Hər bir gənc üçün
mükafat yeni
başlanğıc, etimaddır
Gənclərə
diqqət və qayğı, onların istedadının dəstəklənməsi,
bilik və bacarıqlarının inkişaf etdirilməsi Azərbaycan dövlətinin
daim diqqət mərkəzindədir. Öz növbəsində yaradıcı gəncliyimiz
də bu diqqət və qayğı
müqabilində yeni-yeni uğurlara
imza atır, ölkəmizin mədəniyyətini, incəsənətini
müxtəlif tədbirlərdə layiqincə təmsil edirlər.
Hər il olduğu
kimi, bu il də 2 fevral - Gənclər
Günü ilə bağlı müxtəlif
sahələrdə uğur qazanan gənclərimizin bir
qrupu Azərbaycan Respublikası Prezidentinin mükafatına layiq
görüldülər, eləcə də Gənclər və
İdman Nazirliyi tərəfindən
mükafatlandırıldılar. Üstündən bir müddət ötsə də, onların bir neçəsi ilə
oxucularımızı yaxından tanış etmək istədik.
Xədicə Novruzova Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakültəsinin II kurs tələbəsidir. Əla qiymətlərlə təhsilini davam etdirən Xədicə deyir ki, bu təhsil ocağı ona çox doğmadır. Çünki onun valideynləri və babası, tanınmış rejissor, aktyor, Əməkdar mədəniyyət işçisi Məmmədkamal Kazımov da bu təhsil ocağının yetirmələridir. Xədicə həm də Akademik Milli Dram Teatrında çalışır: “Səhnəyə ilk dəfə 2000-ci ildə 5 yaşımda, Azər Paşa Nemətovun quruluşunda Xalq yazıçısı Elçinin “Mənim ərim dəlidir” əsərinin tamaşasında çıxmışam. Artıq 15 ildir ki, səhnədəyəm. Bu illərdə burada irili-xırdalı rollar oynamışam. Özümü xoşbəxt hesab edirəm ki, böyük aktyorlarımız Həsənağa Turabov, Kamal Xudaverdiyev, Telman Adıgözəlov, Siyavuş Aslan, Yaşar Nuri ilə eyni səhnəni bölüşmüşəm. Bu günə kimi teatrımızla dünyanın bir çox şəhərlərində qastrol səfərlərində olmuşam. Prezident mükafatına layiq görülən gənclər sırasında öz adımı görmək həm qürur, həm də məsuliyyət deməkdir. Fəaliyyətimə verilən qiymət və diqqətə görə cənab Prezidentə dərin təşəkkürümü bildirirəm. Həyatımda baş vermiş bu mühüm hadisə hər gün öz işimdə irəliləyişə bir çağırış, daha çox iş görməyə bir enerjidir. Mükafata layiq görülən bütün gəncləri təbrik edirəm. Gənclik özü bir nemətdir və çox istərdim ki, gənclərimiz işgüzar, seçdikləri sahədə mükəmməl olsunlar”.
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının baş katibi Seymur Hüseynov: “Ölkə Prezidenti tərəfindən mükafatlandırılmaq insanın ömrü boyu əlamətdar hadisə olaraq xatirəsində qalır. Hesab edirəm ki, bu mükafat təkcə mənim deyil, eyni zamanda mənimlə birlikdə çiyin-çiyinə çalışan komandanın uğurudur. Mükafat başlanğıc nöqtəsidir, etimaddır. Ölkəmizdə ildən-ilə gənclər üçün yaradılan imkanlar genişlənir. Ölkə Prezidenti tərəfindən təsdiq olunmuş “2015-2025-ci illərdə Azərbaycan Gəncliyinin İnkişaf Strategiyası” bu istiqamətdə yeni imkanlar açır, eyni zamanda qarşımızda yeni vəzifələr qoyur. 9 ilə yaxındır ki, ictimai fəaliyyətlə məşğul oluram. Bu illərdə bir çox şey öyrəndim, onlarla ölkədə minlərlə insanla təmasda oldum, yüzlərlə müxtəlif layihədə iştirak etdim. Cənab Prezidentə mənə bu yüksək etimadı göstərdiyi üçün dərin minnətdarlığımı bildirirəm. Bu mükafata layiq olmağa çalışacağam”.
