Zəhmətin
becərdiyi qızılgül
23 fevral 1944-cü ildə, müharibənin
qızğın çağında işğalçı alman ordusuna rəğbətdə
günahlandırılan çeçen-inquşların Orta Asiyaya, Sibirə sürgün olunması, cəbhədən
yaralı qayıdan peşəkar rəqqas Mahmud
İşxoyev-Esembayevin
Qırğızıstanda az qala kor olmaq
təhlükəsi ilə
üzləşən atasını tapması, qışda
aclıqdan qarğıdalı tarlasında dən axtaran xəstə anasının şaxtadan donub
dünyasını dəyişdiyini öyrənməsi filmdə
öz əksini tapa
bilməzdi.
Yalnız 1954-cü ildə sürgündə sağ qalanların geriyə, doğma yurda qayıtmaları 1957-ci ildə Çeçen-İnquş Respublikasının bərpası, Mahmud İşxoyevi yaxından tanıyan İdris Bazarokinin “Artistin yolu” (“Əmək və qızılgül”) adlı oçerkini genişləndirməklə ərsəyə gətirdiyi kinopovesti on üç variantda işləməsi hakimiyyət məmurlarını razı salacaq filmin ədəbi mənbəyinə çevrilə bildi.
4 noyabr 1961-ci ildə “Azərbaycanfilm” kinostudiyasının bədii şurasında “Əmək və qızılgül” filminin rejissor ssenarisinin müzakirəsində: “Ədəbi ssenaridə yeni incəsənət nümayəndəsinin ağır mühitə gəlişindən söhbət gedirdi. Qəhrəman etirazçılarla mübarizə sayəsində sənətkara çevrilirdi. İndi bu xətt sıradan çıxdığından biz qəhrəmanı hazır peşəkar kimi görürük. Onun mübarizədə dəyişməsi diqqətdən kənarda qalır. Moskvada Esembayev haqqında altı sənədli rəqs-novella çəkilsə də, tamaşaçıya Esembayevin həyat hekayəti maraqlıdır” deyən Rza Təhmasib mövzunun avtobioqrafik həllini məsləhət görür. Müzakirədə çıxış edən Tofiq Tağızadənin: “Təəssüf ki, biz ədəbi və rejissor ssenarisini yetərincə hazırlaya bilmədik. İstehsalat prosesi imkan vermədi. Bu film Esembayev haqqında yox, 30-cu illərdə geridə qalan çeçen-inquş xalqının mədəni səviyyəsinin artması barədədir. Bütün bunlar qəhrəmanın simasında göstərilir. Ədəbi ssenarinin ilk variantlarında müəyyən süjet olmadığından rəqslər önə keçirdi. Qəhrəmanı və xalqı bağlamaq lazım idi. Bəlkə də bu alınmayıb” fikirləri siyasi diktəyə tabe olan müəllifin itaətkarlığını səciyyələndirir.
İdris Bazorkinin “Ssenarinin əsas ziddiyyəti təkcə ata ilə yox, dolayı yolla bütün digərləri ilə mübarizədir. Belə mübarizə dövründən asılı olmayaraq həmişə qətiyyətlə, emosional şəkildə tamaşaçıya təsir göstərir” fikirlərinə müqavimət göstərən kinostudiyanın direktoru Məhərrəm Haşımov: “Əgər ssenarinin mövzusu ancaq geriliklə, əyintiliklə mübarizədirsə, bu maraqsızdır və yeni deyildir. Bu əsas deyil, əsas insanın əmək mübarizəsində inkişafıdır” deməklə partiyanın XXII qurultayının çağırışını yada salır.
28 aprel 1962-ci ildə İ.Bazorkinin “Əmək və qızılgül” filminin rejissor ssenarisinin bədii şurada növbəti müzakirəsində “əvvəl bioqrafik xəttin önə keçməsi indi aradan götürülüb” deyən Rza Təhmasibin “xəstəxanadakı səhnədə ayaqların itirilmə təhlükəsi təyyarəçi Aleksey Maresyevi xatırlada bilər. Çatdırmaq lazımdır ki, bu faciə adi təsadüfdən yaranmır, ayaqları itirilərsə, onun yaşaya bilməyəcəyi göstərilməlidir” təklifi: “Pavlov xətti güclənmişdir. Onun arvadı ilə finalda göstərilməsi yaxşıdır. Bu xətt itmir. Sovet hakimiyyətinin xırda xalqlar üçün çox iş gördüyünü qabartmaq lazımdır” çağırışı dövrün siyasi mənzərəsini yaradır. Mahmuda atalıq edən Pavlov obrazı çox mülayim və şablondan kənardır” - deyən Niyazi Bədəlovun siyasi motivi qabartmaq cəhdi, “Esenbayevin mübarizə apardığı əslində atasının da tərəfini saxladığı köhnə rəqs sənəti ilə qarşılaşdırılması yaxşı olardı. Onda dramaturgiya da güclənərdi” təklifini verən Şamil Mahmudbəyovun ifratçılığı sezilir.
