Elektron, yoxsa ənənəvi kitab?

 

Elektron kitabları pulsuz əldə etməyin mümkünlüyü ona marağı daha da artırır

 

Bu gün həyatımızın bütün sahələrinə daxil olan, ən müxtəlif informasiyaları anında əldə etməyə imkan verən internet əsrlər boyu bilik mənbəyi olmuş kağız kitabları da sıxışdırmağı bacarıb. İnternet şəbəkəsinin sürətli inkişafı elektron kitabxanaların (e-kitab) formalaşması məsələsini də gündəmə gətirdi. Bir çox ölkələrdə bu prosesə inteqrasiya sürətlə baş verdi.

 

Ölkəmizdə də, son illər, xüsusilə “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı” çərçivəsində bu sahədə bir sıra işlər görülüb, kitabxanaların elektron kataloqları yaradılıb. Bu gün Prezident Kitabxanası, Milli Kitabxana, AMEA-nın Mərkəzi Elmi Kitabxanası, Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən şəhər və rayonlar üzrə Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin elektron kitabxanalarından istifadə etmək olar. Həmçinin Azərbaycan Diplomatik Akademiyası, Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Dillər Universiteti, “Xəzər” və Qərb universitetlərinin və digər kitabxanaların xidmətlərindən internet vasitəsilə yararlanmaq mümkündür.

Bu elektron xidmətlərin müqabilində ənənəvi kitablara maraq bir qədər azalıb. Hazırda ölkəmizdə mobil cihazlar vasitəsilə kitab oxuyanların sayı kitabxanalarda kitab axtaranların sayını ötməkdədir.

 

Bəs elektron kitablar ənənəvi kitabları əvəz edə bilərmi?

 

Mövzu ilə bağlı sualımızı cavablandıran yazıçı-kulturoloq, kitabxana.net saytının təsisçisi və rəhbəri Aydınxan Əbilov elektron kitabları günün tələbi hesab edir: “Hər dövrün öz tələbləri, öz texnologiyaları var. Bizim dövrümüzdə də elektron informasiya vasitələrinin bugünkü səviyyəsi həyatımızda da artıq öz yerini tutub. İnformasiya resurslarının inkişaf etdiyi Qərb ölkələrində XX əsrin sonlarından başlayaraq bütün mətnlərin elektron variantını hazırlayıb internetdə yerləşdirdilər. Azərbaycan da artıq bu prosesə qoşulub. Müasir informasiya texnologiyaları özündən əvvəlki texnologiyaları sıradan çıxarmaqdadır. Necə ki, vaxtilə gilheyvan dərisi üzərində kitabələr yazılırdı. Sonralar əlyazma kitablar meydana gəldi. Sonra onu çap kitabları əvəz etdi. Eləcə də elektron kitabların, nəşrlərin geniş yayılması ilə kağız formatında olan məlumat daşıyıcıları tədricən tarixin arxivinə gedəcək”.

Yazıçı, şair Elçin Əfəndi informasiya texnologiyalarının inkişafı ilə əlaqədar e-kitablara üstünlük verilməsini təbii qiymətləndirir: “Əvvəllər kağız kitaba üstünlük verilirdisə, hazırkı dövrdə elektronlaşma onu sıradan çıxarmaq üzrədir. Böyük imkanlara malik elektron daşıyıcılar insanlar üçün daha səmərəli vasitələrdir. Amma bunlardan istifadə nə qədər səmərəli olsa da, fəsadları da az deyil. Məsələn: uzun müddət elektron avadanlıqlara baxmaqla gözlərin zəifləmə halı müşahidə oluna bilər. Həmçinin hər hansısa kompüter virusu əldə olunan materialı asanlıqla silmək iqtidarındadır”.

 

Gənclər yeniliyə üstünlük verirlər

 

Elektron informasiya daşıyıcılarına münasibətdə də müsahiblərimizin fikirləri, demək olar ki, üst-üstə düşür. A.Əbilov qeyd edir ki, biz kağızdan olan bir neçə kitabı əlimizdə harasa daşısaq, bir qədər narahatlıq yaranacaq. Amma elektron avadanlıqlar vasitəsilə hətta yüzlərlə kitabı daşımaq imkanımız var: “E-kitabların üstünlüklərindən biri də onların həcmcə kiçik, kompakt olmasıdır. Hər kəs mobil qurğusunda eyni zamanda mindən çox kitabdan ibarət “kitabxana”sını gəzdirə bilər və onu istənilən zaman digər oxucuya göndərə bilər”.

