Milli İncəsənət Muzeyinin direktoru Hollandiyada səfərdə olub

 

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, professor Çingiz Fərzəliyev və muzeyin elmi araşdırmalar şöbəsinin müdiri Toğrul Əfəndiyev yanvarın 21-dən 24-dək Hollandiyada işgüzar səfərdə olublar.

Azərbaycanın Hollandiyadakı səfiri M.Əfəndiyevin dəvəti ilə gerçəkləşən səfərin məqsədi bu ölkənin aparıcı muzeylərinin rəhbərliyi ilə tanışlıq və qarşılıqlı maraq doğura biləcək layihələr barədə danışıqların aparılması olub.

Səfər gedişində Hollandiyanın bir qrup muzey rəhbəri ilə görüş keçirilib. Görüşdə “Dutch Culture” - beynəlxalq mədəni əlaqələrin koordinasiyası ictimai birliyinin direktoru Cees dee Graaff, Cobra muzeyinin biznes inkişafı və əməkdaşlıq üzrə departamentinin nümayəndəsi Bert Meennings, Amsterdam şəhərindəki Rembrandtın ev-muzeyinin direktoru Michael Huijser, habelə “The Holland Times” qəzetinin və Azərbaycan-Niderland veb platformasının kontent meneceri Arnold Utama iştirak ediblər. Hollandiyalı mütəxəssislərə Milli İncəsənət Muzeyinin sərgi imkanları, Azərbaycan dövlətinin mədəniyyətə və incəsənətə diqqət və qayğısı barədə ətraflı məlumat verilib, muzeyin nəşrləri təqdim olunub.

Çingiz Fərzəliyev və Toğrul Əfəndiyev Amsterdam şəhərində Rembrandtın ev-muzeyinə də baş çəkiblər. Muzey direktoru qonaqlara fəaliyyətləri barədə məlumat verib, ekspozisiya ilə tanış edib. Muzey kolleksiyasının əsasını rəssamın qrafik əsərləri təşkil etdiyindən belə sərgilərin daşınmasının çox rahat olduğu vurğulanıb. Belə bir sərginin Azərbaycanda maraq doğurmasını təmin etmək məqsədilə mövzunun seçilməsi ətrafında ilkin fikir mübadiləsi aparılıb. Bu məqsədlə muzeyin rəhbərliyinin və Niderland Mədəniyyət Mərkəzi müdirinin Bakıya səfəri barədə razılıq əldə olunub.

 

Mədəniyyət.- 2015.- 6 fevral.- S. 4.