Sənətə verilən yüksək qiymət

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı müvafiq sərəncamlara əsasən, Əməkdar memar, Şərq Ölkələri Beynəlxalq Memarlıq Akademiyasının həqiqi üzvü Rəhim Məmi oğlu Seyfullayev, Azərbaycan Dövlət Nəşriyyatının direktoru, Prezident təqaüdçüsü Azər Abdulla oğlu Mustafazadə və Azərbaycan Xalça Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru Röya Tağıyeva "Şöhrət" ordeni ilə təltif ediliblər.

Fevralın 16-da mədəniyyət və turizm naziri Əbülfəs Qarayev yüksək dövlət təltiflərini sahiblərinə təqdim etdi. Nazir "Şöhrət" ordeninə layiq görülmüş mədəniyyət xadimlərini ölkə başçısının adından təbrik edərək onların hər birinin fəaliyyət göstərdikləri sahələrdə böyük xidmətləri olduğunu vurğuladı. Qeyd olundu ki, bu xidmətlər mədəniyyət işçilərinə, sənət adamlarına daim diqqət və qayğı göstərən Azərbaycan Respublikasının Prezidenti tərəfindən yüksək qiymətləndirilib.

Mərasimin memar Rəhim Seyfullayevin ad gününə təsadüf etdiyini bildirən nazir səbəbkarı təbrik etdi. Bildirdi ki, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının binasının, paytaxtımızda, o cümlədən İçərişəhərdə yeni layihələrin ərsəyə gəlməsində memarın əməyi danılmazdır.

Nazir Azər Mustafazadənin nəşriyyat sahəsində xidmətlərindən söz açaraq onun müstəqilliyimizin ilk illərdə, çətin dövrdə bu sahəyə gəldiyini və ölkəmizdə nəşriyyat işinin inkişafı və təkmilləşdirilməsində mühüm rolu olduğunu vurğuladı.

Röya Tağıyevanın Xalça Muzeyinin fəaliyyətində, eləcə də dekorativ-tətbiqi sənətimizin inkişafında xidmətlərini qeyd edən Əbülfəs Qarayev Azərbaycan mədəni irsinin tanıdılmasında muzeyin həyata keçirdiyi layihələri yüksək qiymətləndirdi. Bildirdi ki, bu mədəniyyət ocağının Azərbaycanın aparıcı muzeyləri sırasında xüsusi yeri var.

Əbülfəs Qarayev hər üç laureatı bir daha təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı. Təltif olunanlar fəaliyyətlərinə verilən yüksək qiymətə görə ölkə rəhbərliyinə təşəkkürlərini bildirdilər.

 

Lalə Azəri

 

Mədəniyyət.- 2015.- 18 fevral.- S. 5.