Novruz Məmmədov 2007-ci ildə Mədəniyyət və İncəsənət Universitetinin heykəltəraşlıq fakültəsini bitirib, 2011-ci ildə həmin təhsil ocağında magistr pilləsini başa vurub. Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Heykəltəraşlıq, rəssamlıq, quraşdırma, kinetik incəsənət və digər sahələr üzrə fəaliyyət göstərir. Rəssam Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən “Küknar” və “Səməni” müsabiqələrində I və II yerlərə layiq görülüb. I Avropa Oyunlarına həsr edilən “Canoya” və “Çələbi döyüşü” adlı instalyasiyaları Türkiyə, Fransa və İsveçrədə sərgilənib: “Bu mükafat yaradıcılığımda olan uğurlara və fəaliyyətimə böyük diqqətdir. Müasir gənclik mənim üçün öz köklərinə bağlı olub, eyni zamanda yeniliklərlə ayaqlaşmaq deməkdir. Bu gün gənclər ölkənin iqtisadi, ictimai və mədəni həyatında mühüm rol oynayırlar. Düşünürəm ki, gənclərə böyük bir dəniz açılır və bu dənizdə üzməyi bacaranlar mirvari tapmaqda heç də çətinlik çəkmirlər. Bir daha bizə göstərilən diqqətə görə əlaqədar qurumlara dərin təşəkkürümü bildirirəm”.
Atabala Manafzadə G.Şaroyev adına 35 nömrəli musiqi məktəbinin fortepiano ixtisası üzrə XI sinif şagirdidir. Beynəlxalq müsabiqələrin qalibidir, 2012-ci ildə adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılmaqla ölkə Prezidentinin xüsusi təqaüdünə layiq görülüb. 2014-cü ildə İtaliyada, İsveçdə və Almaniyada beynəlxalq musiqi müsabiqələrinin qalibi olub. Professor Zəhra Quliyevanın rəhbərlik etdiyi “İstedad” mərkəzinin üzvü olan gənc ifaçı hazırda təhsilini Əməkdar müəllim Kamilla Əmirovanın sinfində davam etdirir: “Respublika gəncləri arasından seçilmək və bu mükafata layiq görülmək, təbii ki, qürurvericidir. Əsas məqsədim Bakı Musiqi Akademiyasına daxil olmaqdır. Ölkəmi, onun mədəniyyətini layiqincə dünyada təmsil etmək istəyirəm. Arzu edirəm ki, hər bir Azərbaycan gənci həyatda özünə layiqli yol seçsin və seçdikləri yolda Azərbaycanımızın adını hər zaman uca tutsun”.
Humay Fərəcova Bakı Musiqi Akademiyasının magistrantıdır, Üzeyir Hacıbəylinin ev-muzeyində çalışır. 2013-cü ildə Bakı Musiqi Akademiyasının tarix-nəzəriyyə fakültəsinin musiqişünaslıq ixtisasını fərqlənmə diplomu ilə bitirərək magistraturaya daxil olub. Gənc musiqişünas bir sıra elmi konfranslarda, müsabiqələrdə iştirak edib, diplomlar və fəxri fərmanlarla təltif olunub, özünü aktrisa, rəssam kimi də sınayıb: “Bu günə kimi uğurlarım az olmayıb. Onların sırasında Üzeyir Hacıbəyli beynəlxalq musiqi festivalı çərçivəsində dahi bəstəkarın “Ər və arvad” operettasında Gülpəri rolunu ifa etdiyim üçün ən yaxşı aktrisa adını qazanmağımı, Prezident yanında Gənclər Fondunun qrant müsabiqəsində qalib olan layihəm əsasında “Gənc Azərbaycan” qısametrajlı film festivalının keçirilməsini, Hindistanda beynəlxalq musiqi simpoziumunda iştirakımı qeyd edə bilərəm. Düzü, mükafata layiq görülməyim xəbəri mənə inanılmaz gəlirdi. Bunu çox böyük həyəcanla qarşıladım və fərəh hissi duyuram. Hər kəsə dərin təşəkkürümü bildirirəm. Təhsilimi davam etdirmək fikrindəyəm, çox böyük planlarım var. Gənc dostlarıma arzum budur ki, əzmlə çalışsınlar, mübariz olsunlar”.
Lalə Azəri
Mədəniyyət.- 2015.- 25
fevral.- S. 12.