“Teatrımız bizi çoxmədəniyyətli dəyərlərə sahib olmaq duyğusu ilə ruhlandırır”

 

Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevin 1news.az saytına müsahibəsi

 

Son iyirmi il ərzində ölkəmizdə teatr sənətinin misli görünməmiş inkişafı bir çox operativ nəşrlərlə müşayiət olunur. Bu tədbirlər barədə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevlə çoxdan gözlənilən müsahibə Azərbaycan Dövlət Musiqili Teatrının binasında keçirilən III Bakı Beynəlxalq Teatr Konfransından sonra heç də təsadüfi olmadı. Konfransın Təşkilat Komitəsinin rəhbəri məhz Ədalət Vəliyev idi. “Teatr sənətinin multikulturalizm universal dəyərlər sistemində yeri” mövzusuna həsr edilmiş müzakirədən sonra dünya tendensiyalarını nəzərə alaraq, qlobal problemlər fonunda müasir Azərbaycan teatrının reallıqları barədə danışmaq istərdim...

 

- Ədalət müəllim, teatr ictimaiyyəti nümayəndələrinin mühüm məsələlərin müzakirəsi üçün üçüncü dəfə məhz Bakıda toplaşması Azərbaycanın nüfuzu və onun ictimai platforması barədə çox şey deyir...

- Çox şey! Siz də artıq xarici ölkə iştirakçılarının birinci və ikinci beynəlxalq teatr konfransları barədə nümayiş etdirdiyimiz videomateriala olan reaksiyasını müşahidə etmisiniz və bu konfranslarda mütəxəssislərlə yanaşı, dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, habelə ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri iştirak ediblər.

- Bu konfransa göstərilən böyük marağı onun “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı çərçivəsində keçirilməsi ilə əlaqələndirmək olar?

- Əlbəttə. Bu, bütün münasibətlərdə özünü büruzə verir! Yaradıcı cəmiyyət yeni düşüncə formalarının axtarışına cəlb olunarsa və dövlətin dəstəyi ilə fəal surətdə çalışarsa, bu zaman nəticələri daha aydın görmək mümkündür.

- Gəlin, konkret arzu olunan və müsbət nəticələr barədə danışaq...

- Onlar haqqında dərhal danışmaq istəyirsiniz?

- Bəli, amma bir az sonra. İlk olaraq, gəlin, multikulturalizmin nə olduğunu müəyyən edək.

- Ümid edirəm, diqqət yetirdiniz ki, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdulla öz çıxışına Azərbaycanın dünyanın hər bir layiqli vətəndaşı üçün çoxmədəniyyətli məkana çevrildiyini deməklə başladı. O, çıxışında vurğuladı ki, multikulturalizm anlayışını eyni zamanda ümumbəşəri və milli dəyərlərin mövcudluğu kimi xarakterizə etmək olar.

- Elə buna görə də teatr gözəl və aydın məkandır?

- Şübhəsiz.

- Başqa sözlə, ümumi qloballaşma fonunda dünya dəyərləri və inteqrasiya proseslərinə diqqət və hörməti nəzərə alaraq, milli tarixi nailiyyətləri orijinallığın təminatçısı kimi möhkəm surətdə qoruyub saxlamaq lazımdır? Bu ki böyük problemdir...

- Təsadüfi deyil ki, sözügedən konfransda dünyanın 47 ölkəsindən təxminən 150 teatr kollektivinin nümayəndələri, mütəxəssislər, eləcə də mədəniyyət və incəsənət xadimləri bir araya gəlmişdi və gözlənilən təcrübə mübadiləsi geniş müstəvidə həyata keçirildi. Axı söhbət üzərimizə düşən böyük məsuliyyətdən gedirdi.

- Və bu cür tədbirlərin keçirilməsinə olan hazırlıqdan?

- Ona görə də Mədəniyyət və Turizm Nazirliyi, Teatr Xadimləri İttifaqı və Azərbaycan Milli Elmlər Akademiyası konfransın təşkilatçıları oldular.

- Məruzələr, çıxışlar, məlumat və mülahizələrdə iştirakçıları ən çox maraqlandıran nə oldu?

