Soyqırımının ildönümü bölgələrdə qeyd olunub

 

Ağcabədi rayon MKS Mərkəzi kitabxananın xidmət və uşaq şöbələri ilə birlikdə “Xocalı intiqama çağırır” başlığı altında tədbir təşkil edib. Mövzu ilə bağlı məruzələr dinlənilib, uşaq şöbəsinin oxucuları Xocalıya həsr edilmiş şeir və bayatılar səsləndiriblər.

 

* * *

 

Sumqayıt şəhər MKS-nin 4 saylı gənclər kitabxanası filialında Xocalı faciəsinin 23-cü ildönümü ilə əlaqədar 16 saylı tam orta məktəbin şagirdlərinin və “Qızıl Aypara” cəmiyyəti üzvlərinin iştirakı ilə xatirə gecəsi keçirilib. Çıxış edənlər faciənin törədilmə səbəbləri, erməni faşistlərinin əməllərindən danışıblar, məktəblilər ədəbi-bədii kompozisiya nümayiş etdiriblər.

* * *

Göygöl rayon S.Vurğun adına Mərkəzi kitabxanasının oxu zalında “Xocalı harayı” adlı tədbir keçirilib. Tədbirdə faciəni əks etdirən fotostend, “Xocalı harayı” başlığı altında kitab sərgisi təqdim olunub, “Biz Xocalıya qayıdacağıq!” sənədli filmi nümayiş etdirilib.

* * *

Sabirabad rayon MKS-nin M.Ə.Sabir adına Mərkəzi kitabxanasında əsrin faciəsinə həsr olunmuş tədbir keçirilib. Qanlı hadisələri əks etdirən fotolardan ibarət sərgi təşkil edilib. Tədbirdə çıxış edənlər erməni vandallarının törətdiyi dəhşətli soyqırımından danışıblar. Vurğulanıb ki, gün gələcək üçrəngli şanlı bayrağımız yenidən Qarabağ səmasında dalğalanacaq.

* * *

Quba rayon MKS-nin Mərkəzi kitabxanasında anım mərasimi təşkil edilib. Şəhər 5 saylı tam orta məktəbin şagirdləri “Xocalı harayı” adlı ədəbi-bədii kompozisiya ilə çıxış ediblər. “Xocalı soyqırımı - 23” adlı sərgiyə baxış olub.

* * *

Qəbələ Rayon Tarix-Diyarşünaslıq Muzeyində “Xocalı fəryadı” adlı tədbirdə faciənin dəhşətlərindən söz açılıb. Muzeyin ümumi ekspozisiyadakı “Xocalı həqiqətləri” bölməsində qanlı cinayəti əks etdirən fotomateriallar, kitablar yer alıb.

* * *

Tovuz rayon Mərkəzi kitabxanasında keçirilən adlı anım gecəsində qeyd olunub ki, Xocalı faciəsi erməni millətçilərinin azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir. Tədbir iştirakçıları “Xocalı soyqırımı” başlıqlı sərgiyə baxıblar.

* * *

Qazax rayon Mərkəzi kitabxanasının oxu zalında “Xocalı soyqırımı bəşəriyyət əleyhinə cinayətdir” adlı anım tədbiri keçirilib. Bildirilib ki, bu amansız qırğın aktı təkcə Azərbaycan xalqına qarşı deyil, bütün insanlığa qarşı cinayətdir. Tədbirdə soyqırımına həsr edilmiş videoçarx nümayiş etdirilib, sərgiyə baxış keçirilib.

* * *

Salyan rayon Mərkəzi kitabxanasında “Xocalım, laylay” adlı mərasimdə soyqırımı aktının acı nəticələrindən danışılıb. Şəhər 2 saylı məktəbin şagirdləri faciəyə həsr olunmuş şeirlər söyləyiblər, qısametrajlı filmlər göstərilib.

* * *

Astara rayon Mərkəzi kitabxanasında “Xocalı soyqırımı təkcə faciə deyil, mübarizəyə çağırışdır” mövzusunda tədbir keçirilib. Rayon MKS-nin Mərkəzi və kənd filial kitabxanalarında da kitab sərgiləri təşkil olunub, fotostendlər qurulub.

* * *

Tərtər rayon Mərkəzi kitabxanasında da soyqırımının ildönümü ilə bağlı anım tədbiri keçirilib. “Xocalı - əsrin faciəsi” adlı kitab sərgisi təşkil olunub, məktəblilərin iştirakı ilə ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

* * *

Qubadlı Rayon Mədəniyyət və Turizm Şöbəsinin tabeliyində olan müəssisələr - Mahmudlu kənd mədəniyyət evi, Mərkəzləşdirilmiş Kitabxana Sistemi Xocalı soyqırımının 23-cü ildönümü ilə bağlı anım tədbiri təşkil edib. Tədbirdə bədii qiraət dərnəyi üzvlərinin ifasında Xocalıya həsr edilmiş “Xocalı uşaqları - qan içində qar çiçəyi” adlı ədəbi-bədii kompozisiya təqdim olunub.

 

Mədəniyyət.- 2015.- 27 fevral.- S. 12.