Kitabxanaların yeni funksiyaları

 

İnternetqlobal KİV-lər kütləvi şüur üzərində böyük manipulyasiyalar aparır, kitab oxumaq yolu ilə keyfiyyətli, mötəbər, yoxlanılmış informasiyanın mənimsənilməsi isə azalır

 

Biz elə bir vaxtda yaşayırıq ki, dövr edən informasiyanın həcmi sürətlə artır, informasiya axınları isə mürəkkəbləşir. Keçən il təkcə mətn şəklində yaradılmış informasiyanın həcmi bəşəriyyətin tarixi boyu yaradılmış bütün kitablardakı informasiyanın həcmindən çox olub. Bu gün informasiya dövlət sərhədlərini asanlıqla keçir. Hazırda əlçatan informasiya resurslarının yaradılması təkcə müəlliflərin (mütəxəssislərin) və təşkilatların (nəşriyyatlar, teleradio şirkətləri, KİV-lər) məhdud dairəsinin müstəsna hüququ deyil. İndi bu proseslərdə hər kəs iştirak edə bilər.

 

İnformasiya-kommunikasiya texnologiyaları (İKT) insanların özünü ifadə etməsi və kommunikasiyanın inkişafı üçün fantastik imkanlar yaradır. Xüsusilə rəqəmsal, virtual, istər mətn, istərsə də audiovizual tipli kontent getdikcə çoxalır. Ancaq “kağız dövründən”, analoq informasiya daşıyıcıları dövründən fərqli olaraq, bu gün həmin kontenti yaradanlar yalnız ən savadlı, ən səriştəli və öz məsuliyyətini dərk edən insanlar deyil. Əvvəlki dövrdə informasiya ictimai məkana çıxmazdan əvvəl naşirlər, informasiya sahəsindəki mütəxəssislər - nəşriyyat redaktorları, korrektorlar, rəyçilər tərəfindən, necə deyərlər, ələkdən keçirilir, nəhayət, senzura tərəfindən diqqətlə yoxlanırdı.

İnformasiya texnologiyalarının inkişafı ona gətirib çıxarır ki, informasiya mühiti, ilk növbədə internet yalnız faydalı məlumatlarla deyil, həm də (və daha çox!) - mənasız, faydasız, yanlış və zərərli məlumatlarla doldurulur. Bu zərərli məlumatların təhlükəli təsirindən yaxa qurtarmaq bəzən çox çətin olur.

Bəs bu dəyişikliklər kitabxanaların funksiyalarında necə əks olunmalıdır? İnformasiyanın həcminin artması və xaotikləşməsi şəraitində kitabxanaların fəaliyyət sahəsi genişlənməli və mürəkkəbləşməlidir.

Əvvəllər kitabxanalar ümumi məkanda yaranan bütün informasiyanı, ən azı, çap olunmuş mətn şəklində informasiyanı toplayırdı və ən böyük kitabxanaların qarşısında duran vəzifə həmin informasiyanı əbədi saxlamaqdan ibarət idi.

İndi çox böyük həcmdə elektron informasiyanın, o cümlədən virtual informasiyanın yaranması ilə əlaqədar kitabxanalar bunu etmirlər. Onlar bütün elektron informasiyanı (o cümlədən internet resurslarını) toplamır və onu əbədi saxlamırlar.

Eyni zamanda, həm ənənəvi (analoq, o cümlədən kağız) daşıyıcılarda informasiyanın (xüsusən ona görə ki, bütün dünyada kağız nəşrlərin buraxılışı artmaqdadır), həm də elektron formada informasiyanın (hər şeydən əvvəl, internet resurslarının) toplanılması, emal edilməsi (kataloqlaşdırılması, nizamlanması), saxlanılması və insanlara çatdırılması məsələsi yenə bütün cəmiyyətin qarşısında mühüm məsələlərdən biri kimi dayanır (onu heç kim ləğv etməyib və heç vaxt ləğv etməyəcək).