- Ümumiyyətlə, bu, dünyanın, demək olar ki, bütün ölkələrində baş verən bir çox proses barədə informasiyadır. Bəli, hər kəs teatr problemini müxtəlif cür görür, lakin əsas təmayül sürətlə dəyişən müasir dünyada inkişafın yeni yollarını tapmaq üçün mütəxəssislərin birləşməsidir.

- Aydındır! Zamanla ayaqlaşmaq və milli özünəməxsusluğu dəyişməmək lazımdır... Maraqlı təcrübə barədə məlumatlar səsləndirildimi?

- Əlbəttə. Konfransa toplaşanlar Azərbaycanda Fransa İnstitutu layihəsinin rəhbəri Elza Furtado, Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyasının sədri İrina Qoqoberidze, Hindistanın Uşaq Teatrları Beynəlxalq Festivalının rəhbəri Ayşia Rau, habelə İran, Hindistan, Kanada və Qazaxıstandan gələn məruzəçilərin bir çox maraqlı məlumatlarına qulaq asdılar. Həmçinin Albaniya, Sinqapur, Finlandiya, Niderland, Almaniya, Kanada, Qazaxıstan və Yunanıstanın nümayəndələri teatr sənətinin üzləşdiyi problemlər barədə çıxış etdilər. “Müasir teatrşünaslıq”, “Rejissor və aktyor sənəti”, “Səhnə qrafikası” mövzularında Ukrayna, Böyük Britaniya, ABŞ və Niderlanddan gələn ekspertlər tərəfindən keçirilmiş treninqlər çox maraqlı oldu...

- Amma biz burada bütün çıxışçıların adlarını və onların çıxışlarının məzmununu sadalamaq niyyətində deyilik - bildiyimiz kimi, siz konfransların gələcəkdə tədqiqi üçün bütün materiallarını dərc edirsiniz.

- Qonaqlar Azərbaycan teatrının təcrübəsi barədə məlumatlara xüsusi diqqətlə qulaq asdılar. Bu barədə söhbətimizə nə deyərsiniz?

- Bizim təcrübəmiz buna dəyər!

- Şübhə edirsiniz məgər? Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti, professor Azərpaşa Nemətov, professor Məryəm Əlizadə, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru, sənətşünaslıq doktoru, professor İsrafil İsrafilov, teatr tənqidçisi Aydın Talıbzadə və bir çox digər şəxslərin çıxışları sizdə təəssürat yaratmadı?

- Onların çıxışları bütün zalda dərin təəssürat oyatdı - mən zaldakıların onlara necə maraqla qulaq asdıqlarını gördüm.

- Onların 142-ci mövsümünü yaşayan milli teatrın xalqımızın mənəvi dəyərlərinin qorunub saxlanması və inkişafı haqqında danışmağa sözləri var.

Bütün bunlar Azərbaycanın müstəqillik qazanması, Prezident İlham Əliyevin böyük dəstəyi ilə bir çox mühüm sənədlərə imza atması sayəsində həyata keçirilir. Bununla yanaşı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva ölkədə teatr sənətinin inkişafı və xaricdə Azərbaycan mədəniyyətinin təbliği istiqamətində böyük işlər görür. O, Azərbaycanın dünyanın iri mədəniyyət mərkəzlərindən birinə çevrilməsinə imkan yaradır.

- Gəlin, nə qədər adi səslənsə də, maddi-texniki bazadan başlayaq...

- Bu, çox aktual mövzudur, xüsusilə ona görə ki, əvvəlki onilliklər ərzində varlı mesenatların gözoxşayan möhtəşəm evləri vəsait çatışmazlığı ucbatından yararsız vəziyyətə düşmüşdü.

- Elə ona görə də əsaslı təmir, hərtərəfli, böyük vəsait tələb edən bərpa işlərinin aparılması, bünövrənin möhkəmləndirilməsi, dam örtüyü və kommunikasiyaların əvəzlənməsi, interyerlərin yenidən planlaşdırılmasına zərurət yarandı. Statistika bunu necə də aydın göstərir...