Çoxsaylı müzakirələrdən sonra, nəhayət ki, Tofiq Tağızadənin quruluş verdiyi “Əmək və qızılgül” filminin (ssenari müəllifləri Tofiq Tağızadə, İdris Bazorkin. 1962) foto sınaqlarında baş rola Nodar Şaşıqoğlu, Vyaçeslav Tixonov, Oleq Strijenov kimi peşəkar aktyorlar nəzərdən keçirilməklə son nəticədə üstünlük ekranda rəqsləri yaradacaq Mahmudun İşxoyev-Esembayevin özünə verilir, natura çəkilişləri Veden rayonunda, qaçaq Zəlimxanın Xaraçoy kəndində və rəqqas Mahmudun doğma Yokkxa-Ataqla aulunda həyata keçirilir. İlk konsertdə mərkəzdən gəlib klassik balet parçaları göstərən artistlərin geyimini, yad ifalarını qəbul etməyən tamaşaçıların klub müdirinə (Adil İsgəndərov) iradlarını bildirmələri, çadralı qadınların zalı tərk etmələri fonunda balaca Mahmudun (İbrahim Əliyev) səhnədə gördüklərinə heyranlığı ilk epizodu səciyyələndirir. Və artist olmaq istəyən, çöldə qoyun otararkən fonda səslənən klassik musiqi sədaları altında şövqlə rəqs edən Mahmudu buynuzlu keçinin vurub yıxmasının qızlarda, o cümlədən balaca Dağmarada gülüş doğurması ilk komik etüdə çevrilir.
Mahmudun atası Əlisultanın (Vladimir Txapsayev) el adəti üzrə öz xəncərini Abdullaya (Əlvi Daniyev) bağışlamaqla dostların Mahmudla Dağmaranı deyikli etmələri, sosial ziddiyyətin dramaturji təməlini patriarxal adətlər üzərində qurur. Məclisdə yerli çalğıçıların ifasında səslənməklə mənbəyi görünən ritmik musiqi sədaları altında dağlı rəqslərini ifa edən balaca oğlanların yarışından qalib çıxan Mahmudun balet dərnəyinə yazılmaq istəyi, bacarığını göstərmək üçün dombalaq aşarkən ayağıyla qonşu Abdullanın pəncərəsini sındırması az əhəmiyyətli dramaturji maneə yaradır. Mahmudun məşqlərində iştirak etdiyi balet məktəbinə gələn atanın oğlunun təlxək olmasını istəməməsini bildirməsi, yerli-gəlmə sənətləri, yeniliklə köhnəliyi, geniş mənada isə Şərq-Qərb mədəniyyətini üzbəüz qoyur.
Evdə oğluna ayaqları yox, başı işlədən digər peşə seçməyi məsləhət görən, keçmişdə baş verən davada xalqın padşahı və onun generallarını qovmasını, hərəkata başçılıq edən Aslanbəy Şərifovun divardan asılan fotoşəklini göstərən Əlisultanın: “İstəyirəm, sən də ona bənzəyəsən!” cümləsi çeçenlərin işğalçılara qarşı azadlıq hərəkatına passiv işarə vurur. Oğlunun vəkil olmasını istəyən atanın oxumaq üçün verdiyi kitabın şəkilsiz olduğunu bildirən Mahmudun balet məktəbindəki kitabların şəkilli olduğunu bildirməsi yaranan qalmaqalda Əlisultanın atdığı əşyanın Abdullanın pəncərəsinin şüşəsini yenidən sındırması ziddiyyətsizlik dövrünün mənzərəsini növbəti etüddə yaradır. Abdullanın arvadı Sonunun (Münəvvər Kələntərli) ərinin iradəsinin əksinə çıxaraq qızı Dağmaranı musiqi məktəbinə qoyduğunun üzə çıxması isə yenilik tərəfdarlarının sırasını artırır. Mahmudu daim müdafiə etsə də, ağır xasiyyətli əri Əlisultanın qarşısında susmağa vadar olan Bikətunun (Hökumə Qurbanova) passiv müqaviməti belə onu yenilikçilərin sırasına daxil edir.