Kitabxanalar həm özlərinin gündəlik fəaliyyəti prosesində, həm də onların fondlarının rəqəmsal formata çevrilməsi nəticəsində yaranan, özlərinə məxsus böyük həcmdə elektron informasiyanı toplayırlar. Bu informasiyanı da kataloqlaşdırmaq və əbədi saxlamaq lazımdır.

Beləliklə, virtual informasiyanın, hər şeydən əvvəl internet resurslarının toplanılması, emalı və saxlanılması, başqa sözlə desək, internetin arxivləşdirilməsi məsələsi kitabxanaların qarşısında duran çox mühüm məsələdir. Eyni vəzifə başqa yaddaş təsisatlarının - arxivlərin, muzeylərin, universitetlərin, elmi tədqiqat institutlarının, bütün səviyyələrdə hakimiyyət orqanlarının da qarşısında durur.

Kitabxanaların ümumi məkanda olan bütün elektron informasiyanı toplaması, nizamlaması və əbədi saxlaması mümkün deyil və əslində, buna ehtiyac da yoxdur.

Bu cəhətdən Azərbaycan kitabxanaları inkişaf etmişintensiv inkişaf etməkdə olan ölkələrin kitabxanalarından geri qalır.

Bizim bugünkü həyatımızı əks etdirən böyük həcmdə və çox qiymətli elektron resurslar - ictimai-siyasi, mədəni, tarixisair mövzulara aid bloqlar, saytlar, portallar kitabxanaların peşəkar fəaliyyət hüdudlarından kənardadır. Buna görə gələcəkdə lazım ola biləcək elektron informasiyanın qorunub saxlanılması texnoloji tərəqqinin və sosial dəyişikliklərin templərindən geri qalır.

İnsanların əksəriyyəti informasiyanın saxlanılması problemlərinin nə dərəcədə çətin, kəskin, dərin, geniş əhatəli, çoxaspektli və çoxsəviyyəli olduğunu, demək olar ki, təsəvvür etmir. Təəssüf ki, bunu informasiya təsisatları sistemində, hətta kitabxanalarda işləyən mütəxəssislərin böyük əksəriyyəti də təsəvvür etmir.

Media mühitində baş verən mühüm dəyişikliklər və informasiyanın həcminin artması insanlara əvvəlki ilə müqayisədə daha güclü təsir göstərir. Bugünkü uşaqların, xüsusilə yeniyetmələrin bəlkə də əsas tərbiyəçisi müəllim və hətta valideynlər də deyil, internetdir. Amma internet həmin uşaqların təfəkkürünü, yaradıcılıq təxəyyülünü inkişaf etdirməyi, onlarda əxlaqi, mənəvi keyfiyyətlər tərbiyə etməyi öz qarşısına məqsəd qoymur. İnternetqlobal KİV-lər kütləvi şüur üzərində çox böyük manipulyasiyalar aparır, kitab oxumaq yolu ilə keyfiyyətli, mötəbər, yoxlanılmış informasiyanın mənimsənilməsi isə azalır.

Bütün dünyada mütaliəyə, ciddi mətnləri savadlı mənimsəməyə maraq zəifləyir, belə mətnlərin qavranılma dərəcəsi getdikcə daha səthi olur. Nəticədə insanların ana dilini bilmək səviyyəsi aşağı düşür. Onlar mürəkkəbləşən və qloballaşan reallığın mənasını getdikcə daha pis anlayır və az-çox mürəkkəb fikirləri hətta öz ana dilində ifadə edə bilmirlər. Kitabxanalar mütaliəni dəstəkləmək, təbliğ etmək və inkişaf etdirməklə məşğul olmalıdırlar.

