Milli Kitabxanada görüş
Plagiat faylların aşkarlanması ilə bağlı proqram təklifi müzakirə edilib
Fevralın 17-də
Polşanın “Antiplagiat”
kompaniyasının prezidenti Sebastyan Kavçinski və
qurumun Bakı ofisinin direktoru Əli Təhməzov M.F.Axundzadə
adına Azərbaycan Milli Kitabxanasında olublar.
Direktor Kərim Tahirov Milli Kitabxananın fəaliyyəti, elektron resursları barədə qonaqlara məlumat verib.
Sebastyan Kavçinski rəhbərlik etdiyi təşkilat barədə danışaraq bildirib ki, 2002-ci ildən fəaliyyət göstərən kompaniya Moldova, Almaniya, Rumıniya, Polşa və digər Avropa ölkələrində, Cənubi Amerikada fəaliyyət göstərir və 200-dən artıq müştərisi var.
Azərbaycanın onlar üçün çox maraqlı ölkə olduğunu vurğulayan S.Kavçinski burada da fəaliyyət göstərməyi düşündüklərini söyləyib. O, Ali Attestasiya Komissiyası, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası, Təhsil Nazirliyi və bir neçə ali təhsil ocağının rəhbərləri ilə görüşdüyünü və antiplagiatlıq üzrə milli proqramlar təklif etdiklərini diqqətə çatdırıb. Kompaniyanın hazırladığı proqramlar təhsil müəssisələrində, nəşriyyatlarda, kitabxanalarda intellektual mülkiyyətin qorunmasına, sənədlərdə plagiat faylların aşkar olunmasına xidmət edir. Proqramlar hər hansı dildə plagiatı müəyyən etmək imkanına malikdir.
Görüşün sonunda K.Tahirov proqramla ətraflı tanış
olacaqlarını, proqramların Azərbaycan Milli
Kitabxanası üçün əhəmiyyətini
araşdıracaqlarını bildirib.
Mədəniyyət.- 2015.- 18
fevral.- S. 3.