Atasının təhriki ilə çörək sexinə işə düzələn Mahmudun öz bulka payını yoxsul qaraçı uşaqlara paylamaqla onların milli rəqslərini öyrənməsi, Nikolay Pavlovun - Kolya dayının (Konstantin Bartaşeviç) başçılığı ilə iş yoldaşlarının kollektiv şəkildə Əlisultanla danışmaq istəmələri dövrün siyasi mənzərəsini böyük qardaşın öndə olduğu xalqlar dostluğu kontekstində yaradır. Çörəkçi usta Kolya dayının işə gəlmək adı ilə Mahmudun balet məktəbinə getməsinə razılıq verməsi çıxış yolunu kimin tapmasını səciyyələndirir. Oğlunun balet məktəbinə getməsindən hirslənən Əlisultanın Mahmudun dalınca atdığı kitabların, papağın, ayaqqabıların artıq Abdullanın dəmir barmaqlıq asdığı pəncərəyə dəyib yerə düşməsi eyni hadisəni təkrarlayan passiv karnaval estetikasını tamamlayır. Nəhayət, yaşa dolmuş Mahmudun köməyi ilə Abdullanın pəncərəsindəki dəmir barmaqlığın çıxarılması yeni dövrün gəlişini göstərir. Buraxılış konsertində Dağmaranın (Leyla Abaşidze) royalda müşayiəti ilə Aleksandr Qlazunovun “Raymonda” baletindən rəqsini Valya Çijova ilə ifa edən Mahmudun mühafizəkar düşüncəli tamaşaçıları və xüsusən qızın valideynlərini məyus etməsi keçmişlə yeninin ziddiyyətini davam etdirir. Hiddətlənən dağlıların Mahmudu cəzalandırmaq niyyətini Əlisultanla ailənin böyük oğluna Dağmaranın ziddiyyəti qızışdırır. Gəlib çıxan Əlisultanın qızışan gənclərin arasındakı öz oğluna şillə vurması ziddiyyətin ictimailəşməsinin qarşısını alsa da, Abdullanın qızını Mahmuda verməkdən imtina etməsi münaqişəni dərinləşdirir.
«Rəqqas Mahmuddan çeçen külfətinə ər olmaz!» deyib xəncəri Əlisultana qaytaran Abdulla artıq bir-birini sevən gəncləri ayırmaq üçün ailəsini də götürüb araba ilə şəhərdən köçüb doğma aula üz tutmaları yeni etüdə meydan açır. Dağmaranın arabadan düşüb qaçması ilə arvadını yerə atdığı bağlamalarla (?) yarı yolda qoyub: “Qızını tapmayınca gəlmə” deyən Abdullanın dağlara üz tutması, özünü kolluğa vurmaqla tələbatını ödəyən Sonu ilə yenidən barışması bədii həllini etüdlərlə tapır. Balet məktəbində oxumaq üçün Moskvaya yola düşən Mahmuda dostlarının müharibənin başlaması xəbərini çatdırması tutarlı dramaturji maneəyə çevrilir. Ağır döyüşlərin getdiyi cəbhə bölgəsində əsgərlərə konsert verənlərə qoşulan Mahmudla Dağmaranın Əlibaba Abdullayevin quruluşundakı “Naz eləmə” rəqsini ifaları ilə mövzunun davamı, Tofiq Tağızadənin iradəsi ilə xalqlar dostluğunu daha təbii şəkildə göstərir.
