Qara Qarayevin xatirəsi yad edilib

 

Fevralın 5-də Fəxri xiyabanda görkəmli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti, SSRİ dövlət mükafatları laureatı, Azərbaycan Elmlər Akademiyasının akademiki Qara Qarayevin anadan olmasının 97-ci ildönümü münasibətilə anım mərasimi keçirildi.

 

Mərasimə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri qatılmışdılar. İştirakçılar bəstəkarın məzarı önünə çiçək dəstələri qoyaraq, xatirəsini hörmətlə yad etdilər.

Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev çıxış edərək Qara Qarayevin Azərbaycanın zəngin musiqi tarixində yerindən, milli incəsənətimizə və dünya musiqi xəzinəsinə verdiyi töhfələrdən danışdı. Bildirdi ki, Qara Qarayevin yaratdığı möhtəşəm əsərlərin və onun tələbələrinin sorağı müxtəlif ölkələrdən gəlir: “Qara Qarayev məktəbi Azərbaycanda görkəmli bəstəkarların yetişməsinə zəmin oldu. Onun sənət işığı altında musiqiyə sevgisi olan böyük bir nəsil yetişdi. Azərbaycan musiqisi, mədəniyyəti yaşadıqca Qara Qarayevyaşayacaq”.

Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli dahi bəstəkarla bağlı xoş xatirələrini bölüşdü. Onunla ünsiyyətdə olduğuna və əsərlərini ifa etdiyinə görə özünü xoşbəxt saydığını dedi: “Qara Qarayevin əsərləri dünyanın müxtəlif konsert salonlarında, opera teatrlarında səslənməlidir. Biz onun sənətini daha dərindən, daha geniş miqyasda təbliğ etməliyik. O, böyük müəllimdir”.

Fərhad Bədəlbəyli qeyd etdi ki, hər il Qəbələdə keçirilən beynəlxalq musiqi festivalında Qara Qarayevin əsərlərindən ibarət konsert təşkil olunur. Burada başlıca məqam ondan ibarətdir ki, həmin konsertlərdə əsərləri xarici musiqiçilər ifa edirlər.

Mərasim iştirakçıları daha sonra ümummilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın məzarlarını ziyarət edərək, xatirələrini ehtiramla andılar.

 

Fariz Hüseynov

 

Mədəniyyət.- 2015.- 6 fevral.- S. 5.