Bakı sübhdən
günbatanadək
Beynəlxalq layihə çərçivəsində ekranlaşdırılan tammetrajlı sənədli filmin təqdimatı
Fevralın 18-də
Nizami Kino Mərkəzində
“Dünya sübhdən günbatanadək”
beynəlxalq layihəsi çərçivəsində
ekranlaşdırılan “Bakı sübhdən günbatanadək”
tammetrajlı sənədli filminin təqdimatı
keçirildi.
Mərasimdə çıxış edən Mədəniyyət və Turizm Nazirliyi Kinematoqrafiya şöbəsinin Kino yaradıcılığı və filmlərin təbliği sektorunun müdiri Yusif Şeyxov layihə barədə məlumat verdi. Bildirdi ki, ötən il avqustun 21-dən sentyabrın 7-dək Bakıda olan polşalı kinorejissorlar layihə ilə əlaqədar ustad dərsləri keçdilər. Öz ideya və məqsədlərini polşalı kinematoqrafçılarla bölüşən gənc rejissorlar müəllimlərin nəzarəti altında qısametrajlı sənədli filmlər üzərində birgə çalışıblar və layihə çərçivəsində 18 qısa film ərsəyə gəlib. Filmlər polşalı operatorlar tərəfindən lentə alınıb. Sektor müdiri layihədə iştirak edən gənc rejissorları təbrik edərək Azərbaycan kinosunun gələcək simalarına uğurlar arzuladı.
“Layihənin ən uğurlu nəticəsi Bakıda alındı”
“Dünya sübhdən günbatanadək” layihəsinin müəlliflərindən biri, Polşa Milli Kino Məktəbinin professoru Maçyej Driqas layihənin Bakıda gerçəkləşməsindən məmnunluğunu ifadə etdi. O, indiyədək dünyanın 12 şəhərində reallaşan layihənin ən uğurlu nəticəsinin Bakıda əldə olunduğunu dedi.
Ustad dərsləri zamanı gənclərin tam sərbəstliyini xüsusi vurğulayan M.Driqas ölkəmizdə yeni layihələr həyata keçirmək niyyətini də diqqətə çatdırdı: “Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin layihəyə diqqətini və yerli potensialı nəzərə alaraq Bakıda əlavə olaraq bir neçə yeni layihənin həyata keçirilməsi və qarşılıqlı əlaqələrin davamı haqqında düşünürük. Hazırda bu sahədə fikir mübadiləsi aparılır və inanıram ki, bu əlaqələr davamlı olacaq. Azərbaycan mədəniyyəti olduqca zəngin və rəngarəngdir. Bu ölkədə yaradıcı gənclərin inkişafı üçün imkanlar çoxdur”.
Polşalı mütəxəssis Mədəniyyət və Turizm Nazirliyinin layihənin reallaşmasına göstərdiyi dəstəyi və şəxsən nazir Əbülfəs Qarayevin ustad dərslərini izləməsini yüksək qiymətləndirdi.
“Azanfilm” kinostudiyasının direktoru, layihənin Azərbaycan üzrə əlaqələndiricisi Fariz Əhmədov təkcə Polşada deyil, dünyada yetərincə tanınan sənədli film mütəxəssislərinin Bakıda ustad dərsləri keçməsinin əhəmiyyətini vurğuladı: “Hesab edirəm ki, gənc rejissorlarımız bu işin öhdəsindən uğurla gəldilər. Bu filmdə gənc rejissorların hər biri şəhər həyatından bir situasiya seçib yaratdıqları 3-4 dəqiqəlik süjetləri görə biləcəksiniz. Bunun da nəticəsində şəhərin canlı təsviri kimi 50 dəqiqəlik sənədli film meydana gəlib. Biz ilk işimizdə Bakının canlı təsvirini yaratmağa nail olduq. Qarşıda polşalı mütəxəssislərlə layihənin ikinci hissəsinin reallaşdırılmasını düşünürük”.
Dünya sənədli kinosu ilə tanışlıq imkanı
Layihədə iştirak edən gənc rejissorlar qazandıqları təcrübə və ekranlaşdırılan filmlərlə bağlı fikirlərini bölüşdülər.
Ramil Ələkbərov: “Bu ustad dərsləri fərqliliyi ilə seçilirdi. Çox praktik şəkildə həyata keçirilən iş prosesində, 3 həftə ərzində biz dünyada sənədli film sahəsində gedən proseslərlə sürətli şəkildə tanış olmaq imkanı əldə etdik. İdeyalarımız haqqında müzakirələr apardıq. Müşahidə üslubunda işləyərək qəhrəmanımıza müdaxilə etmirdik. Bu zaman süjetlər daha təbii alınırdı. Hər günün sonunda kollektiv surətdə çəkilən süjetlər müzakirə edilirdi. Mənim “Pinəçi” filmim də bu layihə çərçivəsində bəyənilərək qəbul edildi”.
Mənzər Hüseynova: “Layihəyə qoşulanda müəyyən şərtlər qoyulmuşdu. Bu şərtlərdən biri də müəllifin öz ssenarisini təqdim və müdafiə etməsi idi. Mənim ssenarim əvvəlcə mütəxəssislər tərəfindən qəbul edilmədi. Öz ideyamı müdafiə edəndə düşündüm ki, bu ssenarilərdə məxsusi bir dramaturgiya yoxdur və bunu sözlə ifadə etmək mümkün deyil. Polşalı kinematoqrafçılara bildirdim ki, sizin bizə təqdim etdiyiniz filmləri də ayrı-ayrılıqda sözə çevirəndə bu bizim üçün maraqsız olur. Çünki sənədli filmdə məxsusi, əvvəlcədən nəzərdə tutulan ssenari mövcud ola bilməz. Fikirlərim dəstəkləndi və onlar kameraları bizə etibar etdilər. İlk iş günündən məlum oldu ki, prosesdən maraqlı bir film ərsəyə gətirə bilərik”.
* * *
18 qısa filmdən ibarət “Bakı sübhdən günbatanadək” sənədli kinolenti tamaşaçılar tərəfindən böyük maraqla qarşılandı. Ekran əsərində bütövlükdə insan obrazı, həyat, mədəniyyət və tarixi məqamlar öz əksini tapmışdı.
Qeyd edək ki, layihənin tərəfdaşları Polşanın Adam Mitskeviç İnstitutu, Polşa Kino İnstitutu, TVP 2 Polşa Milli Televiziyası, “Belsat” kanalı və Polşa Xarici İşlər Nazirliyidir. Layihənin Azərbaycandakı tərəfdaşları Mədəniyyət və Turizm Nazirliyi və “Azanfilm” studiyasıdır.
Lalə Azəri
Mədəniyyət.- 2015.- 20
fevral.- S. 4.