Folklor musiqisi nümunələrinin tədrisi

 

Fevralın 9-da Bakıdakı Georgi Şaroyev adına 35 nömrəli 11 illik musiqi məktəbində Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin təşkilatçılığı ilə “Azərbaycan folklor musiqisi nümunələri uşaq musiqi və incəsənət məktəblərinin tədris proqramlarında” mövzusunda elmi-metodiki seminar keçirilib.

Mərkəzin təhsil şöbəsinin müdiri Natiq Mustafayev çıxış edərək, müasir dövrdə şagirdlərin musiqi qabiliyyətinin, musiqi-estetik mədəniyyətinin yüksəldilməsində folklor musiqisi nümunələrindən, xüsusilə də milli rəqslərdən istifadənin vacibliyindən danışıb. Qeyd edib ki, Azərbaycan musiqi folklorunun yüksək bədii obrazları mühüm mənəvi-estetik təsir gücünə malikdir. Milli musiqinin ahəng sistemini, ritm, tembr, harmoniyasını hiss etmək və fərqləndirmək bacarığı şagirdlərdə milli, həmçinin xarici musiqiyə marağın yaranmasına kömək edir. Bu baxımdan yeni tədris proqramlarına daxil edilmiş folklor nümunələrinin - Azərbaycan xalq rəqslərinin, görkəmli bəstəkarlar Tofiq Quliyev, Midhəd Əhmədov, Soltan Hacıbəyov, Rauf Hacıyev və digərləri tərəfindən fortepiano üçün işləmələrin şagirdlərin proqram və repertuarlarına daxil edilməsi böyük əhəmiyyət kəsb edir. Tədris prosesində bu janrdan geniş istifadə günün zəruri məsələlərindən biridir.

Seminarın sonunda məktəbin şagird və müəllimləri Azərbaycan xalq rəqsi melodiyalarının fortepiano işləmələrindən “Darçını”, “Əsgərani”, “Turacı”, “Azərbaycan”, “Şuşa” və “Qaytağı” rəqslərini ifa ediblər.

 

Mədəniyyət.- 2015.- 11 fevral.- S. 4.