Tufandağda şagirdlər üçün pulsuz təlimlər

 

Qəbələ rayonundakı «Tufandağ» turizm kompleksində məktəblilər üçün xizəkçilik üzrə ödənişsiz təlimlərə başlanılıb. Kompleksin direktoru Əvəz Nəbiyevin sözlərinə görə, orta məktəb şagirdlərinin dağ-xizək idman növünə marağının artırılması üçün burada hər cür şərait yaradılıb. Bu qış mövsümündə Qəbələ və ətraf rayonların şagirdləri tərtib edilmiş cədvələ uyğun olaraq kompleksdə göstərilən kanat və xizək xidmətlərindən bəhrələnəcəklər.

Kompleksin xizəkçilik məktəbində 6 türkiyəli və 2 yerli təlimçi yeniyetmə qız və oğlanlara xizəklə düz sürüşməyi öyrədirlər. Şagirdlərin məktəbdən kompleksə gətirilməsi və geri qaytarılması üçün avtobuslar təşkil olunur, onlar xizək və geyim formaları ilə təmin edilirlər. Kompleksdə şagirdlərin təhlükəsizliyinin təmin olunması məqsədilə patrul və həkim qrupu fəaliyyət göstərir. Şagirdlərin böyük marağına səbəb olan təlimlər martın sonunadək davam etdiriləcək. Təlimlərə qatılan yeniyetmələr arasında gələcəkdə yarışların təşkili nəzərdə tutulur.

Kompleksin direktoru onu da diqqətə çatdırıb ki, «Tufandağ»da hazırda ikinci mərhələ üzrə inşaat işləri görülür. Ötən ilin yanvarında Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən kompleksdə 4 kanat xəttindən 3-ü və 10 xizək yolundan 5-də işlər başa çatdırılıb, turistlərin istirahətinin təşkili üçün hər cür şəraiti olan restoranlarbeşulduzlu «Tufandağ» hoteli açılıb, dağ-xizək yolu süni qaryağdıran generasiya sistemi ilə təchiz edilib. Gün ərzində kompleksdə 3 min nəfərə xidmət göstərilməsi üçün şərait var. Kompleksin xidmətlərindən ötən bir il ərzində 140 min nəfər istifadə edib. Hazırda müxtəlif turizm şirkətləri tərəfindən «Tufandağ» kompleksinə turlar təşkil edilir.

 

 Fəxriyyə Abdullayeva

 

Mədəniyyət.- 2015.- 6 fevral.- S. 9.