Gənc nəsil də məhz bu səbəbdən elektron kitablara üstünlük verir. E.Əfəndi: “Biz istəməsək də zaman özü bunu bizdən tələb edir. Burada gəncləri qınamaq olmaz. Hazırda bir sıra universitetlərimizdə dərs vəsaitlərinin çatışmazlığı ucbatından daha çox elektron kitablara ehtiyac yaranır. Həmçinin imtahanlar elektron formada həyata keçirilir. Bütün bunlara əsaslanaraq deyə bilərik ki, bu kimi hallar elektron vəsaitlərdən istifadəyə vərdiş yaradır”.

 

Elektron kitablar maddi baxımdan da əlverişlidir

 

A.Əbilovun fikrincə, həm iqtisadi, həm ekoloji baxımdan e-kitablara nisbətən kağız istehsalı daha baha başa gəlir. Amma elektron informasiya vasitələrinin inkişafı bu çətinliklərin bir çoxunu aradan qaldırıb. Elektron kitablar maddi baxımdan da insanlar üçün daha əlverişlidir.

Mövzu ilə bağlı gənc nəslin nümayəndələrinin fikirlərini öyrəndik. Jurnalist, tərcüməçi Eldar Tanrıverdiyevin fikrincə, elektron kitabların son illər bütün dünyada olduğu kimi, ölkəmizdə sürətlə populyarlıq qazanmasının başlıca səbəbi mobil telefonlar, smartfonlar, planşetlərin əhali arasında geniş yayılmasıdır: “Elektron kitablar ənənəvi kitabı əvəz edərmi məsələsinə gəldikdə isə bu, nisbi anlayışdır. Elektron kitablar qədər populyar olsa da, ənənəvi kitab heç vaxt tarixdən silinməyəcək. Televiziya yeni yarananda çoxları qəzet jurnalların, radionun zamanla yoxa çıxacağını bildirirdilər. Lakin onlar televiziya ilə rəqabətə tab gətirərək fərqli formada inkişaf etdilər bu gün fəaliyyət göstərirlər. Mən eyni halın ənənəvi kitabla da təkrarlanacağını düşünürəm”.

Bakı Slavyan Universitetinin beynəlxalq jurnalistika fakültəsinin magistrantı Ceyhun Mamedov elektron kitaba marağın artmasını bir tərəfdən texnologiyaların sürətli inkişafı, digər tərəfdən isə daha rahat istifadə olunmasında görür: “Əvvəllər elektron kitabları yalnızbookreader”lə oxumaq olurdusa, hazırda bu, smartfon telefon, yaxud planşetlərlə mümkündür. Elektron kitabların internet vasitəsilə yüklənməsi çox asandır. Həm e-kitabları pulsuz əldə etməyin mümkünlüyü bu kitablara marağı daha da artırır. Lakin Azərbaycan dilli oxucular üçün elektron kitablar heç kifayət qədər deyil”.

Həmsöhbətim elektron kitabların bütün üstünlüklərinə baxmayaraq, ənənəvi kitablara önəm verdiyini deyir: “Kağız kitablar uzun müddətə rəflərimizdə yer tutmağa davam edəcək. Mən əsasən kağız kitabları oxumağa üstünlük verirəm”.

Göründüyü kimi, e-kitabların ənənəvi kitablarla müqayisədə bir bir sıra üstünlükləri var. Bu üstünlüklərdən biri istifadəçiyə interaktivliyin verilməsidir. Belə ki, oxucu kitabda ona lazım olan məlumatı dərhal başqa bir yerdə qeyd edə ya onu müxtəlif sosial şəbəkələrdə digər istifadəçilərlə bölüşə bilər. Amma unutmaq olmaz ki, ənənəvi kitabların fərqli bir özəlliyi var. Kağız kitablara toxunmaq, onu əlində hiss etmək, səhifələri bir-bir çevirmək oxucular üçün unudulmaz hislərdir.

Sonda qeyd edək ki, informasiya mənbəyi olaraq elektron kağız kitabın, əslində, heç bir fərqi yoxdur. Təki kitab oxunsun.

 

Fariz Hüseynov

 

Mədəniyyət.- 2015.-11 fevral.- S. 11.