Riqada “Golden Kral - 2015” beynəlxalq
sirk festivalı keçirilib
Ölkəmiz ilk dəfə beynəlxalq
sirk festivalının
münsiflər heyətində
təmsil olunub
Yanvarın 23-dən 26-dək Latviyanın
paytaxtı Riqada keçirilən “Golden Kral
- 2015” beynəlxalq sirk
festivalında ilk dəfə
olaraq Azərbaycan münsiflər heyətində
təmsil olunub. 15 ölkədən
75 nümayəndənin qatıldığı
festivalın münsifləri
sırasında Bakı
Dövlət Sirkinin direktoru Vaqif Bağırzadə də yer alıb.
Bu barədə qəzetimizə
məlumat verən Vaqif Bağırzadə festivalda dünyanın məşhur sirklərinin
nümayəndələrinin iştirak etdiyini bildirdi: “Bizim də bu səviyyəli
festivallarda iştirak etməyimiz Bakı Dövlət Sirkinin beynəlxalq əlaqələrinin
inkişafına müsbət
təsirini göstərir.
Həmçinin münsiflər heyətində
Azərbaycanın da təmsil olunması əlamətdar hadisədir.
Tədbir çərçivəsində
keçirdiyimiz görüşlərdə
bir neçə ölkənin sirkləri ilə əməkdaşlıq
haqqında razılıq
əldə olundu.
Yaxın
vaxtlarda bu festivalda qalib gəlmiş iştirakçıların
Bakı Dövlət Sirkində çıxışları
da olacaq”.
Bakı Dövlət Sirkinin direktoru festival çərçivəsində
keçirilən konfransa
da qatılıb. Konfransda heyvanların
sirkdə, zooparkda, istirahət parklarında saxlanılması, bununla bağlı Avropa Sirk Assosiasiyasının qaydaları müzakirə
olunub. Avropa ölkələrinin nümayəndələri ilə
təcrübə mübadiləsi
etmək barədə
razılıq əldə
olunub. Qeyd edək ki, “Golden Kral - 2015” beynəlxalq sirk festivalında ABŞ, Rusiya, Belarus, Moldova, Ukrayna,
Danimarka, İsveç,
İtaliya, Almaniya, Fransa, İspaniya, Özbəkistan və Litvadan olan nümayəndələr
iştirak ediblər. Festivalın qızıl medallarını
Belarus, Moldova və Rusiyadan
olan iştirakçılar
qazanıblar.
Vaqif Bağırzadə söhbət
əsnasında Bakı
Dövlət Sirkinin yeni proqramı barədə də məlumat verdi.
Bildirdi ki, Novruz bayramı
ərəfəsində, martın
14-də “Qızıl dördlük”
adlı proqrama start veriləcək. Bu möhtəşəm proqram
Böyük Moskva, Nikulin, Çinizelli və Belarus sirklərinin artistlərinin iştirakı
ilə baş tutacaq. Eyni zamanda proqramda qonaqları “Keniyalı oğlanlar” akrobatlar qrupu, “Professor Yermakovun itlər məktəbi”, ekzotik tutuquşular, atlar və dəvələr,
timsahlar, şar içində motosikletçilər,
hava nömrələri,
qeyri-adi lazer və işıq effektləri, şən klounların maraqlı çıxışları gözləyir.
Fariz Hüseynov
Mədəniyyət.- 2015.- 20
fevral.- S. 9.