- Statistika göstərir ki, son səkkiz il ərzində ölkədə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, Azərbaycan Dövlət Musiqili Teatrı, Azərbaycan Dövlət Rus Dram Teatrı, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, Azərbaycan Dövlət Kukla Teatrı, Mingəçevir Dövlət Dram Teatrı, Şəki Dövlət Dram Teatrı kimi tarixi binalar bərpa edilmişdir. Füzuli Dövlət Dram Teatrı və Ağdam Dövlət Dram Teatrı yeni binalarla təmin edilmişdir. Sumqayıt Dövlət Musiqili Dram Teatrı, “Yuğ” Dövlət Teatrı, Azərbaycan Dövlət Pantomima Teatrı, İrəvan Dövlət Azərbaycan Dram Teatrı və Şuşa Dövlət Musiqili Dram Teatrına xüsusi binalar ayrılmaqla yanaşı, Heydər Əliyev Mərkəzi, “ÜNS” Teatrı kimi yeni yaradıcılıq səhnələri yaradılıb. Hələ Teatr Xadimləri İttifaqının və Gənc Tamaşaçılar Teatrının binalarında avadanlıqlarla təchiz edilmiş kiçik səhnələr haqqında demirəm. Səhnələr gənc rejissorlar və aktyorlar üçün geniş imkanlar açır.

Həmçinin, qeyd etmək lazımdır ki, ölkənin bütün teatrları dövlətin tam subsidiyasına malikdir - yenidən təşkil olunma xərcləri, əməkhaqları, qastrolların maliyyələşdirilməsi və stajkeçmələri dövlət öz üzərinə götürmüşdür.

- Bəli, gözü olan bunu görməlidir... Gəlin, yaradıcılıq məsələlərinə keçək.

- Məmnuniyyətlə. Hərçənd, bu mövzu çox genişdir. Elə ona görə də dramaturgiyanın problemləri, rejissor və aktyor axtarışlarının üzərindən ötəri keçmək lazım deyil, çünki tamaşaçılarda klassik irsə marağın oyanmasına və gənc nəsli narahat edən hadisələrin interpretasiyasına imkan verir.

- Heç də sadə olmayan səylər nəticəsində...

- Allaha şükür ki, hətta ən böhranlı illərdə Melpomenaya sədaqətlə xidmət edənlər ən yaxşı ənənələri qoruyub saxlaya bildilər və bu, teatrın sona qədər tab gətirməsinə imkan yaratdı, geniş auditoriyanın ona qarşı marağının yaranmasına səbəb oldu. Siz özünüz bunun necə baş verdiyini çox gözəl müşahidə edirsiniz...

- Mən teatrda ən yaxşı dəyişikliklərin indiyə qədər görünməmiş yaradıcılıq azadlığı sayəsində baş verdiyini düşünməkdə haqlıyammı?

- Haqlısınız və məsələnin kökünə varırsınız... Dəyişikliklər müstəqil Azərbaycanda iqtisadi və ən əsası ideoloji dəyişikliklərdən və senzuranın ləğvindən sonra başladı, yaradıcı ziyalıların ən cəsarətli nümayəndələri dövlətin dəstəyi çərçivəsində xüsusi konsepsiyalar ilə teatrın yaradılması barədə düşüncələrini həyata keçirə bildilər.

- O zaman öz sənət kredoları ilə seçilən insanların cəsarəti cəmiyyəti valeh etdi!

- Çox çətin idi, lakin bu, insanları dayandırmadı, əksinə, onları daha da ruhlandırdı və həvəsləndirdi. Vaqif İbrahimoğlu “Yuğ” teatrını, Hüseynağa Atakişiyev Gənclər teatrını, Bəxtiyar Xanızadə Pantomima teatrını, Amaliya Pənahova Bələdiyyə teatrını, istedadlı rejissor Cənnət Səlimova isə Azərbaycanın Xalq artisti İrina Perlova ilə birlikdə Bakı Kamera Teatrını yaratdılar.

- Yaradıcılıq müstəqilliyi - üzərində inkişafın mümkün olduğu məhək daşı, həm də böyük etimad və böyük məsuliyyətdir...

- Bunun naminə bizim korifeylər tamaşaçıları hansısa çardaq məkanlarına toplayaraq kamera repertuarı ilə sarsıdaraq düşünməyə məcbur edirdi. Pantomima teatrı vağzalda uzun illər dəmiryolu kassalarının mövcud olduğu yerlərdə fəaliyyət göstərirdi. Mərhum Vaqif İbrahimoğlu köhnə hamam günbəzləri altında “Yuğ” teatrının səhnəsini və tamaşaçı zalını yaratdı!

- Bu, teatrın yaradıcı ziyalılar üçün görüş yerinə çevrilməsinə mane olmadı. Bu gün də bu ənənə davam edir.

