Almaniya muzeylərində Azərbaycana aid eksponatlar tədqiq ediləcək
Mədəniyyət və Turizm Nazirliyinin əmri ilə yaradılan elmi tədqiqat komissiyasının üzvləri Berlin İbtidai və Qədim Dövr Tarix Muzeyində olublar
Berlin İbtidai və Qədim Dövr Tarix Muzeyinin fondlarında Azərbaycanın tunc dövrünü,
xüsusilə də Xocalı-Gədəbəy mədəniyyətini
əks etdirən 2600-dən çox
eksponatın elmi cəhətdən tədqiq
olunması ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyinin müvafiq əmrinə əsasən elmi tədqiqat
komissiyası yaradılıb və komissiyanın üzvləri
Almaniyaya ezam edilib.
Berlin muzeyinin arxeologiya şöbəsinin müdiri Manfred Navrot komissiya üzvlərini muzeyin Xocalı-Gədəbəyə aid kolleksiyası ilə tanış edib.
Bununla bağlı qeyd edilən məsələnin və ümumiyyətlə Berlin İbtidai və Qədim Dövr Tarix Muzeyi ilə qurulmuş əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi məqsədilə fevralın 10-da mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyevanın yanında görüş keçirilib. Görüşdə nazirliyin Muzey işi və mədəniyyət sərvətlərinə nəzarət sektorunun müdiri Azadə Hüseynova, Berlin İbtidai və Qədim Dövr Tarix Muzeyi arxeologiya şöbəsinin müdiri Manfred Navrot, Azərbaycan Milli İncəsənət Muzeyi elmi araşdırmalar şöbəsinin müdiri Toğrul Əfəndiyev, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu Abşeron arxeoloji ekspedisiyasının rəisi, arxivin müdiri İdris Əliyev iştirak edib.
Görüş zamanı Berlin İbtidai və Qədim Dövr Tarix Muzeyində və Almaniyada yerləşən digər muzeylərdə Azərbaycana aid eksponatların araşdırılması, eləcə də hər iki tərəfi təmsil edən alimlərdən və tədqiqatçılardan ibarət işçi qrupun yaradılması müzakirə olunub. Həmçinin digər layihə - “Amazonların tarixi və Qafqazda irsi” adlı sərginin hazırlanması ətrafında danışıqlar aparılıb.
Manfred Navrot bildirib ki, Berlin İbtidai və Qədim Dövr Tarix Muzeyinin direktoru, professor Matias Vemhof (Matthias Wemhoff) Bakıya səfər etməyi planlaşdırır.
Professor M.Vemhofu 18-19 may
tarixində keçiriləcək III Dünya
Mədəniyyətlərarası Dialoq Forumuna dəvət edən nazir
müavini Sevda Məmmədəliyeva
səfər zamanı göstərilən məsələlərin
müzakirəsi məqsədilə ikitərəfli
görüşlərin keçirilməsini təklif edib.
Mədəniyyət.- 2015.- 13
fevral.- S. 8.