Balaca rəssamın sənət sevincləri
11 yaşlı Aydan Məmmədzadənin fərdi sərgisi açılıb
“Qalereya
1969" sərgi salonunda sənət aləmində
ilk nailiyyətlərini əldə edən
11 yaşlı rəssam Aydan Məmmədzadənin
fərdi sərgisinin açılışı olub.
Açılışda mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva çıxış edərək, milli rəssamlıq məktəbimizin nailiyyətlərindən danışıb, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın istedadlı uşaqlara göstərdiyi böyük qayğı və dəstəyi xüsusilə vurğulayıb. Nazir müavini Aydan Məmmədzadənin rəsm əsərlərinin gözəlliyindən söz açaraq ona seçdiyi bu sənət yolunda yaradıcılıq uğurları arzulayıb.
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru, Xalq rəssamı Fuad Salayev, Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimov da balaca rəssamın sənət duyumundan söz açıb, onun yetişməsində müəllimlərinin əməyini qeyd ediblər.
Aydan Məmmədzadənin fərdi sərgisi həm də xeyriyyə aksiyası kimi nəzərdə tutulub - satılan rəsmlərdən əldə olunan vəsait uşaq evlərinə veriləcək.
Yaşının az olmasına baxmayaraq, Aydan Məmmədzadə artıq beynəlxalq müsabiqə laureatıdır. 2013-cü ildə 37-ci "Sumitomo life" beynəlxalq rəsm müsabiqəsində iştirak edərək gümüş medala layiq görülüb. Müsabiqə qaliblərinin əl işləri ötən ilin yanvarında Yaponiyanın paytaxtı Tokioda “Nihon Kagaku Miraikan” muzeyində, mart-aprel aylarında isə Parisdə məşhur Luvr muzeyində sərgilənib.
“Baku Modern Art” studiyasında sənətin
sirlərinə yiyələnən yeniyetmə rəssamın
uğurlarında onun müəllimləri
- Azərbaycan təsviri sənətində öz
dəst-xətti ilə seçilən Əməkdar rəssam
Əsmər Nərimanbəyova və Səfiyyə
Mirbabayevanın da böyük
əməyi var.
Mədəniyyət.- 2015.- 20
fevral.- S. 5.