- Bir çox dəlillər mövcuddur ki, onun truppası öz üslubunu və tamaşaçılarını taparaq proqramlaşdırılmış orijinallıq ilə vəhdət təşkil edən xüsusi aura yaratdı. Pantomima teatrı sanki ibadətgaha çevrildi və onun premyerası tez-tez sensasiyalara səbəb olur.

- Amma Gənclər və Bakı Kamera teatrları isə müstəqil kollektivlər kimi öz fəaliyyətlərini dayandırmışdır...

- Onlar bir truppada birləşərək Gənc Tamaşaçılar Teatrının tərkibinə daxil oldular. (Bu haqda fikirləşənlər azdır.)

- Və öz simalarını itirdilər!

- Eləmi? Bu, həqiqətən də, sadə qərar deyildi, lakin zənnimcə, özünü tam doğrultdu. Birincisi, teatr zəngin bədii tərtibat verilmiş fasada, estetik dizaynlı, gözə xoş gələn interyerə, rahat tamaşaçı zalına, komfort geyim-qrim otağı və məşqlər üçün auditoriyaya malikdir. Bura həmçinin rekvizit və dekorasiyaların hazırlandığı, böyük tamaşalar üçün kostyumların tikildiyi emalatxanadır və burada teatrın öz repertuarını genişləndirməsi və yeniləməsi, habelə böyükdən kiçiyə qədər olan tamaşaçılarını sevindirməsi, əzizləməsi və tərbiyə etməsi üçün zəruri olan bütün işlər həyata keçirilir...

- Biz fəxr edirik ki, şəraitsizlik həmin gənc kollektivləri bənzərsiz repertuarı və öz dəst-xətti ilə seçilən mədəniyyət ocaqlarına çevirməsinə mane olmadı. İstedadlı aktyorlar nəslinin yetişməsinə, sədaqətli tamaşaçıların formalaşmasına səbəb oldu...

- Belə də oldu və bununla fəxr etməyinə dəyər. Lakin nəzərə almaq lazımdır ki, onlar intensiv və şövqlə çalışaraq iyirmi il müddətində yoxsulluqla barışmalı oldular! Unutmamalıyıq ki, hazırda teatr dünya standartına uyğun mexanikləşdirilmiş və təkmilləşdirilmiş akustika və kondisiyalaşdırılmış hava sisteminə malik səhnə olmaqla yeni səs avadanlıqları və işıqlandırma sistemləri ilə təchiz edilmişdir və bütün bunlar tamaşaların müasir səviyyəsini təmin edir.

- Başa düşürəm ki, yenidənqurma təkcə keyfiyyətli dam örtüyü və komfort demək deyil, bu, yaradıcılıq bayramıdır.

- Və daima yeniləşən, maraqlı repertuar.

- Burada repertuarın sadalanmasının üstündən keçmək olmaz - o çox genişdir, lakin bəzən özünü doğrultmur...

- Bəli. Mövsüm ərzində bu və ya digər truppa orta hesabla on premyera nümayiş etdirir. Bizim teatrlarda Elçin, Əli Əmirli, Kamal Abdulla və digər indiki dramaturqların pyesləri ilə yanaşı, milli klassiklərin əsərləri də tamaşaya qoyulur. Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Cəfər Cabbarlı, Əbdürrəhim bəy Haqverdiyev, İlyas Əfəndiyev kimi dramaturqların, hətta Nizami Gəncəvinin əsərlərinə olan maraq azalmır. Teatrlar dünyanın şah əsərlərinin tərcüməsinə tez-tez müraciət edirlər. Praktik olaraq daim kimsə növbə ilə Şekspir, Molyer, Bomarşe, Brext, Şiller, İbsen, Puşkin, Dostoyevski və Çexovun, eləcə də dünya şöhrətli müasir müəlliflərin əsərlərini tamaşaçılara təqdim edir.

- Və ciddi ziddiyyətlər... Bir tərəfdən zalda gülüşə səbəb olan və digər tərəfdən isə Nobel mükafatı laureatı Samuel Bekketin “Qodonun intizarında” pyesinə, məşhur braziliyalı dramaturq Qilyermo Fiqeyredonun “Ezop” (“Tülkü və üzüm”) və Sofoklun “Çar Edip” əsərlərinə həsr olunmuş tamaşalar... Ustad dramaturqların fəlsəfi fikirlərinin daxil olduğu bu cür mürəkkəb əsərlər bizim tamaşaçılarımız tərəfindən asan başa düşülürmü?

