“Bu
insanlar xalqlarımız arasında dostluğun simvoludur”
Gürcüstanda Polad Bülbüloğlunun 70 illik yubileyi qeyd edilib
Azərbaycanın
Xalq artisti, görkəmli
müğənni və bəstəkar, ölkəmizin
Rusiyadakı səfiri Polad Bülbüloğlunun
70 illik yubileyi qonşu Gürcüstanda da qeyd edilib.
Fevralın 21-də Cansuq Kaxidze adına Tbilisi Musiqi və Mədəniyyət Mərkəzində keçirilən yubiley gecəsində Gürcüstanın dövlət və hökumət üzvləri, Azərbaycandan, Rusiyadan, digər ölkələrdən gələn qonaqlar iştirak ediblər.
Tədbirin aparıcısı, Gürcüstanın mədəniyyət xadimi Vaxtanq Kaxidze atasının adını daşıyan salonda Azərbaycanın Xalq artistinin 70 illik yubileyinin keçirilməsini əlamətdar hadisə adlandırıb. Bildirib ki, atası Bülbüldən xalqını, Vətənini, xalqının incəsənətini sevməyi öyrənən Polad fəxr edə bilər ki, onu bütün dünya tanıyır.
Səhnəyə çıxan Polad Bülbüloğlu özünün məşhur “Azərbaycan” mahnısını ifa edib.
Yubilyar ulu öndər Heydər Əliyevin mədəniyyətə, incəsənət xadimlərinə, o cümlədən onun özünə göstərdiyi böyük diqqət və qayğıdan söz açıb. Vurğulayıb ki, bu gün həmin kursu Azərbaycan Prezidenti İlham Əliyev uğurla davam etdirir. O, yaradıcılığına verilən yüksək qiymətə görə dövlətimizin başçısına dərin təşəkkürünü bildirib.
Sonra Azərbaycanın Xalq artisti Cavanşir Cəfərovun dirijorluğu ilə Gürcüstan Simfonik Orkestri yubilyarın mahnılarını ifa edib.
Polad Bülbüloğlu orkestrin müşayiəti ilə “Qara tellər”, “Xumar oldum”, “Ay dilbər”, “Gəl ey səhər” və s. mahnılarını oxuyub. Yubilyarın “Məhəbbət və ölüm” baletindən, həmçinin onun rol aldığı “Qorxma, mən səninləyəm” filmindən parçalar göstərilib.
Xalq artistini təbrik edənlər arasında Gürcüstanın mədəniyyət və tarixi abidələr naziri Mixeil Georqadze, Azərbaycanın bu ölkədəki səfiri Azər Hüseyn, Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi, TASS agentliyi baş direktorunun birinci müavini Mixail Qusman, “Bakılı oğlanlar” şən və hazırcavablar klubunun üzvü Bəhram Bağırzadə və başqaları olub.
Mixail Qusman
deyib: “Mənim gənclik illərim Poladla bağlıdır. Biz uzun illərdir dostluq edirik. O, gözəl bəstəkar
və ifaçı, həm də bacarıqlı diplomatdır.
Onun yubileyinin Moskvada, Bakıda və indi Tbilisidə qeyd olunması bir daha göstərir
ki, Polad Bülbüloğlu, həqiqətən
də, sevilən bir insandır”.
Biz dahi Bülbülü
və onun layiqli davamçısı
olan Poladı çox sevirik. Bu sözləri
Tbilisi şəhər sakini
Konstantin Slovinski deyib:
“Tbilisinin mərkəzində
dahi Bülbülün
büstünün ucaldılması,
Poladın yubileyinin təşkili dediklərimin
əyani sübutudur. Bu insanlar təkcə
incəsənət adamı
kimi sevilmirlər, onlar həm də xalqlarımız arasında dostluğun simvoludurlar”.
Mədəniyyət.- 2015.- 25 fevral.- S. 5.