“Ən böyük istəyimiz Azərbaycana daha çox turist gətirməkdir”
“Elektron viza sistemi tətbiq edildikdən sonra ölkəmizə gələn turistlərin sayında nəzərəçarpacaq artım var”
Azərbaycanın
turizm bazarında Mədəniyyət və
Turizm Nazirliyinin
lisenziyası əsasında 270 turizm
şirkəti fəaliyyət göstərir. Bəziləri bu sahədə artıq illərin təcrübəsini
qazanıb və ölkəmizdə turizmin
inkişafına öz töhfəsini verir. Onlardan biri də bu il fəaliyyətinin 10 illiyini
qeyd edən «Victory
Tour» şirkətidir.
Şirkətin baş direktoru Vüsal Hacıyev qəzetimizə müsahibəsində
həm 10 illik fəaliyyətləri barədə
danışdı, həm
də mütəxəssis
kimi bizi maraqlandıran sualları cavablandırdı:
- “Victory Tour” şirkəti öz işinə korporativ xidmətlə başlayıb. Burada söhbət Azərbaycanda
xarici və yerli şirkətlərə
turizm sahəsində müxtəlif xidmətlər
göstərməkdən gedir.
Yavaş-yavaş təcrübəmizi artırmaqla digər turizm xidmətləri ilə də məşğul olmağa
başladıq. 2010-cu ildə “Explore Azerbaijan” adlı
yeni layihəyə başladıq. Layihənin məqsədi
Azərbaycanın daxili
turizm potensialını
inkişaf etdirməkdir.
Layihə əsasında
www.exploreazerbaijan.com saytı istifadəyə verildi.
Sayt vasitəsilə əcnəbi turistlər ölkəmizdəki istirahət
mərkəzləri, hotellər,
populyar olan turizm növləri, viza qaydaları və s. barədə məlumatlar əldə edə bilərlər. Həmçinin həmin layihənin
facebook səhifəsi
və email-marketinq vasitəsilə xarici turistləri ölkəmizə
gəlməyə təşviq
edirik. Bu gün də yeni xidmət növləri axtarışındayıq,
fəaliyyət dairəmizi
genişləndirməyə çalışırıq.
- Azərbaycanın əsasən
hansı bölgələrinə
daxili turlar təşkil edirsiniz?
- Demək olar, turizm potensialına malik bütün regionlara turlarımız
var. Quba, Lənkəran,
Gəncə istiqamətində
müxtəlif əlavə
xidmətlər daxil olmaqla, turlar təklif edirik. Ən populyar turumuz isə Bakı-Şamaxı-Şəki-Balakən
istiqamətindədir. Bunun bir səbəbi də turun kombinə
edilmiş olmasıdır.
Bu marşrutla hərəkət edən xarici turistlər həm də Gürcüstana səfər
edə bilirlər.
Onlar öncə Gürcüstanı
gəzirlər, sonra
biz onları sərhəddə
qarşılayırıq, Şəki,
Şamaxı rayonlarında
da istirahət etməklə Bakıya gəlirlər. Turistlər üçün
belə turlar çox sərfəlidir.
Onlar bir səfərlə iki ölkəni gəzmiş olurlar.
- Xarici ölkələrə
də turpaketlər hazırlayırsınız. Azərbaycan vətəndaşları
əsasən hansı
istiqamətlərə üstünlük
verirlər?
- Bu, mövsümdən asılı
olaraq dəyişir. Yayda, təbii ki, Türkiyə, qışda
isə Dubay istiqamətində səfərlər
çox olur. Amma Avropa ölkələrinə
gedənlər də az deyil.
Tailand, Maldiv adaları isə ekzotika həvəskarı olan azərbaycanlı turistlər
arasında populyardır.
- Rusiya bazarı Azərbaycan üçün
çox önəmlidir.
Hazırda rublun məzənnəsinin
kəskin düşməsi
ilə əlaqədar
Rusiyadan xaricə turist səfərləri azalıb. Bu ölkədən Azərbaycana
səfər edənlərin
sayında hansı tendensiya müşahidə
edilir?
- Təbii ki, azalmalar var. Biz Rusiya bazarı ilə çox sıx işləyirik. Azərbaycanda ilk dəfə olaraq
ötən ilin yayından «Victory Tour» şirkəti
bu ölkənin turizm şirkətləri ilə birlikdə «Təminatlı toplam tur» təşkil edir. Bu turların
üstünlüyü ondadır
ki, turistlər qrup şəklində səfər edirlər.
Bu zaman istirahət
onlara çox sərfəli qiymətə
başa gəlir.
Rublun məzənnəsinin
düşməsinə baxmayaraq,
bu turla ölkəmizə gəlmək
istəyənlər yenə
də var. Yeni il bayramında
böyük bir qrup toplaya bilmişdik.
-
2013-cü ilin aprelindən
Azərbaycana gəlmək
istəyən turistlər
üçün elektron
viza tətbiq olunur. Bunun ölkəmizə turist axınına nə dərəcədə
təsiri olur?