- Nəzəri olaraq, belə demək olmaz. Lakin siz özünüz də şahidi olmusunuz ki, bizim cəmiyyət rejissorların bu cür pyeslərə müraciətini tamaşaçılara hörmət əlaməti kimi başa düşür. Tamaşaçıların etimadını qazandığını görən teatr, ümumiyyətlə, insanlara konkret personajların problemlərinə diqqət yetirməyi öyrətməklə yanaşı, mürəkkəb məsələlərin ayırd edilməsi zərurətini yaradır.

- Teatra istirahət etmək, gülmək və qəbahətli zarafatlara qulaq asmaq üçün gedənlər də?

- Təcrübə göstərir ki, hər bir insanın tez-tez teatra getməsi və onu həyat tərzinin ayrılmaz hissəsinə çevirməsi zəruridir, çünki, o, burada belə qənaətə gəlir ki, insana erotika və bayağılıq deyil, ağıllı düşüncələrlə tanışlıq, ləyaqətli davranışların nümayişi xüsusi zövq verir. İnsanın xarakteri, davranışı və həyat tərzi formalaşır, ümumiyyətlə, yeni düşüncələrə maraq oyanır.

- Belə bir yanaşma yaranana qədər tamaşaçıları fərsiz və zəhlətökən şlyagerlərin köməyilə cəlb etmək olar - teatrların maliyyə müstəqilliyi onları tamaşa effektlərinin və çox da müdrik olmayan süjetlərin hesabına kassa yığımlarının qayğısına qalmağa məcbur edir.

- Müəyyən mənada bu da teatra lazımdır. Komediya böyük teatr janrıdır, gülüş isə teatrın böyük silahıdır.

- Göz yaşlarına səbəb olan komediyalar da vardır...

- Çexovu nəzərdə tutursunuz?

- Onu da həmçinin. Lakin mən başqa məsələni nəzərdə tuturam: bu gün də elə insanlar vardır ki, senzuranı, müxtəlif bədii şuraları həsrət ilə xatırlayırlar...

- Siz yəqin ki, bizim hamımızın tənzimlənən ideologiyaya baxdığımız zaman deyirsiniz, o zaman ki, bir-birimizdən dönə-dönə soruşurduq: “Hakimlər kimdir?”. Görünür ki, senzuranın olmaması hər bir teatr xadiminin şəxsi məsuliyyəti və mənəvi səviyyəsini meydana çıxarır.

- Bəs Mədəniyyət və Turizm Nazirliyinin məsuliyyəti, peşəkarların nəzarəti barədə nə deyə bilərsiniz?

- Müstəqillik cəmiyyətin ən dəyərli nailiyyətidir və nazirlik yaradıcılıq proseslərinə nəzarət funksiyalarını yerinə yetirir. Nazirlik mənəvi baxımdan baş verən hər bir hadisəyə təsir etmək imkanına malikdir.

- Bu necə olur?

- Siz, şübhəsiz ki, dövlət sifarişləri sistemi barədə eşitmisiniz?

- Nazirlik yeni tərtibatlara çəkilən xərcləri öz üzərinə götürəndə?

- Bəli. Bu, dəyərli layihələrin təşviqi və dəstəyi çərçivəsində həyata keçirilir. İnanın ki, bu, repertuar siyasətinə yönəlmiş uğurla seçilən diqqət formasıdır. Bu gün ciddi teatrla əlaqədə olan tamaşaçılar təkcə faydalı bilik və stimul əldə etmir, həmçinin rejissorların, aktyorların və səhnə texnikasının interpretasiyasında bu biliklərlə tanış olmaq imkanını qiymətləndirirlər. Son dövrlərdə dövlətin sifarişi ilə ölkə teatrlarında 170-dən artıq tamaşa səhnəyə qoyulub.

- Novatorluq üçün böyük sahə...

- Təsadüfən deyilməyib ki, zaman ən yaxşı novatordur.

- Həm forma, həm də məzmununa görə!

