78 illik ömür, 55 illik milli xidmət
Geniş
maarifçiliyi, gözəl
poeziyası, aydın-ağsaqqal
ziyası ilə xalqını qalxıma səsləmiş Abdulla Şaiq...
1881-də doğulub
1959-da dünyasını dəyişmiş
bu elm-sənət ağsaqqalımız 1920-1991 olum-ölümlü
“partiya və hökumətimiz” tərəfindən
ikicə kərə yad edilibmiş; biri iyirmi il
can qoyduğu gimnaziyanı
camaatın “Şaiq nümunə məktəbi”
adlandırması istəyini
rəsmiləşdirməsi zamanı, digəri - “Ədəbiyyat və maarif sahələrində
55 illik xidmətlərini
nəzərə alaraq”,
onu “Əməkdar incəsənət xadimi” adıyla təltif edərkən...
Xalqımız isə bu cəfakeş
pedaqoqu, Vətən balalarının bənzərsiz
müəllim-şairini, millət,
ədəbiyyat, sənət,
mədəniyyət ağsaqqalımızı
öz sevgi və xatirat təltifatlarıyla kifayət
qədər dəyərləndirib. Özü də
bu qəbil mükafatlar onu elə uşaqlıqdan “təqib” edib. Tiflisdəki altısinifli şəhər müsəlman
məktəbində müəllimlər
nadinc uşaqlara “düz otur”, “ağıllı ol” məzmunlu trafaret “tərbiyələr” əvəzinə,
“Abdulla kimi ol”, “bu sinifdə yaş və boy-buxunca ən balacamızdan nümunə
götür” deyərmişlər.
On iki yaşında
ikən ailəsilə
Xorasana köçüb,
orada tarix, məntiq, psixologiya elmlərinə, Azərbaycan,
Şərq və rus ədəbiyyatının
əsaslarına necə
səylə yiyələnirsə,
dövrün məşhur
ziyalısı Yusif Ziya “mən öz məktəbimdə
bu fərasətdə
uşaq görməmişəm!”
- deyir. Bu
“uşaq” özü isə sonralar “Həpimiz bir yuva pərvərdəsiyiz!
Həpimiz bir günəş zərrəsiyiz!”
deyəcək, gələcəyin
bütün uşaqlarının
irfan südü kimi qidalanacağı belə-belə misralar yazacaqdı:
Dovşan,
dovşan, a dovşan,
Qaçma, dayan, a dovşan!
Qaçma səni sevəndən,
Can kimi bəsləyəndən...
Qəribliyə yaşca uşaq
gedib, Vətənə
hər mənada böyük qayıdan -
Sənətkar
İyirmi
yaşı içində
Tiflisə qayıdan, bir il ötər-ötməz
- ömürlük məskən
salacağı Bakıya
gələn Abdullanın
növbəti il bir rus ziyalısının
çox zəngin kitabxanasını alması
faktı ətrafa onun ilk “yaradıcılıq”
nümunəsi kimi səs-səda yayır. O,
daxili aləmində, ev-eşiyində sənət,
maarif çınqılarından
alovlanma ərəfəsində
ikən, siyasi bayırda inqilabi hadisələr, bir-birinə
qarışmış milli
və idxali azadlıq çağırışları,
ittihad-intibah çarpışmaları
baş verirmiş. Çoxları üçün yumruq, süngü, “doklad” və digər macəravi maraqlarla keçən o illər Abdulla Şaiq dünyagörüşünə yeni elementlər nəqş edir. O, bütün bu olaylar içində milli ötənək-gələnəklərə
dair sevgi dolu dirçəliş yoluna qədəm qoyur, maarifçi-pedaqoq, romantik şair kimi formalaşma kursu keçmiş olur. Bir azdan
Vətənini Şərqin
ilk azad cümhuriyyəti
kimi görəsi şair belə yazacaqdı: “Sevin, sevin, ana Vətən...
Artıq
oldun Azad-Vətən!”
Hər sözündə-söhbətində,
publisistik məqalələrində
“mollanəsrəddinçi”ləri dərin hörmət-izzətlə
qəbul etsə də, füyuzatçılığı
öz məzaq-məramına
daha münasib sayan Abdulla Talıbzadə
Azərbaycan Xalq Cümhuriyyətini bütün
qəlbilə qarşılayıb,
alqışlayırdı. Bunu sonralar
Məhəmməd Əmin
Rəsulzadənin tərtib
etdiyi “milli istiqlalın sevincini ilk və çox coşquyla qarşılayanlar”
siyahısında Şaiqin
adını xüsusi
vurğu ilə qeyd etməsi faktı da təsdiqləyir.
Bu siyahıya onun rəsmi dövlət qəzeti “Azərbaycan”ın səhifələrində
“məktəblər və
milliləşdirmə” kimi
çox mühüm bir problem-məsələ
haqda silsilə məqalələrini də
əlavə edə bilərik. O, Bakı
Dövlət Universitetinin
yaranmasının necə
böyük ümumxəlqi
hadisə, milli sərvət olmasını
kütlə beyninə
də layiqincə çatdırmaq üçün
səhnəyə “Tələbə
həyatı” adlı
maraqlı, baxımlı
bir dram əsəri çıxardı. Səsləniş-sözlənişləri
belə düşüncələrə
dad verən “Yeni ay doğarkən”, “Arazdan Turana”, “Türk çələngi” kimi şeirlər yazdı, “Milli qiraət”, “Müntəxəbat”, “Türk
çələngi”, “Ədəbiyyat”,
“Türk ədəbiyyatı”,
“Gülşəni-ədəbiyyat” adlarında dərsliklər,
proqramlar hazırladı.
