Mədəniyyət
və turizm naziri
ATƏT və BMT təmsilçiləri ilə görüşüb
Bakıda keçiriləcək III Dünya Mədəniyyətlərarası Dialoq Forumu ilə bağlı fikir mübadiləsi aparılıb
Mədəniyyət
və turizm naziri
Əbülfəs Qarayev fevralın 10-da
ATƏT-in Bakıdakı layihə əlaqələndiricisi Aleksis Şahtaxtinskini qəbul
edib.
Görüşdə bu ilin 18-19 may tarixində Bakıda keçiriləcək III Dünya Mədəniyyətlərarası Dialoq Forumu ilə bağlı fikir mübadiləsi aparılıb. Forumun beynəlxalq arenada böyük maraq oyatdığını diqqətə çatdıran Aleksis Şahtaxtinski tədbir çərçivəsində rasizmə qarşı mübarizə və tolerantlıq mövzularında birgə sessiyanın keçirilməsini təklif edib. Nazir təklifi təqdirəlayiq hesab etdiyini deyib.
Əbülfəs Qarayev əlavə edib ki, Dünya Mədəniyyətlərarası Dialoq Forumu beynəlxalq formatda tədbir olduğundan burada gündəliyə çıxarılan hər bir məsələ tərəfdaş qurumlar ilə işçi qrupunun görüşlərində birgə razılaşdırılır. Sözügedən təklifin gündəliyə çıxarılması məsələsi konkret layihə təklifi alındıqdan sonra nəzərdən keçiriləcək.
* * *
Həmin gün Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev BMT-nin İnkişaf Proqramının (UNDP) ölkəmizdəki rezident əlaqələndiricisi Antonius Broek ilə də görüşüb.
Görüşdə UNDP-nin Azərbaycanda həyata keçirdiyi layihələr barədə məlumat verilib. Antonius Broek nazirin bu ilin yanvar ayında Nyu-Yorka səfəri çərçivəsində keçirilən tədbirlərin, eləcə də BMT rəsmiləri ilə görüşlərin böyük rezonans doğurduğunu diqqətə çatdırıb.
Nazir bildirib ki, Dünya Mədəniyyətlərarası Dialoq Forumuna BMT-nin üç əsas ixtisaslaşmış qurumunun - UNESCO, Sivilizasiyalar Alyansı və Dünya Turizm Təşkilatının cəlb olunması Azərbaycanın bu qurumla çoxşaxəli əməkdaşlığının bariz nümunəsidir.
Qeyd edilib
ki, UNDP çərçivəsində
ölkəmiz ilə turizm sahəsində
əməkdaşlıq üçün geniş imkanlar mövcuddur. Bütün təkliflər
Azərbaycan qanunvericiliyinə
uyğunlaşdırıldıqdan sonra
onların həyata keçirilmə mexanizmləri ətraflı
nəzərdən keçirilə bilər. Bu
təkliflər eyni zamanda
may ayında Bakıda keçiriləcək
III Dünya Mədəniyyətlərarası
Dialoq Forumu çərçivəsində
"Mədəniyyət və davamlı inkişaf
2015 gündəliyi" ilə əlaqələndirilə bilər.
Mədəniyyət.- 2015.- 13
fevral.- S. 4.