- Qarşılıqlı mübadilə işləri artıq böyük vüsət alıb. Əvvəllər də qastrol səfərləri təşkil olunurdu, indi isə bu, başqa rejimdə edilir. Bizim teatrlar daha tez-tez respublikanın şəhərlərində və Azərbaycanın hüdudlarından kənarda öz işlərini göstərir, beynəlxalq müsabiqələrdə iştirak edirlər, ölkəyə mükafatlar gətirirlər. Hətta tanınmış A.P.Çexov adına beynəlxalq teatr festivalı çərçivəsində bakılılar çox nadir tamaşalara - görkəmli Çaplinin nəvəsinin ifasında "Aurelianın Oratoriyası" və "Eluaz" Kanada sirkinin təqdimatında çox maraqlı "Yağış" performanslarını seyr etmişdilər. Bu bahalı qastrollar yalnız estetik zövq vermədi, həm də Azərbaycan tamaşaçısına və peşəkarlara müasir teatrdakı yenilikləri görməyə imkan yaratdı. Böyük ulduzların iştirakı ilə keçirilən tamaşalarla yanaşı, "Aida" tamaşasında unudulmaz Yelena Obraztsovanın çıxış etməsi, Aleksandr Kalyagin və Yevgeni Knyazevin ölkəmizə səfərləri bizim üçün yenilik olmuşdur. Tamaşaların quruluşuna xarici ölkələrdən məşhur rejissorlar cəlb olunmuşdur və onların işləri bütün iştirakçılar üçün peşəkar hesab edilir. Xarici həmkarlarımızı layiqincə dəyərləndiririk və son zamanlar 28 müxtəlif ölkədən rejissorlar dəvət etmişik. Bizim teatrda rejissor və aktyorların bir-birinin layihələrində iştirak etməsinin çox böyük bəhrəsi olur. Ümumi tonda bizim üçün yaradıcılıq mübadiləsi yüksək effekt verir. Təəssüf ki, burada ən uğurlu layihələri sadalamağı özümə rəva bilmərəm - bu, çox vaxt aparacaq. Lakin Gənc Tamaşaçılar Teatrının aktyoru Şövqi Hüseynovun Üzeyir Hacıbəylinin “Məşədi İbad” musiqili komediyasında milli klassikanın bənzərsiz qəhrəmanını canlandırmasını deməyə bilmərəm. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Elçinin böyük aktyor Hüseyn Ərəblinskiyə həsr etdiyi pyes əsasında rejissor İranə Tağızadənin Rus Dram Teatrının üç aktyorunun iştirakı ilə hazırladığı tamaşa hər mənada tərifəlayiqdir.

- Bu, teatrın yaradıcılıq imkanlarını genişləndirir və stimullaşdırır?

- Təkcə bu deyil. Bu, həm də kiçik səhnələrin rəsmi açılış təcrübəsidir, bu isə sınaqlar üçün bir meydandır.

- Mən dəfələrlə tamaşaçıların heyranlıqla GTT-nin və Teatr Xadimləri İttifaqının kiçik səhnələrində gənc rejissorların ilk və mono tamaşalarını izlədiklərinin şahidi olmuşam.

- Bu da zamanın əlamətidir. Bu formatda aktyorların tamaşaçılarla mürəkkəb məsələlər barədə birbaşa danışması üçün xüsusi imkanlar yaranır və onlar tamaşaçıları təkcə teatra cəlb etmir, həm də onlara həyat fəlsəfəsini başa salır, düşünmək, dərk etmək, müzakirə etmək, prioritetləri anlamaq və yaxşılığa inanmağa şövq edirlər.

- Bildiyimə görə, yaradıcılıq işinin bu forması istedadların şəxsi təşəbbüsü ilə baş verir.

- Belə bir təşəbbüs teatr rəhbərlərindən, təcrübəli sənətkarlardan hər cür dəstək tapır. Lakin son zamanlar, bilmirəm, necə daha dəqiq deyim, müasir tendensiyaları mənimsəyən və yeni nəsil tamaşaçılar tərəfindən eşidiləcəyinə, başa düşüləcəyinə və dəstəklənəcəyinə əmin olaraq, ərklə müraciət edən istedadlı gənclərin yaradıcılıq imkanlarının genişlənməsi üçün çox işlər görülür. Ustadlarının təcrübəsini mənimsəyənlər XXI əsrdə gələcəyə doğru daha inamlı addımlarla irəliləyəcəklər.

- Nəyi nəzərdə tutursunuz?

