Milli Kitabxanada türkiyəli qonaqlarla görüş

 

Kitablara beynəlxalq standart kitab nömrəsinin verilməsi müzakirə olunub

 

Türkiyənin Elm və Ədəbiyyat Əsərləri Sahibləri Məslək Birliyinin (İLESAM) baş direktoru Mehmet Nuri Parmaksızın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfərə gəlib. Fevralın 4-də qonaqlar M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirovla görüşüblər.

 

Görüşdə ölkəmizdə elm və ədəbiyyat sahəsində vəziyyət, müəlliflik hüquqlarının qorunması ilə bağlı fikir mübadiləsi aparılıb. Nuri Parmaksız Türkiyədə nəşr edilmiş kitablara vahid beynəlxalq standart kitab nömrəsini (İSBN) verən təşkilatın büro üzvü olduğuna görə bu işin Azərbaycanda təşkilinin vəziyyəti ilə də maraqlanıb. Təəssüflə qeyd edib ki, respublikamızda nəşr edilən kitabların əksəriyyətinin beynəlxalq standart nömrəsi (İSBN) yoxdur.

Qeyd edilən problemin prioritet məsələlərdən biri olduğunu qonağın diqqətinə çatdıran Milli Kitabxananın direktoru Kərim Tahirov bildirib ki, bu məsələ Mədəniyyət və Turizm Nazirliyinin diqqət mərkəzindədir. Vurğulanıb ki, nazirlik tərəfindən “Kitabxana işi haqqında” qanuna bəzi dəyişikliklərin edilməsi və respublikada nəşr olunan bütün çap məhsullarının məcburi nüsxəsinin Milli Kitabxanaya verilməsi məsələsinə yenidən baxılması ilə bağlı Milli Məclisə müraciət edilib. Bununla yanaşı, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin təşəbbüsü ilə ölkə ərazisində nəşr edilən bütün kitablara beynəlxalq standart kitab nömrəsi (İSBN) verilməsinin Milli Kitabxana tərəfindən həyata keçirilməsi ilə əlaqədar Nazirlər Kabinetinə müraciət edilib. Çünki hazırda bu özəl qurum tərəfindən həyata keçirilirona görə də çap edilən kitabların sadəcə 20 faizi bu beynəlxalq kitab nömrəsini alır. Əgər bu Milli Kitabxanaya həvalə olunarsa, respublika ərazisində çap edilən bütün kitablar həm Azərbaycan kitabının milli arxivinə daxil olar, həm də Azərbaycan tarixinə, elminə, mədəniyyətinə, iqtisadiyyatına dair dəyərli mənbələrin, tarixi faktların gələcək nəsillərə ötürülməsi təmin edilər.

Qonaqlar Milli Kitabxana ilə yaxından tanış olublar. Sonda qarşılıqlı hədiyyələr təqdim olunub.

 

Mədəniyyət.- 2015.- 6 fevral.- S. 7.