Qəlblər Qələmi...
Əlbəttə, dahilər dahisi Fyodor Mixayloviç Dostoyevskiyə məxsus!..
Yüz əlli ildən çoxdur adı
çəkiləndə bütün bəşər
oxucusunu ayrıca-əlahiddəcə sevgi və heyrət aləminə qərq,
dünyanın ən nəhəng
yazıçılarını isə özlərindən ən
azı bir zirvə yuxarı boylanmağa sövq edən
Dostoyevskiyə!
Öz “qəlb tədqiqatları” ilə
Albert Eynşteyn kimi azman fizik-praktiki,
Ziqmund Freyd kimi zirvə psixoanalitiki də
heyrətə gətirmiş bu “Raskolnikovluq memarı”nın xarakteri
və həyatı yaradıcılığı qədər
maraqlı olub. Xüsusən də sonluğu...
Bəli, əlli yaş astanası və ötəsində iç aləminə bir çox bəlli obrazlarından da artıq pessimizm buludları çökən Dostoyevski, nəhayət, özündən də bəhs edir (amma şifahi şəkildə): “Heç bir səbəbsiz-filansız çox pis haldayam. Sanki ağır bir cinayət törədibmişəm kimi, dərin hüzn və kədər içindəyəm...”
Obrazlarının bütün gizlinclərini dünyanın ən peşəkar kriminalistlərindən, təhqiqatçı-istintaqçı, falçı-rəmmalçılarından da ustalıqla açıb faş edən bu “məxfi” xarakter sahibi bu avtosirri kağız-qələmə yox, ikinci həyat yoldaşı Anna Qriqoryevnaya açmışdı. Yazırlar ki, Fyodor Mixayloviç illərlə tənqidçilərin də gileyləndikləri “Cinlər” əsərindəki Stavrogini bir uşağa təcavüz etdirməsi səbəbilə də hərdən özünü yamanlayıb-günahlandırarmış...
Bəs bu məşhur nəticələrin -
Səbəbləri?..
Onun bütün həyatını izləyən bu və digər günahlar, müxtəlif qüsurlar doğuran vərdişlər öz mayalarını hardan, nələrdən götürmüşdü? Bu çox geniş və bəzi ədəbiyyatşünasların birmənalı qarşılamadıqları sualın cavabını bundan başlayaq ki, Dostoyevski hələ uşaqkən ev-eşiklərində görüb-müşahidə etdiyi “davamlı, bitib-tükənməyən” bir “ailə-məişət tablosu”na görə bütün ömrü uzunu atasına nifrət hissindən qurtula bilməyib. Anasına əzablar çəkdirməkdən usanmayan, vaxt-bivaxt sərxoş olub, xidmətçiləri belə boğaza yığan, qonşularla pis, qohumlarla dözülməz davranan atasına...
Bu ata o anaya elə zülmlər çəkdirmişdi ki, beləsini sonralar on il həbs ağrıları çəkmiş oğul özü də görməmişdi. Amma əsərlərində göstərə bilmişdi. Bu dahi ədib öz tükənməz istedadı ilə həmin ədəbi-bədii analara “yüklədiyi” məşəqqətləri hələ heç bir söz, məsləhət və hökmünün keçmədiyi evində - taleyinə boyun əyib, “real itaətli qadın” obrazı yaratmış anasında görmüşdü.
Atasına daha çox buna görə kin saxlayan həssaslar-həssası Dostoyevski atasının ölüm xəbərini alanda belə yumşalmır və bu hissi də dahiyanə ifadə edir: “Atamın ölümündə mənim heç bir günahım yoxdur, amma bu ölümün cəzasını çəkməyə hazıram, çünki içimdən onu öldürmək keçirdi..." (Eynilə “Karamazov qardaşları” romanındakı Dmitri Karamazovun reaksiyası...)
Doğma atanın ölümünü istəmək? Özü də öz qələm-çubuğu ilə bəşər psixo-ansamblını idarə etmək qabiliyyətinə malik bir ədib tərəfindən? Bəli. Onu depressiyaya düçar edən hissi infeksiyaların əsası elə bu “ata ölümü istəyi”ndən qidalanmışdı. Elə növbəti bir “bəşər qəribəsi” Ziqmund Freyd (və daha bir-iki digər psixoanalitik) ataya qarşı bəslənilən bu ömürlük nifrətə və bu dəyişməz düşüncədən dolayı onu izləyən günahkarlıq hissinə istinad edərək, “Dostoyevski xəstəliyi”nin həm də “əsəb mənşəli” olduğu qənaətinə gəlmişdi.
Yeri gəlmişkən, məncə, digər sahə dahilərinin bu dahiyə yanaşmalarında bir qədər haqlı “qəddarlıq”la yanaşı, bir xeyli də ona öz yaradıcılığından dolayı bəslənilən ümumdünyəvi rəğbətə həsəd də vardır. Amma Nikolay Berdyayev kimiləri də var ki, “Dostoyevski bütün yaradıcı gücünü - daim özünün yaşantılarına bənzətməməyə çalışdığı insan və onun taleyi mövzusuna həsr etmiş və bu, onu ölümsüzlüyə çatdırmışdır” qəbilli qənaətlərə gəlmişlər.
Zənnimcə, bu məqamda - Berdyayevin bu fikrinin ardınca - bu böyük psixoinsanpərvərin əsərlərinin adlarını xatırlatmaq yerinə düşmüş olar: “Yoxsul insanlar”, “Netoçka Nezvanova”, “Alçaldılmış və təhqir olunmuşlar”, “Ölü evdən qeydlər”, “Gizlindən qeydlər”, “Cinayət və cəza”, “Qumarbaz”, “İdiot”, “Şeytanlar”, “Yeniyetmə”, “Karamazov qardaşları”, “Oxşar”, “Ev sahibəsi”, “Bir kövrək ürəkli”, “Bəyaz gecələr”, “Əminin yuxusu”, “Nalayiq lətifə”, “Ədəbli ər”, “Gülməli insanın yuxusu”, “Yay təəssüratları üzərində qış xatirələri”.
