2015-ci ildə
çəkiləcək yeni filmlər
“Xeyir ilə Şərin rəqsi” bədii filmi və “Motivlər 2” kinoalmanaxı istehsalata buraxılıb
Ötən il Azərbaycanın kino sahəsi üçün uğurlu il oldu. C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının istehsal etdiyi ekran əsərləri 50-dən çox beynəlxalq festivalda iştirak etdi, müxtəlif nominasiyalar üzrə mükafatlar qazanıldı. “Qisas almadan ölmə. Keçmişdən məktublar”, “Nabat”, “Axırıncı dayanacaq”, “Axınla aşağı” filmlərinin çəkilişləri yekunlaşaraq tamaşaçıların ixtiyarına verildi. İlk dəfə olaraq Qarabağ mövzusundan bəhs edən “Nabat” filmi beynəlxalq festivala qatıldı.
Bu il istehsalata hansı filmlər buraxılacaq və tamaşaçılar hansı yeni ekran əsərləri ilə tanış ola biləcəklər?
Mədəniyyət və Turizm Nazirliyinin Kino yaradıcılığı və filmlərin təbliği sektorunun müdiri Yusif Şeyxov sualımıza cavab olaraq bildirdi ki, 2015-ci ilin birinci yarısı üçün iki ekran əsərinin - “Xeyir ilə Şərin rəqsi” bədii filminin və “Motivlər 2” kinoalmanaxının çəkilişləri nəzərdə tutulub.
“Xeyir ilə Şərin rəqsi” bədii filminin rejissoru Yavər Rzayev, ssenari müəllifləri Çingiz Abdullayev və Yavər Rzayevdir. Çəkilişlər fevral ayının sonlarına nəzərdə tutulur.
“Motivlər 2” kinoalmanaxında isə 5 qısametrajlı filmin çəkilişi nəzərdə tutulur ki, bu sıradan rejissor Amil Məmiyevin “Qara bağ” filminin çəkilişləri yekunlaşmaq üzrədir. Almanaxın ikinci kinolentinin - rejissor Emin Əfəndiyevin “Eşqin sonsuz nəğməsi” adlı filmin çəkilişlərinə yaxın günlərdə start veriləcək. “Motivlər 2” kinoalmanaxının qalan 3 filmi isə yay aylarında istehsalata buraxılacaq.
Lalə Azəri
Mədəniyyət.- 2015.- 13
fevral.- S. 4.