Leopold Rostropoviçin
123 illiyi qeyd olundu
Fevralın 25-də
Leopold və Mstislav
Rostropoviçlərin ev-muzeyində L.Rostropoviçin
anadan olmasının 123-cü ildönümü ilə bağlı mərasim
keçirildi.
Tədbirdə Sankt-Peterburqda yerləşən Rostropoviç-Vişnevskaya arxivinin əməkdaşı Larisa Çirkovanın maestronun yaradıcılığı barədə onlayn (skype) məruzəsi dinlənildi.
L. və M.Rostropoviçlərin ev-muzeyinin direktoru Şeyla Heydərova böyük musiqiçinin həyat və fəaliyyətindən geniş danışdı. Qeyd etdi ki, musiqi mədəniyyəti tariximizdə Rostropoviçlər ailəsinin böyük xidmətləri var. Dahi bəstəkar Üzeyir Hacıbəylinin dəvəti ilə Bakıya gələn L.Rostropoviç Azərbaycanda violonçel ifaçılarının yetişməsində böyük rol oynayıb. Onun istedadlı tələbələri arasında Asəf Zeynallı, Əbdülrəhman Kərimov, Hüseyn Veysov, Ələkbər Daşdəmirov kimi musiqiçilər olub.
Anım mərasimi konsert proqramı ilə davam etdi. L. və
M.Rostropoviçlər adına
21 saylı uşaq musiqi məktəbinin şagirdləri Tofiq Quliyevin “Qaytağı”, Sen Sansın “Bolero”, Dmitri Şostakoviçin “Yaz valsı” və digər əsərləri
səsləndirdilər.
Sonda L.Rostropoviçin
həyat və yaradıcılığını əks etdirən maraqlı videoçarx nümayiş etdirildi, muzeyin fondunda saxlanan zəngin eksponatlara baxış oldu.
Qeyd edək ki, L.Rostropoviç 1892-ci il fevralın 26-da Rusiyanın Voronej şəhərində anadan olub. 1910-cu ildə Sankt-Peterburq Konservatoriyasını qızıl medalla bitirib. Məşhur ispan violonçelisti Pablo Kazalsdan ustad dərsləri alan musiqiçi Polşa, Fransa, İngiltərə, ABŞ və başqa ölkələrdə qastrol səfərlərində olub. Onun yaradıcılığının bir hissəsi Azərbaycanla bağlıdır. 1925-ci ildə Bakıya köçən ifaçı Azərbaycan Dövlət Konservatoriyasında violonçel ifaçılığından dərs deyib. Oğlu Mstislav Rostropoviç 1927-ci ildə Bakıda doğulub. 1942-ci ildə Rostropoviçlər ailəsi Orenburq şəhərinə köçüb. L.Rostropoviç həmin il iyulun 31-də dünyasını dəyişib.
Fariz Hüseynov
Mədəniyyət.- 2015.-27
fevral.- S. 11.