Səyahət və
macəra
Ölkəmiz Los-Anceles turizm sərgisində təmsil olunub
Fevralın 21-22-də
ABŞ-ın Los-Anceles şəhərində
ənənəvi «Los-Anceles Səyahət
və Macəra» beynəlxalq turizm sərgisi
keçirilib. Bu, Birləşmiş
Ştatlarda ən böyük
turizm sərgisidir. Sərgidə ölkəmiz
də təmsil olunub.
Azərbaycanın Los-Ancelesdəki baş konsulluğu tərəfindən qurulmuş stenddə ölkəmizin turizm imkanları barədə bannerlər və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin hazırladığı nəşrlər vasitəsilə ziyarətçilərə geniş məlumatlar verilib. Sərgi iştirakçıları ölkəmizin coğrafi mövqeyi, tarixi, tolerantlıq ənənələri, eyni zamanda zəngin mədəniyyəti barədə məlumat əldə ediblər. Stenddə quraşdırılmış monitorda Azərbaycanın müxtəlif gözəl guşələrini, əsrarəngiz təbiətini, unikal tarixi və memarlıq abidələrini əks etdirən videoçarxlar nümayiş etdirilib.
Sərgi iştirakçılarının Azərbaycan və onun turist mərkəzləri ilə bağlı çoxsaylı sualları cavablandırılıb.
Stenddə qoyulmuş «Qarabağ - Azərbaycanın zinət tacı» (Karabakh - Crown Jewel of Azerbaijan) başlıqlı banner ziyarətçilərin xüsusi marağına səbəb olub. Bannerdə əzəli vətən torpağı olan Qarabağın füsunkar mənzərələri ilə yanaşı, Qarabağ atı, xalçası, Şuşa qalası, Gövhərağa məscidi, Gəncəsər alban monastırı kimi qədim memarlıq abidələrini, eləcə də Qarabağ muğam məktəbinin təmsilçilərini əks etdirən fotolar yerləşdirilib.
Baş konsulluq tərəfindən hazırlanmış Qarabağa dair kitabça da sərgi iştirakçılarına paylanılıb. Kitabçada eyni zamanda Azərbaycanın bu qədim bölgəsinin Ermənistan tərəfindən işğal edildiyi qeyd olunur və bu ərazilərə qanunsuz turist səfərlərinin yolverilməzliyi diqqətə çatdırılır.
Fəxriyyə Abdullayeva
Mədəniyyət.- 2015.- 27
fevral.- S. 9.