Milli faciəmiz və biz
Xocalı faciəsindən
keçən 23 ildə faktın beynəlxalq aləmdə
tanıdılması istiqamətində çox
işlər görülüb,
soyqırımı gerçəyi müxtəlif ölkələrin
ictimaiyyətinə çatdırılıb. Baxmayaraq
faciədən sonrakı ilk illərdə
dünyanın bu hadisəyə,
ümumilikdə milli dərdimizə ikili yanaşması, həqiqətlərimizin
harayına qulağını qapaması bizləri
usandırdı, ruhdan saldı, bizi öz içimizdə
qovurulmağa, ağlamağa,
çırpınmağa vadar etdi.
Hələ üstəlik faciə faktlarımız - fotolar, videokadrlar ayrı-ayrı ölkələrin mediasında bədnam qonşularımızın faciəsi kimi göstərilməyə başladı. Lobbiçilik, havadarları və dünya fikrində saxta münasibət formalaşdıran həmfikirləri sayəsində buna nail olmağa çalışdılar. Bax o zaman dünyanın dörd yanına səpələnmiş həmvətənlərimiz buna dur deməyə başladılar, dövlətin milli dərdimizi dünyaya çatdırmaq yönündə apardığı işlərin fəal təbliğçilərinə çevrildilər. Bəs, görəsən, bu işlər yetərlidirmi?
Sumqayıt Dövlət Universitetinin müəllimi, ərəb dili üzrə tanınmış tərcüməçi, ötən il işıq üzü görərək ərəb ölkələrində yayılan “Xocalıya ədalət” kitabının müəllifi Əli Rzazadənin fikrincə, təbliğat işi davamlı və sistemli olaraq aparılmalıdır: “Bir neçə il öncə internet saytlarında Xocalı ilə bağlı məlumatlar əldə etmək üçün axtarış apardım. Bu zaman mənə məlum oldu ki, dünyanın əksər dillərində bu soyqırımı haqda geniş məlumatlar olsa da, ərəb dilində informasiya kasadlığı var, mövcud məlumatlar səthi xarakter daşıyırdı. Düşündüm ki, dünyanın 21 ölkəsinin dövlət dili olan ərəb dilində Xocalı faciəsini daha geniş formada yazmaq bir mütəxəssis kimi mənim də borcumdur. Bu məqsədlə faciəni əks etdirən materialları toplayıb, hadisə şahidləri ilə görüşüb acı xatirələrini şəxsən dinləyərək qələmə aldım. Beləliklə, “Əl-ədalət li-Xocalı” (“Xocalıya ədalət”) kitabı çap olundu.
Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə ərsəyə gələn nəşrin təqdimatında Səudiyyə Ərəbistanı, Qətər, Fələstin, Liviya sərfliklərinin nümayəndələri kitabın ərəb ölkələrində yayılması ideyasını irəli sürdülər”.
Kitabın bir sıra ərəb ölkələrində yayıldığını, ötən ilin avqustunda Misirin Hilvan, 6 Oktyabr universitetlərinin kitabxanalarına təqdim edildiyini deyən müəllif nəşrdə yer alan mövzulara da diqqət çəkdi: “Kitab 1905-ci il gerçəkləri, Sumqayıt hadisələri, Azərbaycanın erməni qəsbkarları tərəfindən işğal olunmuş bütün rayonları, məhv edilmiş tarixi abidələri, Xocalı soyqırımında vəhşicəsinə qətlə yetirilmiş azyaşlıların, itkin düşmüş şəhər sakinlərinin siyahısı da yer alıb. Soyqırımını 1992-ci ildə işıqlandıran xarici mətbuat səhifələrindən də sitatlar kitabda yer almışdır”.
Xocalı faciəsinin tanıdılmasını təkcə ildönümlərində deyil, gündəlik həyatında devizə çevirən və bütünlükdə bu işə yönələn Türkiyədə yaşayan jurnalist həmkarımız, istedadlı yazar Kəbutər Haqverdinin də məsələ ilə bağlı öz rəyi var. Onun fikrincə, vətəndən kənarda yaşayan hər bir azərbaycanlı siyasi görüşündən, əqidəsindən asılı olmayaraq, vətəninin həqiqətləri üçün çalışmalıdır: “Bu məsələ mənim çox yaralı yerimdir. Çünki soydaşlarımızın əksəriyyəti ölkəmizin sərhədlərindən kənarda və ən vacib məqamlarda yetərli həmrəylik nümayiş etdirə bilmirlər. İlk zamanlar azərbaycanlıların toplu fəaliyyət göstərdikləri dərnəklərə müraciət edib birlikdə fəaliyyət göstərmək istəyirdim. Amma, necə deyərlər, xəyallarım suya düşdü. Buna rəğmən çalışmağa, əlimdən gələni etməyə başladım. İlk layihəm Türkiyə Ulusal Partiyasının dəstəyi ilə reallaşdı. Xocalı faciəsini yaşamış beş qadını Türkiyəyə dəvət etdik, müxtəlif şəhərlərdə konfranslar keçirdik.
2011-ci ildən sonrakı fəaliyyətimin nəticəsi olaraq hocalihaber.com saytını yaratdım. Sayta çox önəmli simalar köşə yazıları yazırlar”.
Məqsədinin təkcə Xocalı, Qarabağla bağlı yazılar yazıb tarixi məsəlləri diqqətə gətirmək olmadığını deyən həmsöhbətim bununla əslində Azərbaycan adına Türkiyədə bir marka yaratmaq istədiyini dedi: “Bu bizim üçün çox vacibdir. Ermənilərə diqqət edin, bütün dünya Ararat markasını tanıyır. Türkiyədə Aras, yəni Araz çayı adına patent də onlara məxsusdur. Halbuki Araz bizim üçün nə qədər doğmadır. Qız qalası, Bakı kimi adlar da seçə bilərdim. Amma məhz Xocalı adını seçdim ki, həm də qanlı tariximiz diqqətdə qalsın”.
Rəylərdən də göründüyü kimi, biz hələ öz faciəmizi yetəri qədər təbliğ edə və dünyaya çatdıra bilməmişik. Bu məsələdə də dövlətin edib-edəcəklərini bir kənara qoyub vətəndaş yanğımızı və azərbaycanlılıq borcumuzu vicdanla yerinə yetirməliyik. Özü də ildə bir gün yox, ilin hər günü.
Həmidə
Nizamiqızı
Mədəniyyət.- 2015.- 27
fevral.- S. 12.