“Ağ
qayıq”
Şuşa teatrının tamaşası Beynəlxalq Muğam Mərkəzində nümayiş olundu
Fevralın 25-də Beynəlxalq Muğam Mərkəzində “Xocalıya ədalət!” kampaniyası çərçivəsində tədbir keçirildi. Tədbirdə Şuşa Humanitar Kollecin tələbələri və Yasamal rayonu 53 saylı orta məktəbin şagirdləri iştirak edirdilər.
Əvvəlcə 53 saylı orta məktəbin direktoru Firəngiz Həsənova çıxış edərək Xocalı soyqırımından söz açdı. Bildirdi ki, bu gün “Xocalıya ədalət!” kampaniyası dünyanın bir çox ölkələrində keçirilir: “Biz inanırıq ki, Xocalı faciəsi beynəlxalq aləmdə öz siyasi qiymətini alacaq. Azərbaycanın tarixi torpaqları düşmən tapdağından azad olacaq”.
Sonra Şuşa Dövlət Musiqili Dram Teatrının hazırladığı “Ağ qayıq” tamaşası nümayiş etdirildi.
Dramaturq Elnurə Abdullayevanın əsərinin süjeti real hadisələr üzərində qurulub. Bir-birini sevən iki gənc - Ağgüllə Camal həyat eşqi ilə yaşayırlar. Gələcəyə nikbin nəzərlərlə baxır və hər şeyin yaxşı olacağına inanırlar. Ağgül və Camal hər gün rastlaşdığımız - tanıdığımız və tanımadığımız yüzlərlə insanın ümumiləşdirilmiş obrazıdır... Tamaşada Qarabağ müharibəsində Azərbaycan xalqının başına gətirilən müsibətlərdən, erməni faşistlərinin törətdiyi qəddarlıqdan bəhs olunur.
Tamaşanın quruluşçu rejissoru Samir Qulamov, quruluşçu rəssamı Mahir Cananov, musiqi tərtibatçısı Aygün Zeynalovadır. Rolları Dürdanə Dünyamalıyeva (Ağgül), Gündüz Qasımov (Camal) və başqaları oynayırdılar.
Tamaşa böyük maraqla qarşılandı.
Savalan Fərəcov
Mədəniyyət.- 2015.- 27
fevral.- S. 11.