Bombalama vaxtı atılan mərmilərin səsindən qulaqları tutulan Mahmudun Dağmara ilə görüşü sevgi süjetini davam etdirir. Təyyarədən atılan bombadan ağır yaralanan, ayaqlarını itirməkdən qorxan Mahmudun oynayacağı rolları təfsilatı ilə xəyalında canlandırması təsviri zənginləşdirsə də, hadisəlilik prinsipini zəiflətməyə bilmir. Bakıda hospitalda yatan Mahmudu ziyarətə gələn atasının: “Əsas başı sağ olsun” deməsi rəqqaslıqla bağlı ziddiyyəti gündəmdə saxlayır. Böyük oğlunu müharibədə itirdiyi, arvadının dünyasını dəyişdiyi məlum olan Əlisultanın indi yeganə övladından başqa kimsəsinin qalmadığını bildirməklə, Mahmudu evə qaytarmağı xahiş etdiyi Dağmaranın sənətin dünyaya məxsusluğunu bildirməsi məhəlli və qlobal təfəkkürləri qarşılaşdırır. Qoltuq ağacları hesabına hospitalın həyətində gəzən Mahmudun vidalaşdığı Dağmaranın ardınca gedərkən yıxılması, iyirmi dörd addım atdığına sevinməsi ilə mərkəzi personajın sevimli sənətinə qayıtması mövzunun qalibiyyətini təmin edir. Müharibədən sonra təhsilini davam edən, rəqs edərkən yıxılmaqla aldığı zədələrin ciddiliyi görünən Mahmudun yaralı ayaqları ilə dialoqa girməsi, gəzişərkən Dağmaranın ürəyində daxili monoloqunun səslənməsi teatrallıq yaradır. Daxili qüvvələrini səfərbər edib davamlı məşq edən Mahmudun səhnələrdəki uğurları mövzunu film-konsert estetikasında davam etdirir. Gəlib çıxan peşəkarların onunla daha ciddi məşq edib yeni konsertə hazırlamasının, artıq məxsusi dekorlarda həyata keçirilməsi, dəqiqə yarıma ayağa durmasının natural halda, uzun-uzadı, bir planda göstərilməsi Mahmud Esambayevin peşəkarlığının nümayişinə çevrilir. Müxtəlif xalqların rəqslərini ifa edən Mahmudu alqışlayan çoxsaylı tamaşaçıların şövqlə əl çalmaları ilə rəqqasın dünyanın məşhur salonlarında görünməsinin montaj həlli filmin konsert estetikasını davam etdirir.
Yazıçı-jurnalist Ruslan Naşxoyevin “Rəqsin sehrbazı” kitabında bu irihəcmli epizodda göstərilənlər barədə yazdığı: “Qızıl Allah”da Esambayev təbiəti, insanın həyat tərzini çətin ümumi fəlsəfi fikirdə göstərə bilib. “Məhəbbət əfsanəsi”ndə isə o, pak məhəbbət və gənclik haqqında bəhs edir. Bu rəqs çətin ayaq texnikası ilə fərqlənir və fərqi ondadır ki, burada ayağa çoxlu zınqırovlar taxılır. Ritmlər müxtəlif və çətindir. Rəqqasın hər addımını izləyən bu zınqırovlar gah sürətli dönüşləri, gah da ani dayanmaları özlərində həkk edirlər. “Dərzi” - məşhur yəhudi yazıçısı Şolom Aleyxemin hekayəsindən ilhamlanaraq qurulan rəqs novellasıdır. Cavan dərzi öz sənətinin vurğunudur. O, xəyal edir ki, müştərisi gəlib və dərzi onun üçün parça seçir, söhbət edir, kəsir, tikir, ütüləyir və hazır kostyumu yiyəsinə verir. İnsanı məmnun etmək çox gözəl bir hisdir! Gənc dərzi sevindiyindən rəqs edir. Bu komik novellanı hətta pantomima da adlandırmaq olar, çünki burada rəqsdən daha çox pantomima oyunu var” dəyərləndirməsi plastika baxımından üstünlükləri qabartsa da, daha qədim sənət qaydaları ilə yaşayan rəqslərin, ekranda baş verən hadisələrin tempini soyutması, dramatik məqamlarda rejissorun əsas personajı deyil, peşəkarların oynadığı digərlərini önə çəkməsi nəzərdən qaçmır.
Poçtalyonun gətirdiyi teleqramla oğlunun Qroznıya gəlişini bilən, artıq qocalıb əldən düşən Əlisultanın hazırlaşması fonunda Abdullanın arvadına müqavimət göstərməsi personajlararası ziddiyyəti davam etdirir. Qatarla gələn Mahmudla Dağmaranın gül-çiçəkli əhali tərəfindən qarşılanması sənətin qələbəsini səciyyələndirir. Bütün məhrumiyyətlərə baxmayaraq zəhməti ilə becərdiyi qızılgülə - sənətinə çatan xalq artisti Mahmudun dağların zirvələri arasındakı çəmənlikdə qurulan səhnədə çeçenlərin qədim rəqsini yüksək peşəkarlıqla ifa etməklə çoxsaylı tamaşaçıda rəğbət qazanması, Dağmaranın rəqsə qoşulmasını görən Əlisultanın belindəki xəncərini çıxarıb Abdullaya ötürməsi ilə barışığın yaranması bayram əhvalı yaradır. Yeri gəlmişkən, ilk epizodlarda oğlunu çeçenlərə ləkə hesab etdiyi baletdən ayırmaq məqsədi güdəndə qəzəbini, qəddarlığını göstərdiyi Əlisultanın illər sonra cəbhədə ağır yaralanan övladını xəstəxanada gördükdə sarsılmaz iradəsini, təmkinini, sonda isə özünün tənhalığını, gec gələn sevincini göstərən peşəkar sənət ustası Vladimir Txapsayev filmin dramaturji yükünü məharətlə çatdıra bilir. Klub müdirinin rəhbərlik etdiyi müasir salonda klassik balet səhnələrindən ibarət konsertin təfərrüatla göstərilməsi ilə atanın oğlunu bağrına basması mühitin yeniləşdiyini ifadə etməklə filmi şən notlarla başa çatdırır.
