Yunanıstan səfiri Azərbaycan Tərcümə Mərkəzində olub

 

Ədəbi əlaqələr və ölkəmizin Yunanıstanda kitab sərgilərində iştirakı müzakirə edilib

 

Fevralın 4-də Yunanıstanın ölkəmizdəki səfiri Dimitrios Tsounqas Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində olub. Mərkəzin direktoru Afaq Məsud qonağa qurumun fəaliyyət istiqamətləri, həyata keçirdiyi layihələr, eləcə də qədim yunan fəlsəfəsindən tərcümə və nəşr edilən əsərlər barədə məlumat verib.

 

Qeyd olunub ki, bu il yunan filosofu və ədibi SofoklunAntiqona” əsəri tərcümə edilib. Əsərin yaxın zamanlarda Akademik Milli Dram Teatrının səhnəsində tamaşaya qoyulması planlaşdırılır.

Dünya dillərinə tərcümə olunan ədəbiyyatların çox zaman həvəskar tərcüməçilər tərəfindən həyata keçirilməsi probleminə toxunan A.Məsud “Tərcümə Mərkəzinin kitabları” seriyasından nəşr edilən kitablardan, beynəlxalq kitab sərgilərində qazanılan uğurlardan da danışıb.

Azərbaycanda belə bir təşkilatın yaradılmasını yüksək qiymətləndirən səfir D.Tsounqas bildirib ki, dil və ədəbiyyat üzrə təhsil aldığından bu mərkəz ona doğmadır: “Sevinirəm ki, azərbaycanlı alim Əli Sultanlı yunan müəlliflərinin əsərlərini tədqiq edib, dəyərli bir kitab yazıb. Mən həmin kitabı və Bakı Slavyan Universitetinin nəşr etdiyi N.A.Kunun “Qədim Yunanıstanın mifləri və əfsanələri” kitabını Milad bayramında ölkəmizin parlament üzvlərinə, dövlət adamlarına hədiyyə göndərdim. İstərdik ki, Nobel mükafatı almış iki yunan yazıçısının - Odysseas ElytisGiorgos Seferisin əsərləri də Azərbaycan dilinə tərcümə olunsun”.

Diplomat bildirib ki, Yunanıstanda Azərbaycandakı Tərcümə Mərkəzi kimi dövlət qayğısı ilə fəaliyyət göstərən qurum yoxdur, ancaq yazıçı və tərcüməçilər assosiasiyası var. O, Tərcümə Mərkəzi ilə həmin qurumlar arasında əlaqələrin qurulmasına köməklik edəcəyini deyib.

Salonikidə və Afinada keçirilən beynəlxalq kitab sərgilərində Tərcümə Mərkəzinin iştirakının vacibliyini vurğulayan səfir qurumun 2016-cı ildə UNESCO-nun təşkilatçılığı ilə Salonikidə keçiriləcək Aristotel irsinə həsr olunmuş beynəlxalq tədbirdə də iştirakını məqsədəuyğun hesab edib.

 

Mədəniyyət.- 2015.- 6 fevral.- S. 10.