Kitablar kitabı
Milli Ensiklopediyanın növbəti cildləri üzərində iş davam edir
Ensiklopediya müxtəlif məlumatların sistemli şəkildə toplandığı, lakonik və dolğun
şəkildə oxucuya
çatdırıldığı nəşrdir. Ensiklopediyalar universal və
xüsusi olaraq iki yerə bölünür.
Universal ensiklopediyalar oxucular üçün ümumi bilgiləri əhatə edir, sahə ensiklopediyaları isə konkret istiqamət üzrə məlumatları
özündə əks etdirir.
Milli ensiklopediyalarda ölkənin tarixi və mədəniyyəti də daxil olmaqla müxtəlif sahələr haqqında ətraflı məlumatlarla yanaşı, dünya ölkələri və xalqları barəsində də detallı informasiyalar yer alır. Milli ensiklopediyalar hər bir xalqın mühüm mədəni inkişaf atributu hesab olunur.
İlk ensiklopediyamız
Ölkəmizdə ilk ensiklopediyanın nəşr olunması təşəbbüsü sovet dövrünə - ötən əsrin birinci yarısına təsadüf edir. 30-cu illərdə “Azərbaycan Şura Ensiklopediyası”nın yaradılması ilə əlaqədar bir sıra işlər görülsə də, onun nəşri baş tutmamışdır. 1965-ci il dekabrın 30-da Azərbaycan KP MK və Azərbaycan SSR Nazirlər Soveti “Azərbaycan Sovet Ensiklopediyası”nın nəşr olunması haqqında qərar qəbul edir. Qərarda 10 cildlik “Azərbaycan Sovet Ensiklopediyası” və “Azərbaycan SSR” xüsusi cildinin Azərbaycan və rus dillərində nəşr olunması nəzərdə tutulurdu. Bu proses xeyli uzandı, o cümlədən “Azərbaycan SSR” xüsusi cildinin hazırlanması problemlər doğurdu. Nəşr milli-tarixi məsələlərin qabardılması, sovet ideologiyasının tələblərinə cavab vermədiyinə görə dayandırıldı. Azərbaycan KP MK-nın 1975-ci il 24 oktyabr tarixli qərarı ilə ensiklopediyanın nəşrinə yenidən başlanıldı və 1976-1987-ci illərdə 10 cildlik “Azərbaycan Sovet Ensiklopediyası” nəşr edildi.
Azərbaycançılıq təməl prinsipdir
Ölkəmizin müstəqillik əldə etməsi, sürətli iqtisadi inkişafı, elmin tərəqqisi, milli-mənəvi dəyərlərə bağlılıq Azərbaycanın yeni universal ensiklopediyasının nəşr olunması zərurətini ortaya qoydu. Prezident İlham Əliyev ensiklopediyanın yüksək səviyyədə hazırlanması, nəşri üçün tələb olunan maddi-texniki bazanın yaradılmasının təmin edilməsi məqsədilə 12 yanvar 2004-cü il tarixdə “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, həmin ilin 5 may tarixində isə AMEA-nın “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin yaradılması haqqında sərəncamlar imzaladı.
“Azərbaycan Milli Ensiklopediyası”nın hazırlanmasında sovet dövründəki nəşrdən fərqli olaraq azərbaycançılıq ideologiyası təməl prinsip kimi önə çəkilib. Nəşrin qarşısında müstəqil Azərbaycanın yeni dövrdəki tələblərinə cavab verməsi, xalqımızın həyatında baş vermiş mühüm tarixi, ictimai-siyasi, elmi və mədəni hadisələri obyektiv şəkildə əks etdirmək kimi mühüm vəzifələr qoyulub.
Ensiklopediyanın artıq ilk cildləri nəşr olunaraq oxucuların istifadəsinə verilib. “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi tərəfindən hazırlanan çoxcildli universal nəşrin A hərfinə aid olan I və II cildləri, B hərfinə aid olan III və IV cildləri işıq üzü görüb. B, C, Ç hərflərinin yer aldığı V cild isə yaxın günlərdə oxuculara təqdim ediləcək. “Şərq-Qərb” nəşriyyatında çap olunacaq 25 min nüsxə kitabxana variantıdır. Kitabın abunə variantı isə 10 min nüsxə ilə Almaniyada nəşr olunacaq.
“Azərbaycan Milli Ensiklopediyası”nın I cildinə 4323, II cildinə
2676, III cildinə 2986, IV cildinə
1957, V cildinə isə
2979 termin daxil edilib. Ensiklopediyada dünyanın bütün
xalqları, o cümlədən
ibtidai şəraitdə
yaşayan azsaylı xalqlar haqqında, müxtəlif elmi, mədəni, tarixi hadisələr barədə
məlumat verilir.
Məqalələrin hazırlanmasında Rusiya, Böyük Britaniya və dünyada məşhur olan digər ensiklopediyalardan, həmçinin
“Azərbaycan Sovet Ensiklopediyası”ndan da istifadə olunur.
“Azərbaycan” cildinin ingilis dilində nəşri də planlaşdırılır
AMEA-nın “Azərbaycan
Milli Ensiklopediyası”
Elmi Mərkəzinin
2007-ci ildə nəşr
etdiyi “Azərbaycan” xüsusi cildində ölkəmiz haqqında müfəssəl məlumatlar
yer alıb. Bu cilddə
Azərbaycanın dünəni
və bu günü: qədim tarixi və müasir həyatı, təbii sərvətləri
və geosiyasi mövqeyi, elm, təhsil və mədəniyyət
sahələrində qazandığı
nailiyyətlər əksini
tapıb. Bununla da Azərbaycan
haqqında indiyə qədər bənzəri
olmayan yeni və müfəssəl məlumat toplusu hazırlanıb.
Kitab müstəqil
dövlətçiliyimizin qazandığı uğurları
obyektiv şəkildə
əks etdirir. Cildin hazırlanmasında
AMEA-nın alimlərinin,
həmçinin ölkənin
nazirlikləri, komitələri
və digər dövlət qurumlarının
təqdim etdiyi materiallardan istifadə edilib. “Milli Ensiklopediya”nın “Azərbaycan” cildi 14 bölmədən ibarətdir.
155 məqalənin, 55 xəritə,
69 xəritə-sxem, 588 illüstrasiya,
17 sxem və 97 cədvəlin əks olunduğu nəşrdə
gətirilən rəqəmlər,
faktlar və cədvəllər son illərin
statistik məlumatları
əsasında hazırlanıb.
“Azərbaycan” cildi
2012-ci ildə rus dilində də işıq üzü görüb. Bu cildin
ingilis dilində variantının nəşri
də planlaşdırılır.
Fariz Hüseynov
Mədəniyyət.- 2015.- 18
fevral.- S. 15.