23 sentyabr 1963-cü ildə Qroznı şəhərində yaradıcı heyətin iştirakı ilə təntənəli premyerası keçirilməklə, dramaturq Əbdülhəmid Həmidovun tərcüməsində çeçen dilinə də çevrilən film ən ucqar aullarda da göstərilərək əhali arasında geniş rezonans doğurdu. Filmin yaradıcı heyətinin bir neçə üzvü Çeçen-İnquş Muxtar Respublikasının fəxri adlarına layiq görüldü.
2 oktyabr 1963-cü ilin “Bakı” qəzetindəki “Mən rəqs edəcəyəm” məqaləsində “Öz kinostudiyası olmayan qardaş xalqların xahişi ilə onların həyatından, mədəni inkişafından bəhs edən filmləri çəkməkdə “Azərbaycanfilm” kinostudiyası gözəl təqdirəlayiq bir ənənə şəklini almışdır” yazan İshaq İbrahimovun “Film müəllifləri qarşılarında iki vəzifə qoymuş və onları həll etməyə çalışmışlar. Bunlardan biri xalqın mədəni inkişafına mane olan köhnə adət və ənənələrlə mübarizə, incəsənətin bu mübarizədə qəhrəmana göstərdiyi mühüm yardımı əks etdirmək, ikincisi də insan səadətinin inadcıl və səmərəli əməkdə olduğunu sübut etməkdir. Necə deyərlər, zəhmət çək, bar götür. Əlbəttə, bu iki mühüm mövzu müstəqil surətdə, paralel şəkildə inkişaf etdirilə bilməzdi, bunlar möhkəm bir dramaturji vəhdət təşkil etməlidir. Bizə elə gəlir ki, yaradıcı qrup bu vəzifənin öhdəsindən müvəffəqiyyətlə gəlmiş, qəhrəmanı obyektiv varlıq şəraitində göstərərək, onun incəsənətə və insanlara olan münasibətini bədii ümumiləşdirmə yüksəkliyinə qaldıra bilmişdir” cümlələrində dövrün eyforiyası nəzərə çarpır.
3 oktyabr 1963-cü ilin “Kommunist” qəzetindəki “Mən rəqs edəcəyəm” məqaləsində “Filmin müəllifləri İdris Bazorkin və Tofiq Tağızadə əsərin əsas ideyasını tamaşaçıya çatdırmaq üçün çox inandırıcı ştrixlər tapmışlar. Filmin ideyası belədir: sovet quruluşu ən geridə qalmış xalqları belə dünyanın ən mədəni millətləri səviyyəsinə qaldırır. Vahid sovet ailəsində birləşmiş qardaş xalqlar, böyük və kiçikliyindən asılı olmayaraq inkişaf edir, öz taleyinin, səadətinin sahibi olur” yazan Həsən Seyidbəyli qələmini də sosrealizmin siyasi ruporuna çevirir.
