"Xocalı - unudulmayan tarix"
Fevralın 25-də Azərbaycan Xalça Muzeyində Xocalı faciəsinin 23-cü ildönümü ilə bağlı tədbir keçirilib. "Xocalı - unudulmayan tarix" adlı tədbir Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Kino xidməti idarəsi, “İdrak” liseyi, muzeyin Şuşa filialı şöbəsi, kütləvi iş şöbəsi və muzeyin nəzdində fəaliyyət göstərən uşaq muzeyinin birgə təşkilatçılığı ilə hazırlanıb.
Azərbaycan Xalça Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, professor Röya Tağıyeva qonaqları salamlayaraq gənc nəslə vətənpərvərlik hissini aşılamaq, onları milli ruhda tərbiyə etmək məqsədilə bu cür tədbirlərin əhəmiyyətini vurğulayıb.
Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, Milli Məclisin deputatları Vahid Əhmədov, Fazil Mustafa, Ombudsman aparatının mətbuat xidmətləri idarəsinin rəhbəri Zemfira Məhərrəmli, Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Kino xidməti idarəsinin rəisi Gültəkin Nəriman və “İdrak” liseyinin direktoru Mövsüm Alışov Xocalı faciəsinin tariximizdəki yerindən, bu hadisənin gələcək nəsillərin yaddaşında əbədi yaşaması üçün bədii əsərlərin, kino nümunələrinin əhəmiyyətindən bəhs ediblər.
Kino xidməti idarəsinin Xocalı hadisələrindən
söz açan
"92-ci ilin qarı" sənədli filmi nümayiş olunub. “İdrak” liseyi və Füzuli rayonu 2 saylı orta məktəbin
şagirdlərinin soyqırımı ilə bağlı səhnəciklər
və Xan Şuşinski
adına muğam məktəbinin
şagirdləri musiqi nömrələri
ilə çıxış ediblər. Azərbaycan Xalça Muzeyinin uşaq muzeyi tərəfindən
müxtəlif yaş qruplarına aid interaktiv oyunlar keçirilib.
Mədəniyyət.- 2015.-27
fevral.- S. 4.