Kino lentlərində yaşayan ömür

 

Şamil Mahmudbəyova həsr olunmuş tədbir keçirildi

 

Fevralın 4-də Dövlət Film Fondunda görkəmli kinorejissor, Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı Şamil Mahmudbəyovun 90 illik yubileyinə həsr olunmuş tədbir keçirildi.

 

Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və Dövlət Film Fondunun birgə təşkil etdiyi tədbirin iştirakçıları əvvəlcə sənətkarın yaradıcılığından bəhs edən fotosərgi ilə tanış oldular.

Tədbiri Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibi, Əməkdar incəsənət xadimi Cəmil Quliyev açaraq Şamil Mahmudbəyovun Azərbaycan kinosu tarixində xidmətlərindən danışdı: “Onun filmləri hər birimizin yaddaşında dərin izlər qoyub. Təsadüfi deyil ki, bu filmlərdə qəhrəmanların dilindən səslənən bir çox ifadələr bu gün bir növ zərb-məsələ çevrilib. Onun filmlərində aktyor seçimiçox uğurlu idi”.

Kinoşünas, Əməkdar incəsənət xadimi Aydın Kazımzadə rejissorun həyat və fəaliyyətindən geniş bəhs etdi. Bildirdi ki, 1924-cü ildə anadan olan Şamil Mahmudbəyov II Dünya müharibəsində iştirak edib, ağır yaralanıb. Ordudan tərxis ediləndən sonra Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutuna daxil olub. 1954-cü ildə “Bakı” kinostudiyasında rejissor kimi fəaliyyətə başlayıb. Azərbaycan kinosunun klassikasına çevrilmiş onlarca bədii film çəkib.

Şamil Mahmudbəyovun kinoda ilk işi 1960-cı ildə çəkdiyi “Əyri yolla qazanc” adlı qısametrajlı film olub. Sonrakı illərdə o, “Romeo mənim qonşumdurlirik komediyasını, “Qaraca qız” kinonovellasını, “Torpaq. Dəniz. Od. Səma”, “Həyat bizi sınayır”, “Skripkanın sərgüzəşti”, “Dərviş Parisi partladır” (Kamil Rüstəmbəyovla birlikdə), “Bayquş gələndə”, “Od içində” və başqa filmləri çəkib. 1969-cu ildə çəkdiyi “Şərikli çörək” filmi rejissora böyük şöhrət qazandırıb. 1970-ci ildə rejissor bu filmə görə Dövlət mükafatına layiq görülüb. Rejissor həmçininMozalansatirik kinojurnalı üçün bir neçə süjet lentə alıb. Ömrünün sonuna qədər yaradıcı peşəsinə sadiq qalan rejissorDivarİnsanadlı son televiziya filmlərini tamamlamağa macal tapmayıb, 1997-ci ildə vəfat edib. Bu gün onun adı xatirəsi kino salnaməmizə bəxş etdiyi lentlərdə yaşayır.

Rejissor Elxan Qasımov, kino işçisi Nadir Əzməmmədov digər çıxış edənlər kinorejissorun sənət yolu barədə danışdılar, xatirələrini bölüşdülər. Şamil Mahmudbəyovun bir neçə filmdə aktyor kimi yaddaqalan obrazlar yaratdığını diqqətə çatdırdılar. Bildirildi ki, o, “Yenilməz batalyonfilmində Qaçaq Əlimərdan rolunu ustalıqla ifa edib, “Fəryadbədii filmində isə Samvel obrazını inandırıcı canlandırıb.

Rejissorun ailəsi adından çıxış edən bacısı qızı, Bakı Musiqi Akademiyasının professoru Leyla Abbasquliyeva sənətkarın xatirəsinə göstərilən diqqət hörmətə görə tədbirin təşkilatçılarına iştirakçılarına minnətdarlığını bildirdi.

Tədbirin sonunda Şamil Mahmudbəyovun sonuncu işi olan, yeni dövrün reallıqlarından bəhs edənİnsanteleviziya filmi nümayiş olundu.

 

Fariz Hüseynov

 

Mədəniyyət.- 2015. 6 fevral.- S. 7.