Və bu qədər rəngarəng insan obrazları yaratmış bu insanın -
Öz yaranışı...
Sanki böyük ədəbiyyatın “ağır artilleriya”sı hesab edilən nəsrdəki rus kəsirini ödəmək üçün doğulmuşdu - Fyodor Mixayloviç Dostoyevski. Rusiyanın məşhur “19-cu əsr”inin ilk qərinəsində - 1821-ci il noyabrın 11-də dünyaya gəldi bu (mübaliğə və mübahisəsiz) ümumdünya ədibi. Necə ki, 9 fevral 1881-ci il dünyadəyişimilə “ümumdünya kisəsi”ndən getdi...
Uşaqlığı sərxoş ata və xəstə anasının yanında keçmiş Fyodor həmin xəstənin - yuxarıda ötəricə bəhs etdiyim ömürlük incik, üzgün anasının ölümündən sonra, “qəlbində kristallaşmış bu ağrı”dan qaçırmış kimi, könlü üçün heç bir gələcək vəd etməyən Peterburq Mühəndis Məktəbinə daxil olur. Elə sözügedən ağrı-acı baiskarının - atasının ölüm xəbərini də orada alır.
Məktəbi gözləmədiyi bir müvəffəqiyyətlə bitirən Fyodor az keçmiş İstehkam Müdirliyində işə düzəlir. Bir il sonra canında-qanında xüsusi bir “nəsə” hiss edib ordu aləmindən ayrılır və hələ ətrafına açmaqdan çəkindiyi həmin o “nəsə”yə - ədəbiyyat aləminə girir.
Ədibin ilk romanı “Yoxsul insanlar” 25 yaşında ikən - 1846-cı ildə ortaya çıxır və onun heç gözləmədiyi susqunluqla qarşılanır. Növbəti iki əsəri də eləcə və... beləcə, ümid qırıqlığına düçar olan bu hövsələsiz dahi “bivəfa qələmini” yerə qoyub, siyasətlə maraqlanmağa başlayır. Və bu şəxsi “başlam”ın ardınca başlayan ictimai və ilahi olaylar onun şəxsində bəşəriyyətə bənzərsiz bir ədib bəxş edir!
Nə idi o olaylar?..
...1849-cu ildə dövlət əleyhinə bir sui-qəsdə qarışması iddiası ilə Fyodor da həbs olunur. Səkkiz ay həbsxanada sükut və fəaliyyətsizlik işgəncələrilə təkbətək qalan bu dahi güllələnmə cəzasına “layiq” görülür. Rus millilərinin hələ də “Dostoyevski xəcaləti” adlandırdığı bir düzəngahda güllələnməyə aparılan, lakin tətikçəkmə üzrəykən çaparların gətirib çatdırdığı “bağışlanma” sənədi səbəbindən xilas olan Fyodor digər səkkiz məhbus yoldaşı ilə birgə bağışlanılır. Cəzası 10 il sürən Sibir sürgünü və dustaqlıqla əvəz edilir. Omsk vilayətindəki həbsxanaya göndərilir. Burada keçirdiyi dörd il sonrası kiçik bir rütbə ilə xidmətə verilir, lakin tezliklə zabitliyə qədər yüksəlir. Həmin illərdə (1857) Mariya Dmitriyevna adlı sadə bir qadınla evlənib, beş il boyunca zabitlik görəvini layiqincə yerinə yetirən Dostoyevski 1859-cu ildə azad edilir və bütün dünyaya məlum olan məşhur Peterburq həyatını yaşamağa başlayır.
Həmin o “məlum və məşhur” həyatın ilk illərində ədib “Alçaldılmış və təhqir olunmuşlar” və “Ölü evdən qeydlər” əsərlərini yazır. Eyni zamanda qardaşıyla birlikdə iki jurnal nəşrilə məşğul olur. Səhhəti bir az babatlaşan kimi çoxdanlardan arzuladığı Avropa səyahətinə çıxır. Amma ardınca yenə xəstəlik və... ailə dramından qanına hopmuş bir “şəkil” - qumar asılılığı ucbatından maddi sıxıntılar...
Bütün bunlara baxmayaraq, nəinki təkcə öz taleyinə, habelə bəşər epoxasına borclu doğulmuş bu yazıçı yazmalıydı, yazmalıydı, yazmalıydı...
Mariya Dmitriyevanın ölümündən sonra çox-çox gənc katibəsilə evləndi. Bu olduqca cavan həyat yoldaşıyla yenicə xoşbəxtliyə qərq həftələrində yenidən borclandı və təzədən qumarxanalar səfaləti. Ardınca da qızının ölümüylə ilgili sarsıntılar.
“Yeniyetmə”, “Bir yazıçının gündəliyi” və “köhnə” “Karamazov qardaşları” əsərlərinə yenidən əl gəzdirən, sonuncunun yeni variantını “canacəfa” sürətilə ikicə ildə bitirən Dostoyevski yatağa düşür və 9 fevral 1881-ci ildə vəfat edir. Üç gün sonra təşkil edilən dəfn mərasimində tabutu arxasıyca cəmi-cümlətanı 30 minə yaxın adamın getdiyi bu yazıçı yüz ildən çoxdur bəşəriyyəti hələ də öz ecazkar istedad arsenalı ardıyca aparmada...
Tahir Abbaslı
Mədəniyyət.- 2015.- 11
fevral.- S. 13.