Yaddaşlarda yaşayan Xocalı”

 

Fevralın 25-də Muzey Mərkəzində Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı və Azərbaycan Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə “Yaddaşlarda yaşayan Xocalı” adlı sərginin açılış mərasimi keçirildi.

 

Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev erməni hərbi birləşmələrinin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törətdikləri soyqırımı haqqında danışdı, bu qətliamın bəşər tarixinin ən dəhşətli cinayətlərindən biri olduğunu vurğuladı. Qeyd olundu ki, Xocalıda 613 nəfər amansızcasına qətlə yetirilib. Onlardan 63-ü uşaq, 106-sı qadın və 70 nəfəri qoca olub, 8 ailə tamamilə məhv edilib.

Nazir müavini Ermənistanın hərbi təcavüzü nəticəsində ölkəmizə külli miqdarda maddi və mənəvi ziyanın dəydiyini bildirdi: “İşğal altında olan 20 faiz torpaqlarımızda 1500-dən çox tarixi abidə, 4 dövlət teatrı, 26 muzey, 85 musiqi məktəbi dağıdılmış, kitablar, nadir əlyazma nümunələri və digər mədəniyyət nümunələri məhv edilmişdir”.

Xocalı faciəsinə həsr olunmuş sərginin əhəmiyyətini yüksək qiymətləndirən Ədalət Vəliyev belə tədbirlərin hər il təşkil olunduğunu bildirdi. Vurğuladı ki, budəfəki sərgidə rəssamlar Xocalı soyqırımını daha dolğun şəkildə çatdırmağa çalışıblar. Qeyd olundu ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində bu qanlı faciə ilə bağlı dünyanın bir çox ölkəsində tədbirlər təşkil olunur, sərgilər keçirilir, həqiqətlər dünya ictimaiyyətinə çatdırılır.

Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov da bu mövzuda sərginin bir neçə ildir keçirildiyini, təqdim edilən əsərlərin müsabiqə yolu ilə seçildiyini vurğuladı. Bildirdi ki, sərgi Xocalı faciəsinin, zaman-zaman azərbaycanlıların başına gətirilən faciələrin, soyqırımı faktlarının bədii təcəssümü, eyni zamanda, xalqımızın müstəqillik, ərazi bütövlüyünün qorunması yolunda göstərdiyi mübarizə əzminin nümayişi və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi məqsədilə keçirilir.

Sonra əl işlərinə baxış keçirildi. Sərgidə 62 rəngkarın 71, 23 qrafika rəssamının 28 əsəri, habelə 10 heykəltəraşın 12, 10 dekorativ-tətbiqi sənət ustasının 12 əl işi nümayiş olunur. Sərgi fevralın 27-dək davam edəcək.

 

Fariz Hüseynov

 

Mədəniyyət.- 2015.- 27 fevral.- S. 3.