İtaliya saytında Bakının turizm imkanları haqqında məqalə

 

İtaliyanın ANSA xəbər agentliyinin saytında getdikcə müasirləşən Bakının turizm imkanları haqqında məqalə yayımlanıb. Yazıda müasir Qərb yanaşması və ənənəvi Şərq gözəlliyi ahəng təşkil edən Bakının memarlığı, Azərbaycanın zəngin mədəni irsinin, qədim tarixinin izləri, UNESCO-nun Dünya İrs Siyahısına daxil edilən Şirvanşahlar sarayı, Qız qalası, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu, Abdulla Şaiq adına Dövlət Kukla Teatrının binası və bir çox digər obyektlərin öz tarixi görkəmi ilə turistləri cəlb etdiyi qeyd olunur.

Məqalədə Böyük İpək Yolu üzərində yerləşən Bakının tarixən tacirlərin və səyahətçilərin əsas məkanlarından biri olduğu və minlərlə xalça növü saxlanılan Azərbaycan Xalça Muzeyinin gələnlərin böyük marağını çəkdiyi vurğulanır.

Şəhərin möhtəşəm müasir tikililəri sırasında dünya şöhrətli memar Zaha Hadidin layihəsi əsasında inşa edilmiş Heydər Əliyev Mərkəzi və müasir Bakının rəmzi sayılan "Alov qüllələri" kompleksi xüsusi qeyd olunur.

Məqalədə həmçinin zəngin enerji ehtiyatlarına malik Azərbaycanın neft sənayesinin inkişaf tarixindən bəhs edilməklə yanaşı, muzey kimi fəaliyyət göstərən Nobel qardaşlarının iqamətgahı - Villa Petrolea və 2004-cü ildə yaradılmış Bakı Nobel İrsi Fondundan, Atəşgah məbədindən də söhbət açılır. Qeyd olunur ki, Atəşgah məbədində yerin təkindən çıxan alov hamını heyrətə gətirir.

 

Mədəniyyət.- 2015.- 18 fevral.- S. 6.