Bu gün dünyanı əsasən menecerlər, iqtisadçılar, maliyyəçilər, hüquqşünaslar idarə edir. Bəzən sırf iqtisadi yanaşmalar tətbiq edən bu insanlar ən ümumi fəlsəfi qanunauyğunluqları və inkişaf problemlərini tam həcmdə nəzərə almırlar. İqtisadi mənfəət onların nəzərində hər şeydən yüksəkdir. Məhz bu insanlar çox vaxt deyirlər: “Kitabxanalar nəyə lazımdır, axı bu gün internetdə hər şey var!”, “Kitabxanalar öz xərcini ödəmir, onlar ziyanla işləyir”.

Onlar hələ uzun müddət belə deyəcəklər, ta o vaxta qədər ki, hamı aydın başa düşsün: informasiyanı dəqiq seçməyi bacaran, onu məsuliyyətlə qoruyan insanlar lazımdır, informasiya naviqatorları, yəni kitabxanalar və kitabxanaçılar lazımdır. Bütün dünyada belə bir mürəkkəb dövrdə kitabxanaçılar müdriklik nümayiş etdirməli, ehtiyatla davranmalıdırlar. Bu şəraitdə bir qədər gözləmək və özünü saxlamaq lazımdır. Bunun üçün kitabxanalara yeni şüarlar, yeni gündəlik lazımdır. Əvvəlki iki onillikdə böyük rol oynamış və kitabxanaların yeni texnoloji platformalar üzərinə keçməsinə imkan vermişKitabxana informasiya mərkəzidir” şüarını sonsuz sayda təkrarlamağın, ona istinad etməyin səmərəsi olmayacaq. Kitabxanaların müdafiəsinə yönəlmiş əsas arqument kimi bu şüardan istifadə etmək keçən əsrin 90-cı illərində kitabxanaşünaslıq sahəsində həm Qərbdə, həm də bizdə yol verilmiş səhvlərin təkrarlanması demək olardı. Kitabxanaların indi bir qədər unudulmuş ənənəvi funksiyalarını bərpa etmək lazımdır.

XXI əsrin kitabxanası, çoxlarının əvvəl düşündüyündən fərqli olaraq, heç də təkcə informasiya mərkəzi deyil. Bugünkü kitabxana, hər şeydən əvvəl, maarifçilik mərkəzi, kitab və mütaliə mərkəzi, mədəni mərkəz, öyrədici mərkəzdir. Bu, internetdən fərqli olaraq, seçilmiş, keyfiyyətli, cəmiyyətin bütün üzvləri üçün əhəmiyyətli informasiyanın cəmləndiyi mərkəzdir. Bugünkü kitabxana elə bir mərkəzdir ki, orada yaxşı təhsil almış kitabxanaçılar insanların, insan birliklərinin və hakimiyyət orqanlarının mühüm şəxsi və ictimai problemlərinin həllinə kömək edirlər - bu gün ön plana çıxan vəzifə budur. Bugünkü kitabxana - ciddi məsələlər haqqında kommunikasiya məkanı, savadlı insanların görüş yeri, asudə vaxtın səmərəli keçirilməsi, ünsiyyət və müzakirələr üçün münasib yerdir. Bunun üçün kitabxanaçıların yeni nəslini hazırlamaq lazımdır.

Kitabxana informasiya mərkəzi və mədəni-maarif müəssisəsidir. “Mədəni-maarif müəssisəsi” söz birləşməsinin utanc doğurduğu vaxt keçmişdə qalıb. Bu, sovet dövrünün çox gözəl ixtirasıdır və onu yenidən fəxrlə istifadə etməyə başlamaq lazımdır.

Milli mütaliə planlarının işlənib hazırlanması yolu ilə həm rəqəmsal, həm də ənənəvi kitabxanaların yaradılmasını, dəstəklənməsini və inkişafını təmin etmək, mütaliənin və kitabların dəyərini təbliğ etmək, kitab nəşrini və kitab yayımını təşviq etmək çox vacibdir - UNESCO-nun Milli İnformasiya Siyasətinin Formalaşmasına dair Tövsiyələrində belə deyilmişdir.