- 117 il bundan əvvəl yaradılmış və istedadlı gənclərin bütün təşəbbüslərinə dəstək verməyi özünə borc hesab edən Teatr Xadimləri İttifaqı gənc dramaturqlar üçün “Mirzə Fətəli Axundzadə dərsləri” adlı laboratoriyasını açmışdır. Bu laboratoriyada məşhur dramaturqlar və rejissorlar hər ay müntəzəm ustad dərsləri keçirlər. Laboratoriyaya dramaturgiyada öz üslubunu sınaqdan keçirən gənclər, həmçinin, nəsrdə uğurlar qazanan gənc yazıçılar cəlb edilib. Laboratoriyadakı işlər sayəsində gənc dramaturqların pyesləri Beynəlxalq Teatr İttifaqları Konfederasiyasının Moskvada nəşr olunan məcmuəsində dərc olunub. Teatr Xadimləri İttifaqının nümayəndəliyi ilə gənc dramaturqlar, teatrşünaslar və rejissorlar MDB ölkələri, Baltikyanı ölkələr və Gürcüstandan gələn gənclərin Moldovanın paytaxtı Kişineuda keçirilən “Teatr forumu”na qoşuldular. Ötən ilin fevral ayında Xalq artisti, professor Cənnət Səlimovanın rəhbərliyi ilə fəaliyyətə başlayan “Rejissorluq laboratoriyası”nda hər həftə dərslər keçirilir və bu dərslər iştirakçıların mühüm uğurlar əldə etməsinə imkan verir. Ölkənin tamaşaçıları və Beynəlxalq Teatr İttifaqları Konfederasiyasının adından Bakıya gələn Ekspert Şurasına “rejissorluq laboratoriyasının festivalı” təqdim olundu. Bu festival “Rejissorluq laboratoriyası”nın bazasında təşkil edilmiş və digər teatrlarda çalışan gənc rejissorların tamaşalarını əhatə etmişdir.

Ötən ilin fevral ayında məşhur teatrşünaslar Məryəm Əlizadə və Aydın Talıbzadənin rəhbərliyi ilə “Gənc teatrşünaslar laboratoriyası” fəaliyyətə başladı. Bu laboratoriyada ustad dərslərinin keçirilməsi ilə yanaşı, gənc teatrşünaslar tərəfindən yeni elmi tədqiqatların aparılması üçün xüsusi imkanlar yaradılır.

Professor Azərpaşa Nemətov III Beynəlxalq Teatr Konfransında çıxışı zamanı qeyd etmişdir ki, Teatr Xadimləri İttifaqı gələcəkdə dövlətimizin mədəniyyət və milli teatrın inkişafı sahəsindəki siyasətinin həyata keçirilməsi üzrə fəaliyyət göstərməklə bərabər, yüksək mənəvi və estetik dəyərlərə və müasir düşüncə tərzinə uyğun yeni layihələr işləyib hazırlayacaqdır.

- Mən söhbətimizin bu cür ətraflı və geniş olacağını gözləmirdim və bilirəm ki, bizim ənənələr nə qədər zəngindir və gənclər daha çox öyrənmək istəyirlər.

- Və danışmaq, müzakirə etmək! Bu gün də özünəməxsus tərzdə.

- Təşkilat Komitəsinin sədri kimi keçirildiyi müddət ərzində bir çox maraqlı müqavilələrin imzalandığı III Beynəlxalq Teatr Konfransını bağlı elan edərək siz əminliklə iştirakçıları 2016-cı ildə Bakıda keçiriləcək IV Beynəlxalq Teatr Konfransına dəvət etdiniz. Bu cür görüşlər və təcrübə mübadiləsi sadəcə tədbir xatirinə təşkil edilmir, bunlar olduqca zəruridir.

- Deyirlər ki, teatr təkcə cəmiyyətin güzgüsü deyil, həm də böyüdücü şüşədir. Həyat isə olduqca müxtəlifdir və bir yerdə dayanmayaraq yeni problemlərin yaranmasına səbəb olur. Bəlkə bu söhbəti davam etdirək...

- İnşallah! Biz bir çox bənzəri olmayan təfsilatları bir qədər yada saldıq. Çox sağ olun...

 

Qalina Mikeladze

 

Mədəniyyət.- 2015.- 27 fevral.- S. 6-7.