Kinomuzun Gülnazı,
televiziyamızın siması, kitablarımızın dostu...
Sənətdə
bəxtəvərlik, şansın üzə gülməsi, məşhurluğun
qısa yolu kimi ifadələri
çox eşidirik.
Bilmirəm, bunu kim nə
mənada deyir və ya
hansı eyhamla vurğulayır. Amma bütün hallarda şansın üzə gülməsi və
zəhmətin sənətin zirvəsinə gedən çətin
yolda o yolçunun
əlindən tutması hər adama nəsib
olmur.
Bu yazının qəhrəmanı bəxt və sənət anlamlarının bütün ştrixlərində bəxtəvərlərdəndir. Çünki yaşının 75-i haqlayan çağında da həyatının ilk böyük sənət qələbəsinin xoş təəssüratındadır. Söhbət Azərbaycan milli kino nümunələri içərisində əlahiddə yeri olan “O olmasın, bu olsun” filminin nazlı dilbəri Gülnazdan gedir. Daha doğrusu, bu obraza, özünün də dediyi kimi, onlarla gözəl qızın arasından seçilən və bu seçimlə həyatı dəyişən Tamara Gözəlova-Ağamirovadan gedir.
1940-cı il fevralın 14-də Bakıda ziyalı ailəsində anadan olan Tamara xanım elə uşaq çağlarından sənətə, ədəbiyyata, yaradıcılığa, ümumilikdə özünüifadə azadlığına maraq göstərib. Və elə bu istək, bu daxildən gələn çağlar bulaq özünə yol tapır.
“Görüb-tanıyan olanda deyirdim ki, səhv salırsınız, mən Gülnaz deyiləm”
Məşhur filmdə Gülnaz roluna seçilməsini ən gözəl xatirə silsiləsinə daxil edən Tamara xanım o günləri belə yada salır: “Məktəbimizdə ədəbiyyat, dram, xor dərnəkləri var idi. Mən ədəbiyyat və xor dərnəyinin üzvü idim. Dram dərnəyində də tamaşalarda çıxış edirdim. Səkkizinci sinifdə oxuyanda məktəbə “O olmasın, bu olsun” filmini çəkmək üçün çəkiliş qrupu - rejissor Hüseyn Seyidzadə, operator Əlisəttar Atakişiyev, köməkçi rejissorlar və çəkilişin direktoru gəlmişdi. Onlar məktəbə müraciət edəndə müəllimlərimiz hər sinifdən 2-3 qız seçdilər. Bizim sinfə gələndə müəllimə məni elə təqdim etdi ki, sanki o məktəbin ən böyük aktrisasıyam. Tənəffüsdə direktorun otağına yığışanda gördüm ki, orada təxminən 50-60 qız var. Onların arasından məni seçdilər. O qədər gözəl qızlar gətirmişdilər ki, heç kim inanmırdı ki, məni seçərlər. Elə oldu ki, məni seçdilər və 3-4 aylıq böyük bir proses başladı. Əvvəlcə foto, sonra kino çəkilişləri oldu.
Əsas söz-söhbət də bundan sonra başladı. Əvvəlcə evdə, sonra da məktəbdə narazılıq yarandı. Hələ səkkizinci sinifdə oxuyurdum, həm dərslərimi çatdırmalı idim, həm çəkilişlərə getməli idim. O vaxt da dərsdən qalmaq söhbəti yox idi. Atam da nizam-intizamı xoşlayan, ağır xasiyyətli insan idi. Nə isə, uzun söz-söhbətdən sonra atamı razı saldılar. Məktəblə də razılığa gəldilər, bir şərtlə ki, dərslərdən geri qalmayım.
Beləliklə, məni Gülnaz roluna çəkdilər. Mənim üçün o günlər qəribə bir təəssüratda idi. O coşqun prosesə qoşulmaq, əlçatmaz saydığım səhnə xadimləri ilə bir məkanda olmaq, onların söhbətlərinə şahid olmaq ağlagəlməz dərəcədə xoş idi mənim üçün”.
