətinin tərkibində müxtəlif xarici ölkələrdə səfərdə olduq. Sadə, mehriban, hər kəslə dil tapa bilən, əsl ziyalı və mədəni bir insan... Duyuram ki, bu sözlər də onun bir sıra daxili məziyyətlərini açmaqda acizdir. Elə alicənab, həssas, mərd və etibarlıdır ki, millətimin belə bir oğlunu yaxından tanıdığım üçün, sözün əsl mənasında, qürur hissi keçirirəm.

İllər öncə radioteleviziya dalğalarında "Gəl, ey səhər" adlı coşqun mahnısı ilə eşidənin ruhunu oxşayan, hər kəsi işıqlı sabahlara çağıran, qəlblərdə gələcəyə böyük ümid yaradan səsinin ahəngindən doymazdıq. Dünyada bir-birinə bənzəyən və bənzəməyən gözəl, məlahətli, yanıqlı, həzin səslər çoxdur. Hər ifaçının da öz oxu tərzi, mahnı yaratmaq istedadı var. Amma, gəlin, etiraf edək ki, Polad Bülbüloğlunun səsi bütün eşitdiyimiz avazlardan fərqlidir. Haradasa cingiltili şəlalələri, su pıçıltısını, yarpaq xışıltısını xatırladır. Onun həyat dolu musiqisi insanın ömrünə yeni nəfəs bağışlayır. Sanki bu nəğmələrin qanadından yapışıb nurlu bir aləmə pərvazlanmaq istəyirsən. Polad Bülbüloğlu bizim gəncliyimizin müğənnisi olub.

O, milli ifaçılıq mədəniyyətimizə yeniliklər gətirmiş dahi sənətkarımız Bülbülün oğlu, öz yaradıcılıq dəst-xətti ilə XX əsr Azərbaycan musiqisinin qüdrətli siması sayılan böyük bəstəkar Qara Qarayevin tələbəsi və onun sənət məktəbini qüruruğurla təmsil edən yaradıcı bir şəxsiyyətdir. Polad Bülbüloğlunu təkcə doğma vətənində deyil, dünyanın bir çox ölkəsində yaxşı tanıyırlar. Rusiya, Türkiyə, Gürcüstan, Moldova kimi ölkələrin dövlət təltiflərinə və fəxri adlarına layiq görülən Polad Bülbüloğlu respublikamızın Əməkdar incəsənət xadimi titulunu alanda 28 yaşı var idi. 37 yaşında isə Azərbaycanın Xalq artisti adına layiq görülmüşdü. 17 il Azərbaycanın mədəniyyət naziri olan Polad Bülbüloğlu türk dünyasının mədəniyyət mərkəzi sayılan beynəlxalq TÜRKSOY təşkilatının ilk baş katibi kimi şərəfli missiyanı yerinə yetirmişdir. Bu məsul vəzifədə o, 12 il fasiləsiz çalışmışdır. Onun bu sahədəki xidmətləri qədirbilən mədəniyyət işçiləri tərəfindən həmişə dəyərləndirilir və xatırlanır.

Yer kürəsinin 70-dən artıq ölkəsində konsertlər vermiş Polad Bülbüloğlu həmişə pərəstişkarlarının alqış və çiçək selinə bürünüb. O, təkcə konsert salonlarında deyil, bəzən də minlərlə tamaşaçı tutan möhtəşəm stadionlarda, açıq hava səhnələrində, hətta dənizlərdə - gəmi-klublarda belə insanlara musiqi ilə dolu duyğulu anlar bəxş edən bir sənətkardır. O, ömrü boyu nəğməkar Bülbülün oğlu olduğunu, çiyinlərində mənəvi varislik möhürünün məsuliyyətini unutmayıb. Bu səbəbdən də təqdim etdiyi nəğmələrdə vətən məhəbbəti, onun gözəllikləri, sabaha ümid notları həmişə böyük coşqunluqla, ovsunluqla dil açaraq tamaşaçını özünə cəlb edib.

