Gənc azərbaycanlı
skripkaçı Berlin Filarmoniyasında
çıxış edib
Fevralın 2-də
Berlin Filarmoniyasında tanınmış professor Zaxar Bronun tələbələri olan
gənc skripkaçıların konserti keçirilib. Konsertdə dörd
gənc virtuoz ifaçı - Azərbaycandan
Elvin Qəniyev, Yaponiyadan
Mone Xattori, ABŞ-dan Elli Çoi, Yamaykadan Elinor D'melon
çıxış edib. Elvin
Qəniyev ifası ilə hamını valeh
edib.
Qeyd edək ki, Elvin Qəniyev Ankarada Bilkent Universitetinin musiqi hazırlığı ibtidai məktəbini bitirib, hazırda İspaniyanın Kraliça Sofiya adına Madrid Ali Musiqi Məktəbində təhsil alır. Bir çox beynəlxalq festival və müsabiqədə, Azərbaycanda və xarici ölkələrdə keçirilən yüksək səviyyəli tədbirlərdə uğurla çıxış edib. K.Lipinski və Q.Venyavski adına gənc skripkaçıların XI beynəlxalq müsabiqəsi (Polşa), "Klassik irs" (Rusiya), P.İ.Çaykovski adına gənc musiqiçilərin müsabiqəsi (İsveçrə) və "Madrid gecələri" (İspaniya) beynəlxalq müsabiqəsinin laureatıdır.
2008-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Elvin Qəniyevin adı gənc istedadların “Qızıl kitabı”na yazılıb və o, Prezident təqaüdünə layiq görülüb. 2010-cu ildə İtaliyada keçirilmiş gənc musiqiçilərin beynəlxalq müsabiqəsində qələbəsindən sonra ifaçı Roma Papası tərəfindən ordenlə təltif olunub.
Elvin Qəniyev aprel ayında Berlin
Filarmoniyasında keçiriləcək N.Paqanini
konsertində Vadim Repin
və İvri Gitlis ilə
eyni səhnəni paylaşacaq.
Mədəniyyət.- 2015.- 11
fevral.- S. 4.