Özbəkistan telekanalında azərbaycanlılar haqqında proqram

 

Özbəkistanın “Dunyo boylob” televiziya kanalı bu ölkədə yaşayan azərbaycanlılar haqqında özbək dilində proqram hazırlayaraq təqdim edib. Proqramda Daşkənddəki Respublika Azərbaycan İctimai Birliyinin icraçı direktoru Firdovsi Hüseynov Özbəkistanda yaşayan soydaşlarımız haqqında məlumat verib. Qeyd olunub ki, Daşkənd şəhəri ilə yanaşı, Səmərqənd, Buxara, Sırdərya və Fərqanədə də mədəniyyət mərkəzləri fəaliyyət göstərir.

Ölkəmizin Özbəkistandakı səfirliyi nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) direktoru Samir Abbasov burada fəaliyyət göstərən muzey və dərnəklər, keçirilən tədbirlər barədə söhbət açıb. Qeyd olunub ki, rəqs, rəsm, naxıştikmə dərnəklərində azərbaycanlı uşaqlarla yanaşı, digər xalqların nümayəndələri də məşğələlərdə pulsuz iştirak edirlər.

Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru, Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetinin professoru Erkin Nuriddinov qurumun xətti ilə görülən işlərdən danışıb.

Verilişdə Daşkənddə yaşayan soydaşlarımız - Özbəkistan Dövlət Konservatoriyasının professoru, Özbəkistanın Xalq artisti Firudin Səfərov, konservatoriyanın professoru, Nərgiz Poladxanova, Daşkənddəki Əlişir Nəvai adına OperaBalet Teatrının solisti Cəbrayıl İdrisov, rəssam Zaur Mansurov, müğənni Rəna Əzizova və başqaları gördükləri işlərdən və xalqlarımız arasındakı dostluq əlaqələrindən bəhs ediblər.

Proqramda Daşkənddə yaşayan Süleyman Həsənovun özbək xanımla qurduğu ailə haqqında da məlumat verilib. Qeyd olunub ki, Həsənovlar ailəsində 11 uşaq böyüyüb, bunların 6-sı qız, 5-i isə oğlandır.

 

Mədəniyyət.- 2015.- 25 fevral.- S. 10.