Bu əməkdaşlıq hər iki qurum üçün faydalı olacaq

 

Azərbaycan Konqreslər Bürosu ilə Azərbaycan Turizm Assosiasiyası arasında memorandum imzalanıb

 

Fevralın 12-də Azərbaycan Konqreslər Bürosunun (AzCB) Rəhbər Komitəsinin növbəti iclası keçirildi.

 

Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov bildirdi ki, bir ildən artıqdır fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosunun sıraları getdikcə genişlənir. 14 təsisçi üzvlə işə başlayan qurumun artıq 23 üzvü var: «Bu ilin əvvəlindən bir neçə şirkət də üzvlük üçün müraciət edib. Hazırda onların sənədlərinə baxılır. Bu onu göstərir ki, Azərbaycan turizm sənayesinin nümayəndələri bu quruma inanır. Mədəniyyət və Turizm Nazirliyi Konqreslər Bürosunun fəaliyyətini yüksək qiymətləndirir və onu dəstəkləyir».

İclasda Azərbaycan Konqreslər Bürosu ilə Azərbaycan Turizm Assosiasiyası (AZTA) arasında əməkdaşlıq memorandumu imzalandı.

AZTA idarə heyətinin sədri Nahid Bağırov 5 ildir turizm bazarında fəaliyyət göstərən qurumun öz təcrübəsini Konqreslər Bürosu ilə bölüşməyə hazır olduğunu dedi. Onun sözlərinə görə, AZTA-nın müxtəlif beynəlxalq turizm qurumları ilə yaxşı əlaqələri varassosiasiya Konqreslər Bürosunun da bu əlaqələrdən yararlanması üçün lazım olan köməkliyi göstərəcək. Bu əməkdaşlıq hər iki qurum üçün faydalı olacaq.

Azərbaycan Konqreslər Bürosunun icraçı direktoru Florian Sengstschmidt bildirdi ki, Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə yaradılan və 2013-cü ildən etibarən fəaliyyət göstərən qurumun əsas məqsədi Azərbaycana biznes tədbirlərinin cəlb edilməsi vasitəsilə işgüzar (MİCE) turizmin inkişaf etdirilməsidir. O, rəhbərlik etdiyi qurumun bu istiqamətdə işini davam etdirməsi üçün Azərbaycan Turizm Assosiasiyası ilə imzalanan müqavilənin əhəmiyyətli olacağına inandığını diqqətə çatdırdı.

Qeyd edək ki, Azərbaycan Konqreslər Bürosunun (AzCB) Rəhbər Komitəsinin iclası ildə iki dəfə keçirilir. Toplantının məqsədi üzv şirkətlər arasında strateji resursların düzgün idarə edilməsinin müzakirəsi, həmçinin Görüşlər Sənayesindəki imkanların müəyyən edilməsi, təkliflərin verilməsi və müxtəlif imkanların araşdırılmasını təmin etməkdir.

Budəfəki iclasda qurumun yeni üzvləri təqdim olundu, Görüşlər Sənayesində baş verən yeniliklər və imkanlar barədə fikir mübadiləsi aparıldı, eyni zamanda 2015-ci il üçün prioritet məsələlər müzakirə edildi. Tədbir iştirakçıları AzCB-nin araşdırma və inkişaf, brend menecmenti, biznes turizm məhsullarının təkmilləşdirilməsi, marketinq kommunikasiyaları və yayımının təmin edilməsi kimi fəaliyyət sahələrini əhatə edən 2015-ci il strategiyasını da müzakirə etdilər.

 

Fəxriyyə Abdullayeva

 

Mədəniyyət.- 2015.- 13 fevral.- S. 9.