Qəlbində müdam
süsləyib-bəslədiyi Vətən, xalq, ana torpaq sevgilərini
misra-misra qələmlədi:
Beş dünyanın vəhşiləri
toplansa,
“Ölüm!”-deyə,
“Vətən!”-deyə
qoşarız.
Bu torpaqlar qanımızla boyansa,
Nəfərimiz qalınca öc
alarız!..
Və...
maraqlıdır, bunca
milli-ictimai, xəlqi-maarifi
fəaliyyət göstərmiş,
dövrün məcburi
internasionalizm çağırışlarına
deyil, yalnız mənsub olduğu millətin özgür oyanış-yüksəlişinə işləyən ədəbi-bədii
nümunələr yaratmış,
dünənki milli hakimiyyətə ürəkdən
xidmət və aşiqlik etmiş bu fədakarı sonrakı “partiya və hökumət” öz “vraqnarod” dəftərinə salıb
məhv etməmişdir.
Görəsən, nədən? Şaiqşünaslıq nümunələrində,
digər tədqiqat və oçerklərdə
bunun ciddi bir “çünki”silə rastlaşmadığımdan, belə
bir “ona görə” ehtimalındayam
ki, görünür,
öz qələm, düşüncə və
təşəbbüslərilə bərabər, hər müsahibini, nəticə
etibarilə xalqı oyadan nurlu, sadədən
sadə, aydından aydın çöhrəsi
dövrün mürəkkəb
və qaranlıq simasızlarını belə
ovsunlayıb, qəzəblərini
çaş-baş salırmış.
Bu məqamda müasir
şairlərimizdən birinin
(Vahid Əziz) iki misrasını da sözümə qüvvət gətirim: “Tütək neyləyibsə,
canavarı da - sürüdən uzaqda yuxu tutubdur”...
Bu təkrarsız insanın,
başdan-başa obrazlılıq
mücəssəməsinin həyat və yaradıcılıq aləmi
mənə də bir obrazlı deyim təlqin edir; dövr yarım“tələbə”, Abdulla Şaiq isə -
Bütöv müəllim...
1906-cı ilin avqustunda
Bakıda birinci müəllimlər qurultayının
keçirilməsi faktı
oxucularımızın çoxuna
məlumdur. Amma, yəqin, çox az adama
bəllidir ki, 25 yaşlı Abdulla müəllim
o qurultayın nəinki
təkcə fəal iştirakçısı, geniş
məruzəçisi, işgüzar
təşkilatçısı, həm də bu tədbirin üç təşəbbüskarından
biri olub. Və qurultay dövrün nəhəng ictimai simaları (Həsən bəy Zərdabi, Firudin bəy Köçərli, Süleyman
Sani Axundov və b.) ilə bərabər, gənc
Abdulla Şaiqi də seçdiyi komissiyaya daxil edir və
Azərbaycan dilində
müvafiq proqram hazırlamağı onlara
tapşırır. Növbəti
ilin sonlarından başlayaraq, ana dilimizdə “qaranquş”-dərsliklər nəşr
edilməyə başlayır,
sonrakı tariximizə
“H.Z.Tağıyev - N.Nərimanov
deyişməsi” (mübahisəsi)
kimi düşən “dil bəlası - məktəb davası” məsələsi həllinin
bünövrəsi qoyulur.
Daha mərkəzin ütülü-kraxmallı
nöqtələrində, foye
və dəhlizlərdə
Azərbaycanlı müəllimlərin
milli hissiyatına toxunan yarı doğma, yarı yad dilli atmacalar,
lağlağılar da
yavaş-yavaş yığışdırılır.
O günlərədək siniflərdə
Azərbaycanca danışmaq
yasaq olduğundan müəllimlər “musurman”
uşaqlarını başa
salmağa çətinlik
çəkirdilər. Həmin
çətinlikləri təsəvvür
etməkçün uşaqların
“sabaka laet” nə deməkdir” sualının “məşhur”
cavablandırılma nümunəsini
(sözlə yox, səslə - “ham-ham”!..) xatırlamaq kifayətdir. Və... hər
bir millətin doğal haqqı olan bu istək,
məsələyə Abdulla Şaiqin də böyük mücadilə
əzmi ilə qatılması sayəsində
öz hədəfinə
çatır; öncəki
yarımbaşlıqda bir
qisminin adını çəkdiyim anadilli dərsliklər, xüsusən
də “Əlifba” mübarəkimiz meydana gəlir.
Əslində, sırf ədəbi-bədii
əsərlər yaratmaq
üçün doğulmuş
Şaiqi bu kimi sahələrdə fəaliyyətə sövq
edən heç bir sənətdən kəm olmayan millilik “sənət”i idi. Əvvəli çox
böyük gələnəklərlə
süslənmiş, son yüz
ilə yaxın bir dönəmdə isə az
qala başdan-başa öygüsüz öyrənciyə,
tələbsiz tələbəyə
çevrilmiş bu millətə Şaiq kimi intibahçı müəllimlər gərək
idi.
O, “Məktub yetişmədi”,
“Köç”, “Daşqın”,
“İntiharmı, yaşamaqmı”,
“Göbələk”, “İblisin
hüzurunda”, “Dursun” kimi bir çox
qüvvətli hekayə,
povest, romanlar da yazıb, “Hürriyyət pərisi”,
“XX əsrə xitab”,
“Niyə uçdu”, “Bir quş” kimi
gözəl poeziya nümunələri yaradıb,
təkrarsız tərcümələr
edib. Lakin, yenə də, onun ən böyük
əsəri mübariz
maarifçiliyi, milli ağsaqqallıq-müəllimliyi idi...
Tahir Abbaslı
Mədəniyyət.- 2015.- 25
fevral.- S. 13.