“Eşq
və Ölüm” - ölməz məhəbbətin
tərənnümü
Polad Bülbüloğlunun məşhur baleti müəllifin yubileyi münasibətilə yeni quruluşda təqdim olundu
Fevralın 4-də
görkəmli ictimai xadim,
müğənni, bəstəkar, Xalq artisti, professor Polad Bülbüloğlunun
70 yaşı tamam olur.
Yubiley münasibətilə fevralın 3-də
Azərbaycan Dövlət Akademik Opera və Balet
Teatrında bəstəkarın “Eşq və
Ölüm” baletinin yeni quruluşda
premyerası keçirilib.
Premyerada dövlət və hökumət rəsmiləri, mədəniyyət və incəsənət xadimləri, həmçinin müəllifin yubiley tədbirinə qatılmaq üçün paytaxtımıza gələn xarici qonaqlar iştirak ediblər.
Dövlət sifarişi ilə hazırlanan yeni tamaşaya Rusiyanın Əməkdar incəsənət xadimi, baletmeyster Nadejda Malıgina quruluş verib. Səhnə tərtibatçısı tanınmış rusiyalı rəssam Dmitri Çerbadjidir. Tamaşanı Azərbaycanın Xalq artisti, professor Cavanşir Cəfərov idarə edib.
Librettosu “Kitabi-Dədə Qorqud” dastanının motivləri əsasında qələmə alınan balet ölməz məhəbbəti, qəhrəmanların igidliyi qarşısında ölümün acizliyini tərənnüm edir. Azər və Baycan bir-birini sevirlər, amma Yalıncıq da qıza biganə deyil. İki gənc qızın sevgisi uğrunda döyüşürlər. Baycan Azəri seçir. Çünki Azər və Baycan birlikdə Azərbaycan olur. Amma onların səadəti çox sürmür. Ölkəyə yağılar saldırır və nakam sevgi Yalıncığı xəyanətə sürükləyir. Azər və Baycan əsir düşürlər və ən sonda ölürlər. Baletin ən yaddaqalan surətlərindən biri də qara geyimli və ağsifətli Ölümdür.
Səhnə əsəri həyat və ölüm, məhəbbət və nifrət, dostluq və xəyanət kimi əbədi mövzulara toxunur. Baş rolları xalq artistləri Kamilla Hüseynova (Baycan) və Gülağası Mirzəyev (Azər) ifa edirlər.
Qeyd edək ki, “Eşq və Ölüm” baleti ilk dəfə Bakıda 2005-ci ildə Avropa Balet Akademiyasının professoru Vakil Usmanovun quruluşunda səhnəyə qoyulub.
Bakıda uğurlu premyeradan sonra əsər Azərbaycan balet ustalarının ifasında Sankt-Peterburqda Mariinski adına Akademik Teatrın və Moskvada Böyük Teatrın səhnəsində nümayiş olunub. Balet Yekaterinburq Dövlət Opera və Balet Teatrında, Rusiya Akademik Böyük Teatrında və Türkiyənin paytaxtı Ankarada da təqdim edilib. Yeni quruluşda təqdim edilən balet alqışlarla qarşılanıb.
* * *
Fevralın 4-də Heydər Əliyev
Sarayında Polad Bülbüloğlunun
70 illiyinə həsr olunmuş təntənəli
yubiley gecəsi keçiriləcək. Gecədə çoxsaylı qonaqlar
- SSRİ xalq artistləri İosif
Kobzon, Nani Breqvadze, Jurabek Murodov, Rusiyanın xalq
artistləri Lev Leşenko,
Larisa Dolina, Zaur Tutov, Nikolay
Baskov, Lüdmila Rümina, Yuri Antonov, Rusiyanın və Gürcüstanın Xalq artisti Tamara
Qverdsiteli, Özbəkistanın Xalq artisti Fərrux Zakirov, Gürcüstanın Xalq
artisti Vaxtanq Kikabidze,
tanınmış müğənnilər Alsu,
Dmitri Malikov, görkəmli
mədəniyyət və ictimai xadimlər
Mixail Şvıdkoy, Yuli
Qusman, Mixail Qusman, Zurab Sereteli,
Tahir Salahov, Andrey Dementyev, Düsen Kaseinov, dövlət
və hökumət nümayəndələri iştirak
edəcəklər.
Mədəniyyət.- 2015.- 4
fevral.- S. 2.