12 oktyabr 1963-cü ilin “Ədəbiyyat və incəsənət” qəzetindəki “Qardaşlıq hədiyyəsi” məqaləsində: “Mən bu filmin bütün “tərcümeyi-halına” bələdəm, onun ədəbi ssenarisini bir neçə variantda oxumuşam. O vaxt “Əmək və qızılgül” adlanan bu ssenariyə hər rejissor yaxın düşmürdü. Əvvəla, ssenari müəllifi İdris Bazorkinin yazdığı əsər kino dilindən xeyli fərqli idi”, yazmaqla mövzunun yeni olmadığını, personajların sxematikliyini göstərən Əfqan Əsgərovun: “Birincisi, ümumittifaq şöhrəti qazanmış bir rəqqasın sənətini, bu sənətin xüsusiyyətlərini dərindən duymaq, öyrənmək və onun sirlərini, dramaturji materialın vasitəsilə, filmin ahənginə, ölçüsünə xələl gətirmədən vermək, həm də ustalıqla vermək quruluşçu rejissordan böyük bacarıq, məharət və işgüzarlıq tələb edirdi. Bir sıra görkəmli kino rejissorları bu mürəkkəb janrda büdrəmişlər. İşin çətinliyini Tofiq Tağızadənin özü hamıdan çox duyurdu. Məhz bu məsuliyyət hissi gələcək filmin müvəffəqiyyətini təmin etdi” fikirləri ekran əsərinə heyranlığı səciyyələndirir. Filmin musiqi həllinə də toxunan Əfqan Əsgərovun: “Mən rəqs edəcəyəm!” filminin yaradılmasında bəstəkar Rauf Hacıyev də az əmək sərf etməmişdir. Film musiqilidir. Müxtəlif xalqların bir-birinə bənzəməyən melodiyalarını bir leytmotiv ətrafında idarə etmək, onları vahid dramaturji xətlə birləşdirmək üçün musiqi bəstələmək çox çətindir. Ürəkdən şadıq ki, bu çətinlik artıq arxada qalmışdır. R.Hacıyev, xüsusilə aul səhnələrində çeçen-inquş xalq melodiyalarından bacarıqla istifadə etmişdir” dəyərləndirməsi gerçəkliyi əks etdirir.
22 dekabr 1963-cü ildə “Azərbaycanfilm” kinostudiyasının bədii şurasında artıq tamaşaçıya təhvil verilən “Əmək və qızılgül” filminin sonuncu redaktəsinin müzakirəsində İmran Qasımovun “Üç rəqsin dalbadal göstərilməsi adamı yorur” fikrinə “Film çox dəbdəbəli çıxıb, “Mosfilm”in çəkdiyi “Rəqslər aləmində” filmindən sonra bu film daha qüvvətlidir” deyərək qarşı çıxan Adil İsgəndərovun: “Filmdə Əlisultan qocalır, Sonu - Münəvvər Kələntərli isə qocalmır!” qeydi ilə yanaşı: “Mən fərəhlənirəm ki, studiyamız mənalı, monumental bir film çəkmişdir. M.Esambayev bir aktyor kimi çox yapışıqlı və yaxşıdır. A.Deniyev, V.Txapsayev çox yaxşıdırlar. Mən filmi çəkən qrupu təbrik edirəm!” müsbət dəyərləndirməsindən sonra çıxış edən Şamil Mahmudbəyovun: “Film yaxşı səslənməlidir. Həkimi səsləndirən aktyor yaxşı deyildir. Səsi uyğun gəlmir. “Yol” epizodunda Sonunun kolun arxasından çıxması yaxşı deyildir. Müharibə səhnələrini bir qədər ixtisar etmək lazımdır. Dənizçilərin, tankçıların arasında Mahmudun çıxışlarında müharibə hiss olunmur. “Yuxu” səhnəsini bir qədər ixtisar etmək lazımdır. Məncə, üç rəqsin dalbadal verilməsi adamı yorur. Bəlkə də bu rəqsləri filmin axırına keçirmək yaxşı olardı. “Ləzginka” rəqsində kordebalet Mahmudun oyununa mane olur” kimi qeydləri, Ağahüseyn Kərimovun “Abdullanın Sonu ilə arabada getmə epizodu çox gözəldir” qənaətinə qarşı çıxan Məmməd Qurbanovun “Yol epizodu yaxşı təsir bağışlamır. Müharibə epizodlarında uzunçuluq vardır. İxtisar etmək lazımdır” qətiyyəti fikir müxtəlifliyi hökm sürən bədii şuraya peşəkarların da yığılmasını təsdiqləyir.
XX əsrin sonlarında Qafqazda gedən qanlı döyüşlərdə artıq muzeyə çevrilən evi də dağıdılan, doğma Yokkxa-Ataqla aulunda dəfn olunması belə mümkünsüz qalan Beynəlxalq Rəqs Akademiyasının həqiqi üzvü, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, pasportunda papaqlı fotoşəklinə icazə verilən yeganə sovet vətəndaşı Mahmud İşxoyev-Esembayev (1924-2000) sənətinin nəsillərin yaddaşında qalmasında sosrealizmin təbliğat funksiyasını yerinə yetirən “Mən rəqs edəcəyəm!” filminin müstəsna yeri vardır.
Aydın Dadaşov
Professor
Mədəniyyət.- 2015.- 20
fevral.- S. 12.