Mədəniyyət
və Turizm Nazirliyinin
daha bir layihəsi beynəlxalq
qrant alıb
Mədəniyyət və Turizm Nazirliyinin "Ümumi mədəni irs şəhərlərinin təbliği" layihəsi İslam Əməkdaşlıq Təşkilatı İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin (COMCEC) elan etdiyi qrant müsabiqəsində qalib gəlib. Müsabiqə 2014-cü ilin 2 sentyabr tarixində elan olunmuşdu.
Nazirliyin təqdim etdiyi "Ümumi mədəni irs şəhərlərinin təbliği" layihəsi müxtəlif ölkələrin 50-dək layihəsi içərisindən seçilərək son 17 layihə arasında yer alıb. Layihə 4 ölkədə (Türkiyə, Azərbaycan, Qazaxıstan və Özbəkistan) ortaq tarixi irsə malik şəhərləri birləşdirən beynəlxalq arxeoloji turizm marşrutunun təbliğinə yönəlib.
Bu, Mədəniyyət və Turizm Nazirliyinin COMCEC-in qrantını qazanan ikinci layihəsidir. Ötən il təşkilatın 1-ci layihə çağırışına əsasən nazirlik tərəfindən təqdim olunan "Ümumi mədəni irs şəhərləri" beynəlxalq arxeoloji turizm layihəsi uğurla həyata keçirilib.
Azərbaycan, Qazaxıstan, Özbəkistan və Türkiyədə arxeoloji turizm potensialının araşdırılması və bu ölkələri birləşdirən ortaq turizm məhsulunun yaradılmasını əhatə edən layihə çərçivəsində ümumilikdə 18 şəhərdə 200-dən çox tarixi abidə, bu ölkələrin islam mədəniyyəti və tarixi irsi, turizm potensialı üzrə təhlillər aparılmışdı. 16-18 sentyabr tarixində Azərbaycanda iştirakçı ölkələrin ekspertlərinin, turizm təmsilçilərinin iştirakı ilə seminar təşkil olunmuşdu.
Yekun olaraq layihənin əhatə etdiyi dörd ölkə üzrə uzunmüddətli və qısamüddətli tur proqramları hazırlanmışdı.
22 gecə-23 günlük tur-proqram əsasən uzunmüddətli və daha aktiv turizmi seçən turistləri hədəf alır, arxeoloji qazıntı sahələri və digər tarixi abidələrlə tanışlıq məqsədi daşıyır. Təklif olunan ikinci tur marşrut isə arxeoloji turizmin əsl məqsədini özündə əks etdirir. Hər ölkədən bir şəhər seçilməklə bu şəhərlərdə davam edən arxeoloji qazıntılarda turistlərin aktiv şəkildə iştirakı təmin edilir.
Ötən il
yaradılmış turizm məhsulunun təbliği
məqsədilə yeni layihələrin
işlənib hazırlanacağı bildirilmişdi.
Mədəniyyət.- 2015.- 20
fevral.- S. 1;3.