Qürbətdə sönməyən Vətən eşqi

 

Məhəmməd Hadi Xalq Cümhuriyyətinə bir çox əsərlər həsr edib

 

Cüdayi-vətən olmaq, sürgünlərdə ömür sürmək, elə bil bəzi Azərbaycan şairlərinin alın yazısı olub. Ötən yüzilliyin əvvəllərində uzaq ellərdə sürgün həyatı keçirən, qürbət poeziyamıza öz töhfəsini verən və nəhayət, ədəbiyyatımızda romantizm ədəbi cərəyanını yaradan sənətkarlardan biri də Məhəmməd Hadi olub.

 

Məhəmməd Əbdüssəlim oğlu Hadi 1879-cu ildə Şamaxı şəhərində tacir ailəsində dünyaya göz açıb. İlk təhsilini məhəllə mədrəsəsində alıb. Doqquz yaşında atasını itirən Məhəmməd sonra anasından ayrı düşür. Nənəsi Teyyibə xanım ona və bacıları Sahibə ilə Əsmaya dayaq olur. Yeganə oğul nəvəsini bilikli, savadlı görmək istəyir. 1894-cü ildə Teyyibə xanım dünyasını dəyişdikdən sonra uşaqlar yaxın qohumların himayəsində qalırlar...

Məhəmməd Hadi dünyaya açıq gözlə baxan, müasir elmlərə yiyələnən bir ziyalı kimi yetişmək arzusu ilə yaşayır. İstanbul və Qahirə kimi mədəniyyət mərkəzlərində çalışmaq, ali təhsil almaq istəyir. Bu məqsədlə bir çox varlı qohumlarına müraciət edir, lakin ona kömək edən olmur.

Şamaxıda baş verən zəlzələdən (1902) sonra Məhəmməd Kürdəmirə köçür. Dostlarının təklifi ilə məktəbdə dərs deməyə başlayır. 1907-ci ildə Əli bəy Hüseynzadənin dəvəti ilə Bakıya gəlir. “Füyuzat” jurnalında işə düzəlir. Onun yaradıcılıq istiqamətinin möhkəmlənməsində, aşıb-daşan istedadının cilalanmasında “Füyuzat”ın böyük rolu olur. Şeir, məqalə və tərcümələri jurnalda müntəzəm dərc edilir. Ancaq qısa müddətdə jurnal bağlanır. Bu hadisə şairin əhval-ruhiyyəsinə çox pis təsir göstərir. 1908-ci ildə vətənpərvər milyonçu Hacı Zeynalabdin Tağıyevin dəstəyi ilə şairinFirdövsi-ilhamat” adlı ilk şeirlər kitabı nəşr olunur.

Hadi bir müddət işsiz qalır, maddi sıxıntı keçirir. 1914-cü ildə yazdığı və qələm yoldaşlarına ithaf etdiyi “Zamanın məzhəkələrindən” şeirində əsərlərinin satılmadığından, düçar olduğu acınacaqlı maddi durumdan “ilhamının qəlp pula dönməsindən”, qələm yoldaşları olan şairlərin sərsəri vəziyyətə düşdüklərindən acı-acı şikayət edir.

Akademik Bəkir Nəbiyev şairin yaradıcılığından bəhs edərkən yazır: “Hadi öz yaradıcı taleyindən heç də narazı qalmayıb. O, ölümündən sonra da olsa, böyük şair kimi öz obyektiv qiymətini alacağına əmin olub. “Ümid həyatın ruhudur” şeirində Hadinin istifadə etdiyi çox maraqlı bir təşbehə heç cürə laqeyd qalmaq mümkün deyil.

“Bəxtim kimi olsun kəfənim, yəni siyəhnak.”

...Hadi bir növ vəsiyyət edir ki, onun kəfəni üçün qara parçadan istifadə olunsun; çünki bu rəng şairin qara bəxtinin rəmzidir... Lakin bu qara bəxtin, qara rəmzin özünün də axırında şair bir işıq, bir aydınlıq görüb...”

Şair 1910-cu ilin baharında İstanbula gedir. Təninqəzeti redaksiyasında Şərq dilləri üzrə tərcüməçi işləyir. Türk poeziyasında azadlıq carçıları kimi tanınan Tofiq Fikrət Rza Tofiqlə yaxın dostluq əlaqələri qurur. Ölkədəki irtica əleyhinəRübab”, “Sərvəti-fünun”, “Sabah” qəzetlərində fəal çıxışlar edir. Bu zaman Osmanlının hərbi naziri Mahmud Şövkət paşaya sui-qəsd olur. Nəzarətdə olan Hadi Rusiyadan göndərilmiş təxribatçıkimi Salonik şəhərinə sürgün olunur. Şair burada özünə uyğun bir tapa bilmir. Bazarda çalışır bir parça çörək üçün qəpik-quruş qazanır. Balkan müharibələri (1912-1913) nəticəsində Salonik Yunanıstana birləşdirilir. Yunan polisi HadidənTürkiyənin casusukimi şübhələnir. O, bir Azərbaycan şairi olduğunu heç kəsə inandıra bilmir. Hadini gəmiyə mindirib Yunanıstandan təcili xaric edirlər. Gəmidə onu Mərmərə dənizinə atıb öldürmək istəyirlər. Bir təsadüf nəticəsində xilas olur. Çox çətinliklə İstanbula, oradan da Batuma nəhayət, 1914-cü ilin fevralında Bakıya gəlir. İlin sonunda şairin qürbət həyatının ikinci dövrü başlanır. O, Dünya müharibəsində müsəlman diviziyasının ruhanisi kimi Azərbaycanı tərk edir. Meydani-hərb xatirələrimdən”, “Ulduzlu bir gecədə müharibə tamaşası...”, “Qış günlərində odlu fəğanlaradlı şeirlərində azadlıq arzularından bəhs edir. O, “Qürbət ellərdə yadi-vətənşeirində yazır:

 

Qürbət ellər, əgərçi oldu yerim,

Sənə aid bütün düşüncələrim.

Ey məni bəsləyən çəmənzarım,

Ey xəyali-rəfiqi-əfkarım.

Məni şair doğan anam səndə,

Əbədiyyət məzarı sinəndə.

Çox uzaq olsa da bu tən səndən,

Könlüm ayrılmayır, vətən, səndən.

 

M.Hadi 1917-ci ildə cəbhədən Sankt-Peterburqa, oradan da Gəncəyə qayıdır. Rusiya imperiyasının süqutu, Azərbaycan Xalq Cümhuriyyətinin qurulması şairin ürəyindən xəbər verir. O, yeni dövrün ilk müstəqil Azərbaycan dövlətinə şeirlər həsr edir. İstiqlaliyyət çağlarında Hadinin əsərləri ən çoxAzərbaycanqəzetində dərc olunur. 1918-1919-cu illərdə Bakıda şairin məşhurİnsanların tarixi faciələri, yaxud əlvahi-intibahpoeması da kiçik kitab halında nəşr olunur. Səhhəti korlanan M.Hadi ömrünün axırlarında çətin vəziyyətə düşür, şeirlərini vərəqlərə yazıb satır. Nisgilli şair Xalq Cümhuriyyətinin süqutundan az sonra, 1920-ci ilin mayında Gəncədə dünyasını dəyişir, “Səbzkarqəbiristanlığında dəfn olunur.

 

Savalan Fərəcov

 

Mədəniyyət.- 2015.- 25 fevral.- S. 15.