“Arşın mal alan” Daşkənd səhnəsində
Üzeyir bəyin ölməz operettası Özbəkistan Dövlət Musiqili Teatrında yeni quruluşda tamaşaya qoyulub
Daşkənddəki
Mukimi adına Özbəkistan Dövlət
Musiqili Teatrında Azərbaycanın dahi bəstəkarı Üzeyir
Hacıbəylinin “Arşın mal alan” musiqili
komediyasının özbək dilində yeni
quruluşda ilk
tamaşası olub.
Tamaşa Azərbaycanın Özbəkistandakı səfirliyinin və bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü ilə hazırlanıb.
Premyerada AMM-in rəhbərləri, Özbəkistanın ədəbiyyat, mədəniyyət və incəsənət xadimləri, Azərbaycan diasporunun üzvləri, jurnalistlər iştirak ediblər.
Tamaşaya teatrın rejissoru, Əməkdar incəsənət xadimi Əhəd Farmonov quruluş verib. Dirijor Askil Turayevdir. Əsas rolları Rövşən İbrahimov, Umud Şadmanov, Nərgiz Şohobayeva ifa ediblər.
Üzeyir Hacıbəylinin bu ölməz əsəri 100 ilə yaxındır ki, Orta Asiyada ən məşhur tamaşa kimi səhnədən düşmür, teatrlar zaman-zaman bu əsərə müraciət edirlər. “Arşın mal alan” ilk dəfə Özbəkistanda 1919-cu ildə Daşkənddəki “Kolizey” teatrında tamaşaya qoyulub. Elə həmin il Bakıdan gələn rejissor Mirzə Həbib Axundzadə Səmərqənddə yaşayan azərbaycanlılardan ibarət teatr truppası yaradıb və əsər bu qədim şəhərdə səhnələşdirilib.
Əsər 1921-ci ildə Buxarada tamaşaya qoyulub, 1922-ci ildə isə Daşkəndin “Raxat bağçası” teatrında Sidqi Ruhullanın rəhbərliyi ilə Azərbaycandan gələn aktyorlar bu əsərə səhnə həyatı veriblər. Sonrakı illərdə “Arşın mal alan” dəfələrlə Daşkənd, Fərqanə, Buxara, Kokand, Xarəzm, Səmərqənd şəhərlərində tamaşaçılara təqdim edilib.
Bir neçə il əvvəl Daşkənddəki Operetta Teatrı “Arşın mal
alan”ı rus dilində tamaşaya
hazırlayıb. Bu günlərdə (26 yanvar) Özbəkistan Milli
Dram Teatrında “Arşın mal alan” musiqili
komediyası əsasında konsert-tamaşa
(bədii rəhbəri Özbəkistanın Əməkdar incəsənət
xadimi, professor Firuza Abdurahmanova) təqdim
olunub. Konsert-tamaşa
ölkəmizin Daşkənddəki səfirliyinin nəzdində
fəaliyyət göstərən Heydər Əliyev adına
Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi
ilə hazırlanıb.
Mədəniyyət.- 2015.- 11
fevral.- S. 12.