“Şahdağ”da bir qış günü...
İzləməyə getdiyimiz yarış təxirə düşsə də, səfərdən zəngin təəssüratla döndük
Fevralın 8-də
«Şahdağ» Turizm Mərkəzində
«Red Bull Shakh Carpet» ("Red Bull Şah
Xalça») yarışmasını izləmək
üçün bir qrup media nümayəndəsi
ilə birlikdə kompleksə səfər etdik.
«Red Bull» şirkətinin
Azərbaycan nümayəndəliyinin təşkilatçılığı,
«Şahdağ» Turizm Mərkəzinin
dəstəyi ilə keçirilməsi nəzərdə tutulan yarışa böyük
maraq vardı.
«Red Bull» şirkətinin nümayəndəsi Natia Amiridze oyun barədə məlumat verərək bildirdi ki, yarışmada dağdan enmək üçün istənilən vasitələrlə təchiz olunmuş iştirakçılar müəyyən olunan məsafəni qət edərək hovuza tullanırlar. Əsas budur ki, iştirakçıların müsabiqə üçün düzəltdikləri hərəkət vasitələrində xalça elementləri olsun. İştirakçılar düzəltdikləri qurğuya ad fikirləşməli və ona uyğun şən əhval doğuran geyimlər hazırlamalıdırlar. Oyunda qaliblər üç meyar üzrə müəyyən edilir: ən yaxşı tullanma, kostyumların və çıxışın kreativliyi, tamaşaçı simpatiyası. Yarışmada iştirak etmək üçün hər biri 2-3 nəfərdən ibarət 20 komanda seçilmişdi.
Amma hər kəsin maraq və həyəcanla gözlədiyi “xalçalı yarış” əlverişsiz hava şəraiti səbəbindən gerçəkləşmədi. Şirkət nümayəndəsi bildirdi ki, dumanlı hava həm iştirakçıların təhlükəsizliyi baxımından, həm də oyunun qaydalarının tam həyata keçirilməsi baxımdan əlverişsizdir. Onun sözlərinə görə, «Red Bull Shakh Carpet» oyunu uyğun hava şəraitində mütləq reallaşdırılacaq.
«Xidmət çox gözəldir, Azərbaycan qonaqpərvərliyi də öz yerində»
Bu mənim «Şahdağ»a ilk səfərim idi. Odur ki,
fürsətdən istifadə
edib ərazini gəzmək, təqdim edilən xidmətlərlə
tanış olmaq, qonaqların təəssüratlarını öyrənmək qərarına
gəldim.
Əvvəlcə onu deyim ki,
həmin gün mərkəzə çoxlu
sayda qış turizmi həvəskarı gəlmişdi və bunu müxtəlif turist qruplarını gətirən avtobusların
və şəxsi avtomobillərin uzun tıxacından da görmək mümkün
idi.
«Zirvə» hotelinin
ətrafında isə
əsl qələbəlik
idi. Burada hər yaşda insana rast gəlmək olardı: uşaqlar, gənclər, hətta yaşlı adamlar da bu dağ-xizək
mərkəzinin verdiyi
imkanlardan yararlanmağa
çalışırdı. Qonaqlar arasında əcnəbilər
də çox idi. Onlardan biri ilə həmsöhbət olduq.
Kristof Böyük Britaniya vətəndaşıdır. Bakıda tanınmış şirkətlərdən
birində çalışır.
Dediyinə görə,
mövsüm başlayandan
artıq 4-cü dəfədir
bura gəlir, 2 dəfə də «Tufandağ» kompleksində olub: «Mən gəzməyi çox sevirəm. Hər fəslin öz
məşğuliyyəti var. Qışınkı da xizəklə sürüşməkdir.
Yeddi ildir işimlə əlaqədar Azərbaycanda
yaşayıram. Əvvəllər belə xizək mərkəzləri olmadığından
qış mənim üçün darıxdırıcı
keçirdi. Tətillərdə xizəklə sürüşmək
üçün Amerikaya,
Kanadaya, Türkiyəyə
gedirdim. Artıq iki
ildir heç bir yerə getmirəm,
çalışıram istirahət
günlərimi burada keçirim. Xidmət çox
gözəldir, təbii
ki, Azərbaycan qonaqpərvərliyi də
öz yerində».
Zarina Musayeva isə Bakı sakinidir, istirahətə ailəvi gəliblər. «Şahdağ» kompleksi açılan gündən
buranın daimi müştərisidir. Dediyinə görə,
xizək sürmək
onun ən çox sevdiyi məşğuliyyətdir. Ona görə də fürsət tapan kimi bura gəlir.
Zarina xanım kompleksdəki qiymətlərdən narazı
deyil. Hərçənd buradakı qiymətlər
xariclə müqayisədə
bahadır, amma ümumən normaldır.
Xidmətdən isə şikayəti
yoxdur. Onun fikrincə, «Şahdağ»da
xidmət yüksək
səviyyədədir.
