Muğammüasir musiqi yaradıcılığı

 

IV Beynəlxalq Muğam Festivalı çərçivəsində təşkil olunacaq simpoziuma hazırlıqla bağlı konfrans keçirilib

 

Fevralın 9-10-da Azərbaycan Bəstəkarlar İttifaqında “Muğam aləmi” IV Beynəlxalq Muğam Festivalı çərçivəsində reallaşacaq elmi simpoziuma hazırlıq məqsədilə konfrans keçirildi.

 

Festival Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı və Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı ilə martın 11-dən 18-dək davam edəcək. Tədbir çərçivəsində təşkil olunacaq beynəlxalq elmi simpoziuma müxtəlif ölkələrdən alimlər, mütəxəssislər qatılacaq.

Bəstəkarlar İttifaqında keçirilən “Muğammüasir musiqi yaradıcılığı” mövzusunda konfransda simpozimda iştirak etmək istəyən alimlərin məruzələri dinlənildi.

Azərbaycan Bəstəkarlar İttifaqının sədri, professor Firəngiz Əlizadə bildirdi ki, iki ildən bir keçirilən beynəlxalq muğam festivalı ölkəmizin mədəni həyatında ən əlamətdar hadisələrdən biridir. Bu möhtəşəm tədbir dünyanın bir çox görkəmli musiqiçilərinin və musiqişünas-alimlərinin diqqət mərkəzindədir və öz əhatə dairəsini genişləndirir. Muğamın şifahi ənənəli musiqi sənəti kimi tədqiqi artıq dünya musiqi elminin prioritet məsələlərindən birinə çevrilib.

Festivalla bağlı hazırlıq işlərinə start verildiyini qeyd edən F.Əlizadə onu da diqqətə çatdırdı ki, bu çərçivədə konsertlər, muğam ifaçılarının müsabiqəsi və digər tədbirlərlə yanaşı, elmi simpoziumda təşkil olunacaq.

Simpoziuma hazırlıq konfransında muğam sənəti: ənənə və yeni yozumlar, muğam müasir bəstəkarların yaradıcılığında, muğam dəsgahlarının notlaşdırılması problemi, müxtəlif musiqişünaslıq məktəblərində muğam terminologiyası ilə bağlı məruzələr təqdim olundu.

AMEA-nın Memarlıq və İncəsənət İnstitutu, Bakı Musiqi Akademiyası, Azərbaycan Milli Konservatoriyası və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində çalışan musiqişünas-alimlər və gənc mütəxəssislərin məruzələri dinlənildi.

Məruzələr təşkilat komitəsi tərəfindən mövzuya uyğunluq, elmi dəyər parametrlərinə görə qiymətləndirilərək müvafiq qərar veriləcək. Nəticələr yaxın günlərdə elan ediləcək.

 

Savalan Fərəcov

 

Mədəniyyət.- 2015.- 11 fevral.- S. 3.