- Mən ilk növbədə
Mədəniyyət və
Turizm Nazirliyinə elektron vizanın tətbiq olunmasında göstərdiyi dəstəyə
görə təşəkkür
edirəm. Turizm şirkətlərinin qarşılaşdığı ən böyük çətinliklərdən biri
viza məsələsi
idi. Çünki xarici turistlər
daha rahat yolla viza əldə
etməyə üstünlük
verirlər, problemlərlə
üzləşdikləri ölkələrə
səfər etməyi
sevmirlər. Amma elektron
viza sistemi tətbiq edildikdən sonra bizim bu
baxımdan problemimiz yoxdur. Azərbaycana gəlmək istəyən
xarici turist evindən internet vasitəsilə
müraciət edərək
viza ala bilir. Bu sistem tətbiq
olunmağa başladıqdan
sonra turist sayında nəzərəçarpacaq
dərəcədə artım
var. O cümlədən Avropa
ölkələrindən və
Amerikadan çoxlu turistlər qəbul edirik.
- Ölkəmizdə fəaliyyət
göstərən mehmanxanalar
turizm şirkətləri
ilə əməkdaşlığa
elə də meyl göstərmirlər.
Bu barədə nə deyə bilərsiniz?
- Hər bir müəssisənin
öz marketinq siyasəti var. Bəzi mehmanxanaların strategiyası
bizimki ilə üst-üstə düşmür.
Amma bir məqamı da deyim ki,
son vaxtlar bu istiqamətdə xeyli irəliləyiş var. Bir
çox hotellərlə
yüksək səviyyədə
əməkdaşlıq edirik.
Öz fəaliyyətini uzunmüddətli
vaxt üçün quran mehmanxanalar turizm şirkətləri ilə əməkdaşlıqda
özləri maraqlı
olur. Çünki hotelin öz
məhsulunu turizm şirkəti vasitəsilə
satması daha rahatdır. Turizm şirkətləri mehmanxanalara qrup şəklində müştəri
gətirirlər, onların
təklif etdikləri xidmətləri satırlar.
Təbii ki, turizm şirkətləri də ilk növbədə
onlarla əməkdaşlıq
edən, dünya standartlarına uyğun xidmət təklif edən mehmanxanalarla iş qururlar.
- Bəzi mütəxəssislərin
fikrincə, internet texnologiyaları
inkişaf etdikcə, turizm şirkətlərinin
fəaliyyətinə də
ehtiyac qalmır. Çünki turistlər artıq
internet vasitəsilə istədikləri
ölkədə arzu etdikləri məkanları
özləri üçün
seçib sifariş verirlər. Bu məsələyə sizin
də fikirlərinizi bilmək maraqlıdır.
- Bu doğrudur ki, bir çox turistlər onlayn sifarişlə istədikləri
yerə gedirlər və belə insanların sayı da getdikcə artmaqdadır. Amma mən heç
də elə fikirləşmirəm ki, bu, turizm şirkətlərinin
gərəksizliyinə gətirib
çıxaracaq. Çünki onlayn sifariş zamanı nömrənin necəliyi, hotelin məsləhətli olub-olmamasını
müəyyənləşdirmək olmur. Hər bir hotel özü
haqda yaxşı məlumatlar verə bilər. Amma şirkətlər verilən sifarişin təminatçısıdır. Turist qaldığı mehmanxanaya
turizm şirkəti vasitəsilə yerləşdikdə
orada hər hansı bir neqativ halla üzləşərsə,
bunu şirkət həll edir. Birbaşa yerləşdikdə isə
şikayət edəcəyi
yer olmur. Digər tərəfdən, mən
belə hesab edirəm ki, turizm şirkətləri müxtəlif qeyri-standart
və kreativ xidmətlərlə bazarda
öz yerlərini qoruyub saxlaya bilərlər.
- Bəzən olur ki, turistlər şirkətlər vasitəsilə
xarici ölkələrə
səfərləri zamanı
onlara vəd olunan xidməti görə bilmirlər. Bu halda onlar nə etməlidir?
- Turistlər səfərdən
əvvəl mütləq
əməkdaşlıq etdikləri
turizm şirkəti ilə müqavilə bağlamalıdır. Bu müqavilədə verilən
sifariş bütün
detallarına qədər
aydın olur. Əgər sifariş etdiyi xidməti görmürsə, turist həmin sənədə əsasən məhkəməyə
müraciət edib, ona dəyən zərərin ödənilməsinə
nail ola bilər.
- Fəaliyyətinizin 10 ili tamam olur. Bu münasibətlə
müştərilərinizə hansı təklifləriniz
var?
- Şirkətimizin facebook
səhifəsində müştərilər
üçün bir müsabiqə elan etmişik. Xarici ölkələrdə və yaxud Azərbaycanın
daxilində çəkilmiş
ən kreativ fotoşəklin müəllifinə
«Victory Tour» tərəfindən ilin sonunda Türkiyəyə
pulsuz səyahət paketi təqdim ediləcək. Qalib facebookda ən çox like edilən fotonun sahibi olacaq.
Bundan başqa,
bu illər ərzində bizimlə daha çox səyahət edən müştərilərimizə şirkətimizin hədiyyələri
olacaq. Təbii ki, şirkət
olaraq bundan sonra fəaliyyətimizi daha da genişləndirəcəyik.
Müxtəlif layihələrimiz var. Ən böyük istəyimiz isə Azərbaycana daha çox turist gətirməkdir.
Fəxriyyə Abdullayeva
Mədəniyyət.- 2015.- 20
fevral.- S. 7.