Diqqətimizi dörd nəfər yaşlı xanım cəlb edir. Yaxınlaşıb özümüzü təqdim
edirik, təəssüratlarını
öyrənmək istədiyimizi
deyirik. Razılaşırlar ki, qrupun rəhbəri kimi Rəna Mehdiyeva danışsın. Rəna xanım
Bakıda yaşadıqlarını,
müəllimə olduqlarını,
artıq təqaüdə
çıxdıqlarını deyir. Həmsöhbətimiz
buraya daha çox təmiz havada gəzmək üçün gəldiklərini
söyləyir: «Bakıda
qar üzünə həsrətik, yağanda da o qədər problem çıxır ki, arzuladığına da peşman olursan. O üzdən rəfiqələrimlə
imkan olan kimi gəlirik buraya».
İnsanlar buraya təkrar-təkrar
gəlməkdən yorulmurlar
Hotelin ərazisindəki
böyük meydan turistlərlə dolu idi. Buraya yalnız xizəklə
daxil olmaq mümkündür. Xizəkdən istifadə edə bilməyənlərə təlimçilər
kömək edir.
Təlimçilərin bəziləri xaricdən
dəvət edilib.
Onlardan biri də Ukrayna
vətəndaşı Aleysa
Pavlovadır. «Şahdağ» rəhbərliyinin
dəvəti ilə burada ötən ildən çalışan
Aleysa bildirdi ki, valideynləri Ukraynada yaşayır, onlara hər ay pul göndərir.
Dediyinə görə, indiyə qədər bir çox ölkələrin
dağ-xizək mərkəzlərində
olub. Burada az
müddətdə yaradılan
şəraitin və təqdim edilən xidmətin keyfiyyətindən
danışan həmsöhbətimiz
qeyd etdi ki, cəmi bir
neçə ildən
sonra «Şahdağ» regionun ən böyük xizək mərkəzi olacaq: «İnsanların bu turizm növünə marağı məni məmnun edir. Mövsüm
başlayandan həftənin
bütün günləri
bura gələn olur. Bizim də demək
olar ki, boş vaxtımız olmur. İnsanlar buraya təkrar-təkrar
gəlməkdən yorulmurlar».
Aleysa Azərbaycanda hələlik
sadəcə Bakını
və «Şahdağ»ı
gördüyünü deyir:
«Hələ ki işim çoxdur, gəzməyə vaxtım
yoxdur. Amma digər məkanlara
da turist kimi gedəcəyəm».
«Şahdağ»da istirahət
yalnız sürüşməklə
bitmir. Burada DJ-lərin təqdim
etdikləri musiqilər
nəinki gənclər,
orta və yaşlı nəslin nümayəndələri üçün
də maraqlı əyləncədir. Soyuq havada
rəqs etməyin isə ayrı bir ləzzəti var.
«Şahdağ» bir dəfəyə 10 minə
yaxın turisti qarşılamaq gücündədir
Komplekslə bağlı ümumi
məlumatları əldə
etmək üçün
«Şahdağ» Turizm Mərkəzi İdarəsinin
müştərilərlə iş şöbəsinin müdiri Aygün Həsənova ilə həmsöhbət oluruq. Onun sözlərinə görə, həftəsonu
qonaqlar daha çox olur, xaricilər isə əsasən bazar günləri gəlir: «Adətən həftəsonu
2 mindən yuxarı turist qəbul edirik, amma belə
yarışlarda gələnlər
lap çox olur. Ötən həftə «Jaguar Snow Bowling» ekstremal
yarışı keçirilirdi.
3 mindən artıq
turist gəlmişdi.
Sevindirici haldır ki,
bir çox müştərilərimiz artıq
öz xizəkləri
ilə gəlirlər.
Bu isə insanlarda
bu istirahət növünə marağın
artmasının göstəricisidir.
Əksər insanlar özləri
xizək sürə bilirlər, hələ üstəlik kimlərisə
öyrədirlər də.
Ölkə rəhbərliyinin yüksək qayğısı
sayəsində Azərbaycanda
turizm və idman inkişaf edir. Düşünürəm ki, gələcəkdə
bu ekstremal turizm növü də Azərbaycanda populyar və çox sevilən turizm istiqaməti olacaq. Gələn qonaqları lazımi
miqdarda xizəklə və digər avadanlıqlarla təchiz etmək imkanımız
var. Həftənin son üç
günündə hotellərimiz
demək olar ki, tamamilə dolu olur».
Həmsöhbətim deyir ki, hazırda
kompleks ərazisində
4 hotel fəaliyyət göstərir. Bu hotellərdə 6 min nəfərin
gecələməsi üçün
şərait mövcuddur.
Ümumilikdə isə mərkəz
bir dəfəyə
10 min nəfərə yaxın
turisti qarşılamaq
gücündədir. Burada Azərbaycanda
ən böyük «Ovdan SPA» mərkəzi, ikisi bağlı, biri açıq havada olmaqla, üç hovuz turistlərin ixtiyarındadır.
Kompleksin
20-yə yaxın restoranında
Azərbaycan mətbəxi
ilə yanaşı, dünya mətbəxi də təqdim edilir.
Qeyd edək ki, inşasına
2009-cu ilin sentyabrında
başlanılan «Şahdağ»
Turizm Mərkəzi Qusar rayonunda Şahdağ Milli Parkının ərazisində,
dəniz səviyyəsindən
1300-2351 metr hündürlükdə
yerləşir. Ümumi ərazisi
2058 hektar olan kompleks Azərbaycanda ilk dağ-xizək turizm mərkəzidir.
Fəxriyyə Abdullayeva
Mədəniyyət.- 2015.- 11
fevral.- S. 9.