Turizmdə dil problemi
Beynəlxalq turizm terminləri Azərbaycan dilində necə verilməlidir?
Fevralın 19-da
Azərbaycan Turizm və Menecment
Universitetində (ATMU) 21 fevral - Beynəlxalq
Ana Dili Gününə
həsr olunmuş «Azərbaycan dilində turizm terminləri» mövzusunda
dəyirmi masa keçirildi.
Tədbiri giriş
sözü ilə açan
ATMU-nun rektoru Cəfər
Cəfərov əvvəlcə əlamətdar günün tarixi barədə
danışdı. Bildirdi ki,
bu gün 1999-cu ildə
BMT tərəfindən dünyada məhv olmaq təhlükəsi ilə üzləşən
dillərin qorunması məqsədilə təsis edilib. Hazırda dünyada
6000-ə yaxın dil var,
bunun 2500-ə qədəri yox olmaq üzrədir. Yerdə qalan
3500 dilin də az bir hissəsi dövlət dili statusuna malikdir. Rektor qeyd etdi ki, dəyirmi masanın məqsədi ölkəmizdə turizmin
inkişafı ilə
əlaqədar olaraq dilimizə daxil olan turizm terminlərinin
düzgün anlayışının
verilməsi məsələsini
müzakirə etməkdir.
ATMU-nun mehmanxana və
restoran biznesi kafedrasının müdiri
Novruz Quliyev turizmlə bağlı söz və ifadələrin Azərbaycan
və rus dillərində müqayisəsini
apararaq onların beynəlxalq terminologiya ilə üst-üstə düşməsinin vacibliyini
vurğuladı. Turizm və qonaqpərvərlik
fakültəsinin dekanı
Rəhman Səfərov
turizmlə bağlı
söz və ifadələrin Azərbaycan
və türk dillərində müqayisəsindən
bəhs etdi. Turizmin linqvistik təminatı kafedrasının müdiri
Seyidəli Məmmədli
Azərbaycanda nəşr
edilən lüğətlərdə
turizmlə bağlı
söz və ifadələrin verilməsi
problemlərindən danışaraq
bildirdi ki, eyni söz müxtəlif
lüğətlərdə müxtəlif cür yazılır və bu da anlaşılmazlıq
yaradır.
AMEA-nın müxbir
üzvü, Milli Məclisin deputatı Nizami Cəfərov turizm sahəsində işlənən sözlərdən
ibarət lüğətin
vacibliyindən danışdı. Onun fikrincə,
beynəlxalq terminologiyada
işlənən sözləri
dəyişdirmək mümkün
deyil, çünki bu sözlər artıq dilimizdə hamı tərəfindən
qəbul edilib və işlənir.
Azərbaycan Respublikası Nazirlər
Kabineti yanında Terminologiya Komissiyasının
sədr müavini,
AMEA-nın Nəsimi adına Dilçilik
İnstitutunun şöbə
müdiri Sayalı Sadıqova indiyə qədər hazırlanmış
lüğətlər barədə
danışdı.
Folklor İnstitutunun
direktoru, AMEA-nın müxbir üzvü Muxtar İmanov qeyd etdi ki,
beynəlxalq terminologiyada
qəbul olunmuş terminləri milliləşdirmək
olmaz. Amma elə sözlər
var ki, onların
yazılışı ilə
bağlı aidiyyəti
qurumlar ortaq fikrə gəlməlidir və bu da
lüğətlərdə öz əksini tapmalıdır.
Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi
Aparatının rəhbəri
Yaşar Əliyev Azərbaycan dilində turizm terminlərinin düzgün izahının
vacibliyini diqqətə
çatdırdı.
Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin Regionlarla iş sektorunun müdiri Mahir Qəhrəmanovun sözlərinə görə,
indiyə qədər
dilimizdə işlənən
turizm terminləri ilə bağlı bir neçə izahlı lüğət tərtib olunub və nazirlik bu istiqamətdə işləri davam etdirir. Onun sözlərinə
görə, yeni «Turizm haqqında» qanun layihəsində 68 terminin anlayışı verilib: «Bu gün müxtəlif ölkələrdən
gəlmiş mütəxəssislər
Azərbaycanın turizm
sektorunda çalışır.
Onların öz terminologiyaları
var və istər-istəməz dilimizə
yeni-yeni terminlər daxil olur. Amma bunun hamısının izahını da vermək mümkün olmur. Bu gün
Mədəniyyət və
Turizm Nazirliyinin hədəfi odur ki, mütləq dilimizin elmi turizm anlayışları
olmalıdır. Bu anlayışlar həm beynəlxalq normalara istinad etməli, həm də mövcud dilçilik qanunlarına uyğun olmalıdır. Bu baxımdan mən bu tədbiri çox yüksək dəyərləndirirəm».
Tədbir müzakirələrlə davam
etdirildi.
Fəxriyyə Abdullayeva
Mədəniyyət.- 2015.- 20
fevral.- S. 9.