Ənənəvi və elektron kitabxanaları bir-birinə qarşı qoymaq lazım deyil. Qoy kitabxanaların hər iki növü olsun. Sonra onların keyfiyyətini və onlara tələbatı müqayisə edərik. Hələ ki bütün dünyada və xüsusən bizdə elektron kitabxanalar sahəsində görülən real işlərdən çox bu haqda söhbətlər gedir. Mütaliənin dəyəri və kitabların dəyəri, milli mütaliə planları - belə söhbətlərin açar sözləri bunlardır. Bu gün ilk növbədə həmin açar sözlərdən istifadə etmək lazımdır. Kitabxanalar internetlə rəqabət aparmalı deyil. Müasir dünyada internetin öz rolu varbu gün həmin rol daha çox tənqidi analizə məruz qalır. Kitabxanaların rolu isə tamamilə təkraredilməz və unikaldır. “İnternetdə hər şey olduğu bir vaxtda kitabxanalaraehtiyac var?” demək, sadəcə, savadsızlıqdır.

Ənənəvi kitabxanalardan imtina edən ölkələr çox uduzacaqlar.

Ayrı-ayrı vətəndaşların, onların birliklərinin və bütöv millətlərin elektron informasiya mühitində salamat mövcud olması, bu mühitdə uğurla fəaliyyət göstərməsi, həyat fəaliyyətinin bütün sahələrində mövcud problemlərin səmərəli həllini tapması üçün onlar informasiyadan istifadə etmək imkanı ilə yanaşı, həm də informasiyanı axtarmaq, bir sıra ümumi, şəxsi və kontekstual meyarlar əsasında həmin informasiyanın mötəbərlik dərəcəsini müəyyən etmək, əlçatan vasitələrdən və formatlardan istifadə etməklə yeni informasiyayeni biliklər yaratmaq, habelə bu yeni informasiyanı və yeni bilikləri müxtəlif kanallar üzrə yaymaq imkanı verən bir sıra mühüm səlahiyyətlərə malik olmalıdırlar. Onlar informasiyanın kim tərəfindən və hansı məqsədlərlə yaradılmasını və yayılmasını anlamalı, KİV-lərin və informasiyanın başqa təchizatçılarının, o cümlədən kitabxanaların rolları, funksiyaları və məsuliyyəti haqqında təsəvvürə malik olmalıdırlar.

Bunun üçün əhalinin mediainformasiya sahəsində savadını, oxucu səriştəsini formalaşdırmağa yönəlmiş məqsədyönlü aparılmalıdır - əks halda insanlar sosial təsisatların (məsələn, hökumətlərin, başqa hakimiyyət orqanları və elə həmin kitabxanaların) açıq və əlçatan etməyə çalışdıqları informasiyanı əldə etmək və düzgün anlamaq, mənimsəmək, izah və tətbiq etmək imkanına malik ola bilməyəcəklər.

Bütün əhalinin, yəni həm məktəbli və tələbə gənclərin, həm də məktəbləri, texnikumları və institutları çoxdan bitirmiş, hazırda işləyən yaşlı insanların mediainformasiya savadının formalaşmasında iştirak etmək - kitabxanaların qarşısında duran yeni mühüm vəzifələrdən biribundan ibarətdir və bu məsələnin həllinə çox ciddi yanaşmaq lazımdır. Mediainformasiya savadının formalaşması isə mütaliəsiz, səriştəsi olmayan oxucu üçün qeyri-mümkündür. Buna görə də mütaliənin təbliği və inkişaf etdirilməsi kitabxanaların baza əhəmiyyətli vəzifəsidir.

 

Lətifə Məmmədova,

Mədəniyyət və Turizm Nazirliyi Kitab dövriyyəsi sektorunun müdiri

 

Mədəniyyət.- 2015.- 6 fevral.- S. 11.