Əhali ilə hər görüşdə maraqlı təkliflər səslənir

 

Mədəniyyət və turizm naziri Ağdaşda vətəndaşları qəbul edib

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri hər ay bölgələrdə vətəndaşlarla görüşlər keçirirlər. Fevralın 24-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Ağdaş şəhərindəki Heydər Əliyev Mərkəzində Ağdaş, Göyçay, Kürdəmir, Ucar və Zərdab rayonlarının sakinlərini qəbul edib.

 

Mədəniyyət və Turizm Nazirliyinin elektron poçt ünvanı (mct@mct.gov.az, elektron xidmətlər saytı (e-services. mct.gov.az), telefon məlumat sistemi ("Qaynar xətt": 147) və müvafiq rayon mədəniyyət və turizm şöbələrinə müraciət etməklə qəbula yazılmış 30-dan çox vətəndaş nazirlə görüşdə müxtəlif məsələlərlə bağlı təklif, xahiş və şikayətlərini bildiriblər.

Nazirliyin məsul işçilərinin də iştirak etdikləri qəbulda səslənən müraciətlər əsasən bölgələrdəki mədəniyyət müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, müxtəlif avadanlıq və ləvazimatlarla təminatı, musiqi və incəsənət məktəblərinin fəaliyyətinin genişləndirilməsi ilə bağlı olub. Kitabxana şəbəkəsinin təkmilləşdirilməsi, tarix-mədəniyyət abidələrinin təmir-bərpası kimi məsələlər də müraciətlər arasında yer alıb.

Göyçay rayon sakinləri Asiman Əhmədov rayonda rəsm qalereyasının yaradılması, Şirvan İsmayılov Bığır kənd mədəniyyət evinin əsaslı təmiri, Zərdabdan Sevin Musayeva Həsən bəy Zərdabinin abidəsinin bərpa olunması, Kürdəmir rayon sakini Füzuli Məmmədov uşaq incəsənət məktəbində saz şöbəsinin açılması, Ağdaş sakini Sevgili İbrahimova rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əsaslı təmir olunması, Ucar rayon sakini Azad Qəhrəmanov Heydər Əliyev Mərkəzində rəsm qalereyasının təşkili ilə bağlı müraciət ediblər. Həmçinin işlə təminat və digər sosial məsələlərlə bağlı müraciətlər olub.

Görüşdə hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib, problemlərin həlli ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün tapşırıqlar verilib.

Nazir Əbülfəs Qarayev jurnalistlərə müsahibəsində dövlət başçısının tapşırığı ilə keçirilən bu görüşlərin əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, sakinlərlə birbaşa ünsiyyət zamanı qaldırılan bir sıra məsələlər operativ olaraq həllini tapır. Nazir vətəndaşların təşəbbüskarlığını, yerlərdə mədəniyyət və turizm sahəsindəki olan problemlərə, aktual məsələlərə diqqət yetirməsini təqdirlə qarşılayıb. Budəfəki görüşdə də maraqlı təkliflərin səsləndiyini deyən Əbülfəs Qarayev gələn ildən Ağdaşda görkəmli sənətkar Habil Əliyevin adına kamança ifaçılığı müsabiqəsinin keçirilməsinin qərara alındığını, eləcə də tarix-mədəniyyət abidələrinin bərpası, musiqi və incəsənət məktəblərinin maddi vəziyyətinin yaxşılaşdırılması və s. məsələlərlə bağlı müraciətlərə baxılacağını bildirib.

Qəbuldan sonra nazir Ağdaş şəhərindəki mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış olub, rayon Mədəniyyət evinə, Tarix-Diyarşünaslıq Muzeyinə, Habil Əliyev adına musiqi məktəbinə baş çəkib. Məktəb 2009-cu ildə Heydər Əliyev Fondunun dəstəyi ilə inşa edilib. Pedaqoji kollektivlə görüşən Əbülfəs Qarayev tədris prosesi ilə maraqlanıb, şagirdlərin ifasında konsert proqramına baxıb.

 

F.Hüseynov

 

Mədəniyyət.- 2015.- 25 fevral.- S. 3.