“Vətənin
müdafiəsinə hazıram!”
Rəsm müsabiqəsinə yekun vurulub
Fevralın 10-da
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının
muzey-sərgi kompleksində “Vətənin müdafiəsinə
hazıram” mövzusunda rəsm müsabiqəsinə
həsr olunmuş sərgi
açılıb. Müsabiqə Səfərbərlik və
Hərbi Xidmətə Çağırış üzrə
Dövlət Xidmətinin və Rəssamlıq Akademiyasının
birgə təşkilatçılığı ilə keçirilib.
Layihənin məqsədi gənc nəsli milli dövlətçilik ruhunda tərbiyə etmək, Azərbaycanda güclü ordu quruculuğunu, qəhrəmanlıq nümunələrini təbliğ etməkdir.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, akademik Ömər Eldarov müsabiqənin əhəmiyyətindən danışıb, qalib iştirakçıları təbrik edib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini polkovnik Zaur Abdullayev bildirib ki, müsabiqəyə respublikanın demək olar ki, bütün rayon və şəhərlərindən iştirakçılar qatılıb, onların içərisindən ən layiqliləri seçilərək mükafatlandırılıb. O, müsabiqənin Dövlət Xidməti tərəfindən keçirilən hərbi-vətənpərvərlik tədbirlərindən biri olduğunu vurğulayaraq bu istiqamətdə layihələrin davam etdiriləcəyini deyib.
Sonra müsabiqənin qalibləri mükafatlandırılıb. Həmçinin sərgidə nümayiş olunan rəsm əsərlərindən ibarət kataloqun təqdimatı keçirilib.
Yekun sərgidə yaşı 18-dək olan gənclərin vətənpərvərlik ruhunu tərənnüm edən 400-dək rəsmi nümayiş etdirilir. Sərgi fevralın 14-dək davam edəcək.
Fariz Hüseynov
Mədəniyyət.- 2015.- 13
fevral.- S. 6.