"Zirvələrdən zirvələrə"

 

Azərbaycanın Əməkdar incəsənət xadimi, professor, sənətşünaslıq doktoru, rejissor Əflatun Nemətzadənin "Zirvələrdən zirvələrə" kitabı Ankarada çap olunub.

Dörd hissədən ibarət olan kitabın birinci hissəsi Əflatun Nemətzadənin rəhbərliyi və TÜRKSOY-un dəstəyi ilə həyata keçirilən iki "Koroğlu" beynəlxalq layihəsindən, Üzeyir Hacıbəylinin bu möhtəşəm əsərinin beş türkdilli ölkə sənətçilərinin iştirakı ilə müxtəlif səhnələrdə nümayiş etdirilməsindən bəhs edir.

Nəşrin ikinci hissəsi "Ədəbiyyat, bilim və sənət dünyamız" adlanır. Burada görkəmli bəstəkar Qara Qarayev, böyük qırğız yazıçısı Çingiz Aytmatov, Xalq şairi Rəsul Rza, akademik Arif Paşayev, xalq yazıçıları Anar, Elçin, Xalq şairi Fikrət Qoca, heykəltəraş Sait Rüstəm, qazax musiqisinin əfsanəsi Nina Nurpeyisovabaşqa sənət adamlarının yaradıcılığı təhlil olunur.

"Dastanlarımız və qəhrəmanlarımız” adlı üçüncü hissədə Kərkük şeirlərini dünyaya tanıdan professor Qəzənfər Paşayev haqqında, “Oğuznamə” dastanı barədə məqalələr, müəllifin xarici ölkələrdə keçirilən simpoziumkonfranslarda elmi çıxışları, türk teatrlarının estetik problemləri mövzusunda elmi məqalələri yer alıb.

Nəşrin dördüncü bölümündə türk teatrlarında ortaq dil məsələsi, türk dünyasının tanınmış şəxsiyyətlərindən Sosialist Əməyi Qəhrəmanı Kərim Kərimov, usta cərrahlar Rəşad Mahmudov və Əli Qafarov, eyni zamanda müəllifin tarixi hekayələri, Gülay Kaseinov haqqında ballada daxil edilib.

Ankaranın Keçiören bələdiyyəsinin dəstəyi ilə nəfis tərtibatda işıq üzü görən kitab ümumtürk və Azərbaycan mədəniyyətinin, görkəmli şəxsiyyətlərin tanıdılması və təbliğinə xidmət edir.

 

Mehparə

 

Məədəniyyət.- 2015.- 18 fevral.- S. 15.