Polad Bülbüloğlunun anadan olmasının 50 illik, 60 illik yubileylərini təkcə Azərbaycandakı pərəstişkarları deyil, dünyanın çox ölkəsində yaşayan dostları, sevənləri təmtəraqla qeyd etdilər. 50-dən artıq filmə və onlarla teatr tamaşasına coşqun melodiyalar yazan, öz musiqisi ilə qəlbləri fəth edən Polad Bülbüloğlunun yaradıcılığında müxtəlif zirvələr var. O həm gözəl mahnılar müəllifi, həm də ifaçı kimi sevilməkdədir. Təbii ki, onun musiqi həyatı verdiyi nəğmələri özü kimi təsiredici, yaddaqalan, xoş ovqat yaradan ahəngdə heç kim ifa edə bilmir. Polad Bülbüloğlu mahnılarına məhz öz möhürünü vurmuş sənətkardır. Musiqi eşidilən kimi dərhal anlaşılır ki, bu, ona məxsus əsərdir. Mütəxəssislər həmişə təsdiqləyirlər ki, Polad Bülbüloğlunun musiqisində və ifasında elə bir məqam, hal mövcuddur ki, onu başqa əsərlərdə, ifalarda eşitmək mümkün deyil. Polad Bülbüloğlu həm orijinal bəstəkar, həm də özünəməxsus səs tembrinə malik ifaçıdır. Onun yaradıcılığında musiqinin başqa janrları - ciddi simfonik əsərlər, instrumental, lirik melodiyalar da var. İllər öncə Azərbaycan Dövlət OperaBalet Teatrında Polad Bülbüloğlunun "Ölümlə rəqs edən məhəbbət" adlı baletinə tamaşa etdik. Şərq əfsanəsi əsasında yazılmış səhnə əsərinin qədəmləri çox uğurlu oldu. Sonralar Rusiyanın neçə şəhərindən bu baletin xoş sədası gəldi. Polad Bülbüloğlu böyük ustalıq və məharətlə özündən əvvəl bu janrda əsərlər yazmış bəstəkarların yaradıcılıq yolunu uğurla davam etdirdi. Bəzən özü etiraf edir ki, dövlət işi ilə məşğul olmaq, müxtəlif layihələrin hazırlanmasında iştirak etmək onu royaldan ayrı salıb. Amma illərin statistik məlumatları təsdiqləyir ki, Polad Bülbüloğlu məhsuldar bəstəkar olduğundan o bu boşluqları çox asanlıqla doldurmağı bacardı. Şöhrəti ölkələr dolaşan və rəğbətlə qarşılanan "Ölümlə rəqs edən məhəbbət" baleti bir ömrün əbədilik zirvəsinə çevrilən çox nəhəng və möhtəşəm əsərdir. Bəzən yaradıcı insanlar bir bayatısı, bir mahnısı, bir şeiri, bir rəsm əsəri ilə mədəniyyət tarixinin pozulmayan, unudulmayan naxışına çevrilirlər. Polad Bülbüloğlu yaradıcılığı isə o qədər zəngin və hərtərəflidir ki, onu bəzən təqdim etməkdə çətinlik çəkirsən. Musiqi tərtibatı verdiyi filmlərin, teatr tamaşalarının adlarını yazsaq uzun bir siyahı yaranar. Mahnılarının isə sayı-hesabı yoxdur.

Onun həyatında bir məqam da var ki, həmişə kövrəkliklə xatırlayır. 1957-ci ilin bir sərt qışında böyük Bülbülün şərəfinə təşkil edilən konsertdə atasına həsr etdiyi "Evləri var xana-xana" xalq mahnısını ilk dəfə səhnədə ifa etdi. Onda Poladın 12 yaşı var idi. Onun bu debütü həm atası, həm də tamaşaçılar tərəfindən riqqətlə qarşılandı. O gecənin Poladın varlığında əks etdirdiyi xoş hisslər ömrü boyu onun həyat və yaradıcılıq yolunu müşayiət etdi və bəlkə də istiqamətləndirdi.

"İstiqlal" ordenli Polad Bülbüloğlu hazırda Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiridir. Onun bu sahədəki fəaliyyəti də diqqət çəkir. Müqəddəs Knyaz Nevski mükafatını alan soydaşımız bu təltifə Rusiyanın Regionlararası İctimai Fondu tərəfindən layiq görülüb. Polad Bülbüloğlu Rusiya və Azərbaycan xalqları arasında sülhün, anlaşmanın qorunmasında, dostluq tellərinin möhkəmlənməsində xidmətlərinə görə dəyərləndirilib.

