“İrihəcmli əsərlər
üzərində işləyirəm”
Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, Ü.Hacıbəylinin ev-muzeyinin direktoru Sərdar Fərəcov böyük türk şairi Nəcib Fazil Qısakürəyin sözlərinə oratoriya yazıb. Əsəri bu yaxınlarda tamamladığını deyən bəstəkar oratoriyanın bir saatdan artıq xronometrajı olduğunu deyib. Yaxın zamanlarda Ankarada oratoriyanın ifası gözlənilir.
Bəstəkarın bir neçə il bundan əvvəl bəstələdiyi, Kiyevdə (Ukrayna), Hanoyda (Vyetnam) səsləndirilən “Koroğlu” simfonik freskası yanvarın 28-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Abıl Tarakulı adına Qazax Milli Alətlər Orkestrinin “Xəzəri yelləndirən dostluq mahnısı” adlı konsertində ifa olunub. Sərdar Fərəcov simfonik əsərinin ilk dəfə yeni tərzdə - xalq çalğı alətləri orkestrinə transkripsiya edilərək ifa olunmasından məmnunluğunu bildirib. O, həmçinin opera və balet kimi irihəcmli əsərlərin də üzərində işlədiyini vurğulayıb.
Bəstəkar tamaşalara
və filmlərə də musiqilər yazmaqda
davam edir. Bu yaxınlarda Akademik Milli Dram Teatrında səhnəyə
qoyulan “Nadir şah” tamaşasının musiqisi
ona məxsusdur.
Mədəniyyət.- 2015.- 13
fevral.- S. 11.