Məşhur filmin məşhur qəhrəmanı bu işin bir vəzifə olduğunu, tanınmaq, hər kəsin barmaqla göstərəcəyi bir sima olacağı barədə heç düşünmədiyini deyir: “İndi uşaqlar filmlərə çəkiləndə və ya bir dəfə efirə çıxıb oxuyanda özlərini ulduz hesab edirlər. Amma o vaxt mən hesab edirdim ki, bu işi görmək lazımdır. Mən bunu vəzifə kimi görürdüm. Hələ indi-indi soruşanda etiraf edirəm ki, Gülnaz roluna çəkilən mənəm. Deyirəm, sonra da danışmağa utanıram. Elə bilirəm, nə isə qəbahət iş görmüşəm. Görüb-tanıyanlar olanda çox vaxt deyirdim ki, yox, səhv salırsınız, mən Gülnaz deyiləm. Tələbə yoldaşlarımın 90 faizi bilmirdi ki, mən filmdə çəkilmişəm. Biri mən efirdə çıxış eləyəndən sonra zəng edib demişdi ki, bəs, biz neçə il bir yerdə oxumuşuq, neçə ilin dostuyuq, hələ indi xəbər tuturam”.
Kinodan televiziyaya
Yuxarıda qeyd etdiyim kimi, Tamara xanım yaradıcılığa geniş aspektdən baxaraq uşaqlıq arzuları, özünü geniş auditoriyada ifadə xəyallarını da gerçəkləşdirə bilib. O, milli televiziyamızın ilk diktorlarından biri kimi də tanınıb, sevilib. 1956-1959-cu illərdə Bakı Televiziya Studiyasında çalışıb.
Televiziyadakı fəaliyyət dönəmini belə xatırlayır: “Bir gün ədəbiyyat müəlliməmiz Gültəkin Cabbarlı məni yanına çağıraraq bildirdi ki, səni telestudiyaya dəvət edirlər. Ertəsi gün ora getdim və müsabiqə keçirilən otağın qarşısında çoxlu yaraşıqlı qızların növbə gözlədiyini gördüm. Hamısı bər-bəzəkli idi. Mən isə məktəbli formasında idim. Dönüb getmək istəyəndə bir kişi qolumdan yapışıb dedi ki, hara gedirsən, sənin namizədliyin artıq təsdiq olunub. Sonradan bildim ki, filmdən olan fotoşəklimi ekran üzərinə qoyublar və görkəmimə görə məni seçiblər. 1956-cı il may ayının 1-də - Azərbaycan televiziyasında ilk dəfə tamaşaçıları ana dilimizdə salamladım. Beləcə fasilələrlə 1959-cu ilin iyul ayına qədər burada fəaliyyət göstərdim”.
Kitablarla keçən ömür
Təhsilinə də xüsusi önəm verən qəhrəmanımız 1957-ci ildə Bakıdakı 190 saylı orta məktəbi başa vurduqdan sonra qaynar tələbəlik həyatına qatılır. 1965-ci ildə Bakı Dövlət Universitetinin kitabxanaçılıq şöbəsini bitirdikdən sonra ömrünü kitabların dünyasına qərq edir. Yaxın dostu, sirdaşı, həmsöhbəti olan kitablarla uzun bir yol gedir. Maraqlıdır ki, yaradıcılığın ən müxtəlif istiqamətlərinə meyllənib özünü sınasa da, bütün əmək fəaliyyətini kitabxana sahəsinə həsr edib. 1965-ci ildən 2011-ci il yanvarın 18-dək M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında çalışıb.
75 illik ömrə zəngin bir yaradıcılıq tərcümeyi-halı sığdıran Tamara xanım bu gün ötənlərin xoş anlarının xatirəsinə boylanaraq yəqin ki, haqlı qürur hissi keçirir.
Həmidə
Nizamiqızı
Mədəniyyət.- 2015.- 13
fevral.- S. 12.