2009-cu ildə Azərbaycan tamaşaçıları Polad Bülbüloğlunun musiqi ilə bağlı maraqlı bir layihəsinin də şahidi oldular. Məlumdur ki, böyük Bülbülün yaradıcılığında bir sıra el nəğmələri və xalq mahnıları var ki, onları bu unudulmaz ifaçımız qədər heç kim məlahətlə oxuya bilməyib. Nə Bülbüldən əvvəl, nə də ondan sonra. Məhz Polad Bülbüloğlu Azərbaycanın tanınmış musiqi xadimi Siyavuş Kəriminin müşayiəti ilə Bülbülün nəfəsindən qopan o unudulmaz xalq mahnılarını ifa edərək diskə yazdırdı. Bülbül fondunda həmin CD-nin təqdimat mərasimi keçirildi. "Oxuyardı Bülbül... oxuyur Polad Bülbüloğlu" adlı həmin albomdan səslənən mahnılar bütün tamaşaçıları valeh etdi. Maraqlıdır ki, Polad Bülbüloğlu həmin nəğmələri canlı ifa edərək öz məharətini bir daha nümayiş etdirdi. Sonralar bu CD-nin həm Rusiyada, həm də Türkiyədə təqdimetmə mərasimləri uğurla keçirildi. Bütün bunlar Poladın bir ifaçı kimi öz üzərində necə iradə və həvəslə çalışdığından xəbər verir. Gənclik illərində oxuduğu "Dolalay", "Çiçək tapa bilmədim", "Ayrılıq", "Gəl, ey səhər", "Azərbaycan", "Dişlərin incidəndir", "Bayatılar" və digər nəğmələri ilə xalq məhəbbəti qazanmış Polad Bülbüloğlu ömrünün müdrik çağında xalq mahnılarımızı özünəməxsusluqla ifa edərək qəribə bir harmoniya yaratdı. Sanki biz dinləyicilər də elə bu nəğmələrin içində bir ömür yaşamışıq. Coşqunluqdan, qaynarlıqdan müdrikliyə, həzinliyə, nəticəyə doğru bir yol keçdik. Budur, Polad Bülbüloğlu musiqisinin bizim könüllərimizdə yaratdığı əks-səda! Bizim nəslin musiqi zövqünün formalaşmasında, sənətə marağımızın artmasında müxtəlif mədəniyyət xadimlərinin, ifaçıların, bəstəkarların böyük təsiri var. Şübhəsiz ki, onlardan biriPolad Bülbüloğludur!

Deyirlər ki, insanın ömrünü mənalandıran, onun yaradıcılığını rövnəqləndirən əsas məziyyət ananın, vətənin, təbiətin - bu kimi müqəddəs anlayışların varlığına tapınmaqdır. Polad Bülbüloğlu yaradıcılığında bu müqəddəs incilərin yeri çox böyükdür. Təkcə nəğmələrində, musiqi əsərlərində deyil, bir vətəndaş olaraq fəaliyyətində də vətən ünvanı Polad Bülbüloğlu üçün bütün varidatlardan yuxarıda dayanır. Onun işğaldan sonra iki dəfə Şuşaya getdiyinin şahidi olduq. Doğrudur, cəmiyyətdə bu məsələyə münasibət birmənalı olmadı. Amma vətənini, torpağını itirənlər üçün bu səfərin nə demək olduğu anlaşılır. Hansı yolla olursa-olsun, hansı məqsəd naminə planlaşdırılırsa, fərq etməz. Polad Bülbüloğlu ata yurduna qədəm basdı və operator da o "səyahət"i tamaşaçılara göstərə bildi. Musiqi mədəniyyətimizin beşiyi olan Şuşanın dağıdılmış, talan edilmiş, sındırılmış bugünü bizim ürəyimizi ağrıtdı. Bir vaxt müsahibə zamanı Polad Bülbüloğlu ürəyindən keçənləri belə dilə gətirdi: "Yaradıcı insan kimi arzularıma çatmışam. Həyatımdan da narazı deyiləm. Ailəmdə atamın adını daşıyan Murtuza böyüyür. Dövlətimiz, xalqımız əməyimi həmişə yüksək qiymətləndirib. Bir mədəniyyət xadiminə çatacaq bütün mükafatları almışam. İndisiyasi fəaliyyətimlə dövlətimizə xidmət edirəm. Dünyada bir arzum var - atamın vətəninə, doğma Şuşaya əbədi dönə biləydim! Yaşımın bu çağında da döyüşə getməyə hazıram!". Müqəddəs istəkdən su içən bu niyyəti bəzən səriştəsizlər müharibəyə təhrik kimi qiymətləndirirlər. Vətən uğrunda ölümə hamı hazır olmalıdır. Bu, müharibəyə çağırış deyil. Bu, vətənə qayıdışın harayıdır!

İndi sevimli bəstəkarımızın, görkəmli dövlət xadiminin 70 yaşı tamam olur. Bir nəğməsində səhəri arzulayıb bütün soydaşlarına, onu sevənlərə, pərəstişkarlarına aydın sabahlar, işıqlı günlər diləyən Polad Bülbüloğluna bu mübarək gündə bizöz arzumuzu bildiririk. Qoy onun coşqun səsi Cıdır düzündən, Şuşa qalasından eşidilsin! Qoy onun "Gəl, ey səhər" mahnısının nidası Əsgərandan qanadlansın, Laçında, Qubadlıda, Qarakilsədə əks-səda versin!

 

Flora Xəlilzadə,

Əməkdar jurnalist

 

Mədəniyyət.- 2015.- 4 fevral.- S. 5.